Azərbaycanda hansı yollar ödənişli olacaq? - Anar Nəcəfli ilə MÜSAHİBƏ

"Bakı şəhərində 100-dən artıq yeraltı və yerüstü piyada keçidləri var".

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri, tanınmış aparıcı Anar Nəcəfli müsahibə verib.

AzNews.az BiG.AZ-a istinadən müsahibəni təqdim edir:

- Anar bəy, bir neçə gün bundan öncə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində evlər və iaşə obyektləri ilə yanaşı yol infrastrukturuna da ziyan dəyib. Hazırda Şamaxıda vəziyyət necədir?

- Zəlzələ nəticəsində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxıdan keçən və 10-dan artıq hissəsində çatlar əmələ gəlib. Bundan əlavə Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar qeydə alınıb. Əməkdaşlarımız həmin ərazilərə baxış keçiriblər. Dəymiş ziyanın aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atılmağa başlanılıb.

- Zəlzələ nəticəsində Bakıda yollara da zərər dəyibmi?

- Bilirsiniz ki, zəlzələ fevralın 5-də axşam saatlarında Şamaxı və İsmayıllıda baş verib. Zəlzələ orada baş verdiyinə görə də ziyan həmin rayonlarındakı yollara dəyib. Bakıdakı yollara ziyan dəyməyib.

- Piyada keçidlərindəki eskalatorların işlək vəziyyətdə olmaması bir çoxlarının narazılığına səbəb olur. Həmin eskalatorların təmirinə nə zamandan başlanılacaq?

- Bakı şəhərində 100-dən artıq yeraltı və yerüstü piyada keçidləri var. Həmin piyada keçidlərin bir çoxu eskalatorla təmin edilib. Eskalatorlar işlək mexanizmlə çalışırlar. Onlar işlədikcə müəyyən hissələri sıradan çıxır. Onun aradan qaldırılması üçün bizim əməkdaşlarımız çalışırlar. Təmir olunandırsa təmir edirik, təmir edilməsi mümkün deyilsə eskalatorların ehtiyat hissəsi bizdə istehsal olunmadığından xaricdən sifariş olunur. Təbii ki, ehtiyat hissələrin Bakıya gətirilməsi üçün müəyyən vaxt tələb olunub. Həmin zaman ərzində eskalatorlar işləməyə bilər. Amma biz çalışırıq ki, problem tez aradan qaldırılsın. Çünki piyadaların rahat hərəkət etməsi bizim üçün çox önəmlidir.

- Bilirsiniz ki, ağır yük maşınları yol infrastrukturuna əsaslı ziyan vurur. Bundan əlavə, ağır yük maşınları tıxaca da səbəb olur. Onlar üçün ayrı bir yolun çəkilməsi mümkündürmü?

- Qeyd edim ki, ağır yük maşınlarının günorta saatlarında şəhərə girişi qadağandır. Onlar ancaq gecə saatlarında şəhərdə hərəkət edə bilərlər. Günorta saatlarında yük maşınları şəhər ətrafı yollara yönəldilir. Təəssüf ki, bəzən yeni təmir olunmuş yolları yük maşınları sıradan çıxarır. Bu zaman vətəndaşlar bizim agentliyi günahlandırır. İddia edirlər ki, yollar keyfiyyətsiz çəkilir. Lakin bu, belə deyil. Burada insan faktoru əsas rol oynayır. Çünki yük maşınların sahibləri bir istiqamət üzrə iki yük maşınının daşıdığı yükü artıq xərc çəkməsin deyə bir yük maşını ilə daşıtdırır. Yay aylarında bilirsiniz ki, asfalt örtüyü qızır və yumşalır. Yük maşını həmin asfaltda hərəkət edən zaman bəzi deformasiyalara səbəb olur. Bu zaman da yük maşınları həmin yollara ziyan vururlar.

- Anar bəy, bir çox ölkələrdə təcili yardım və yanğınsöndürən maşınları üçün ayrı yollar ayrılır. Bunu bizdə də etmək mümkündürmü?

- Bilirsiniz ki, şəhər küçələrində yollar ensizdir. Onu dəyişmək mümkün deyil. Şəhər infrastrukturu kifayət qədər geniş inkişaf etdirilib. Kənarlarında binalar inşa edilib. Böyük prospektlərdə bu mümkündür. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturu yenidən qurulan zaman yol kənarlarında avtobusların hərəkəti üçün xüsusi zolaqlar çəkilib. Həmin zolaqlar təkcə avtobusların hərəkəti üçün deyil, həm də operativ nəqliyyat vasitələri üçün də nəzərdə tutulub.

- Ələt-Astara yolunun 31-204-cü kilometri ödənişli olacaq. Siz verdiyiniz açıqlamada artıq bununla bağlı müraciət etdiyinizi bildirmişdiniz. Bu yol nə zamandan ödənişli olacaq?

- Həmin yol ötən il istifadəyə verilib. Bu ilin sonlarına kimi bütün işlər sonlandırılacaq. Orada nəzarət buraxılış məntəqələrinin quraşdırılması, həmin hissədə yolun genişləndirilməsi, giriş-çıxış hissələri tikilməlidir. Bütün bu işlər sonlandırılandan sonra onun ödənişli olması ilə bağlı addımlar atılacaq. Aidiyyatı qurum tərəfindən ödənişin miqdarı müəyyənləşəcək. Yük maşını ilə minik avtomobili arasında fərqlər olacaq. Yük maşınları daha çox məbləğ ödəyəcək. Amma aralarındakı fərq kiçik olacaq. Sürücülər ciblərinə çox ziyan vermədən o yoldan istifadə edə biləcəklər. Əsas odur ki, yol daha rahat və təhlükəsiz olacaq. Bundan əlavə, bu yol sürücülərə daha tez mənzil başına çatmasına imkan verəcək. Qeyd edim ki, bir istiqamət üzrə giriş-çıxış hissələrində 4 nəzarət buraxılış məntəqələri fəaliyyət göstərəcək. Onlardan ikisi sürətli keçid üçündür. O yoldan tez-tez istifadə edən sürücülər xüsusi kartlar alacaq. Həmin kartlarda ciplər quraşdırılır. Onu şüşəyə yapışdırdıqda maşın nəzarət buraxılış məntəqəsinə yaxınlaşan zaman sistem onu tanıyacaq və bununla sürücülər o yoldan keçə biləcəklər. 2 buraxılış məntəqəsi isə az-az hallarda o yoldan istifadə edən sürücülər üçün olacaq. Onlar kartı alıb ödəniş etdikdən sonra o yoldan istifadə edə biləcəklər. Yəqin ki, bu ilin sonuna, gələn ilin əvvəlinə kimi bu işlər sonlandırılacaq.

- Anar bəy, Ələt-Astara yolundan başqa hansı yolların rəsmi olaraq pullu olacağı gözlənilir?

- İkinci olaraq, Bakı-Quba Rusiya sərhədinə doğru yeni inşa olunan yol var. Həmin yolun tikintisinin 2021-ci ilə qədər yekunlaşması nəzərdə tutulub. Həmin yolun da ödənişli olması nəzərdə tutulur. Yol hazır olunandan sonra konkret qərarlar veriləcək.

- Anar bəy, bildiyimiz qədər Naxçıvanda hərbi xidmətinizi başa vurduqdan sonra iki ilə yaxın fəhlə işləmisiniz. Daha sonra ANS televiziyasında cinayət işi proqramında müxbir kimi fəaliyyətə başlamısınız. Jurnalistikaya gəlişiniz və yüksəlişiniz barədə məlumat verərdiniz.

- Məktəbi bitirib Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. 4 il orda təhsil aldıqdan sonra hərbi xidmətə yollandım. Hərbi xidmətimi Naxçıvan Muxtar Respublikasında çəkmişəm. 2002-ci ildə hərbi xidmətdən qayıdan zaman ixtisasıma uyğun iş tapmaqda çətinlik çəkdim. Məhz buna görə 2 il tikintidə fəhlə kimi çalışdım. Fəhlə işləyən zaman çalışırdım ki, mətbuatla əlaqə yaradım. Çünki qrup yoldaşlarımın arasında müxtəlif televiziyalarda çalışanlar var idi. Daha sonra televiziyada işləmək imkanı yarandı. Belə ki, ANS-də "Cinayət işi" verilişinə müxbir axtarılırdı. Müraciət etdim. Bir müddət burada çalışdıqdan sonra "İç xəbər"ə keçdim. Orada da 4-5 ay stajçı müxbir kimi davam elədim. 5 aydan sonra işçi kimi fəaliyyətə başladım. Bir müddətdən sonra müxbir, daha sonra aparıcı-müxbir kimi 4-5 il orada çalışdıqdan sonra iş yerimi dəyişdim. Sonra "Burc FM" radiosunda bir müddət xəbər aparıcısı kimi çalışdım. Bir müddətdən sonra Xəzər televiziyası yaradıldı. Bir müddət gündüz xəbərlərinin, sonradan əsas xəbərlərin aparıcısı kimi çalışdım.

- Müxbir kimi fəaliyyət göstərdiyiniz zaman hansı çətinliklərə qarşılaşmısınız?

- Çox hadisələr olub. Muxbir kimi çalışdığım verlişlər əsasən sosial yüklü, krimnal hadisələrlə bağlı xəbərlər verilirdi. Ən çox poroblemlərlə bağlı hadisələrlə qarşılaşırdıq. Problemlərlə bağlı çəkilişlərə gedən zaman üzərimizə hücum çəkən insanlar olurdu. Hətta bizi vurmağa, döyməyə çalışırdılar. Bu o demək deyil ki, biz jurnalist olaraq belə hallarla qarşılaşanda həvəsdən düşməliyik. Tez bir zamanda işi yarı yolda qoymalıyıq. Əksinə, belə hallar insanları işinə daha da bağlamalıdır. Çalışmalıdır ki, daha çox nailiyyətlər əldə etsin. Bir yerdə saymaq olmaz. Hər hansı işdə çalışmalıyıq ki, yenilik edək.

- Siz Azərbaycan televiziyasında yayımlanan xəbər verilişində yenilik etdiniz. İlk dəfə olaraq siz xəbərlərə mimika və jestləri gətirdiniz. Bu rəhbərliyin göstərişi idi, yoxsa sizin fikriniz idi?

- Təbii ki, televiziya rəhbərliyi istəməsə onu etmək mümkün deyil. Həm də mən özümü sərbəst hiss edirdim. Xəbərləri sərbəst, insanların anlayacağı dildə çatdırmaq lazımdır. Quru halda çatdıran zaman insanlar bezir. Tez kanalı çevirir. Aparıcıya baxmırdılar. Biz istəyirdik ki, aparıcıya görə də insanlar xəbərlərə baxsınlar. Çalışırdıq ki, bütün yaş qrupların marağını çəkək. İnsanlarımız xəbərlərə maraqla baxırdı. İstər aparıcının sözləri, istərsə də xəbərlərin təqdimatı önəmlidir. Aparıcı növbəti xəbəri yaşayaraq təqdim etməlidir ki, tamaşaçı ona baxsın. Yoxsa quru-quru xəbəri təqdim etmək keçmişdə qalıb. Bizdən sonra digər kanallarda da bu istiqamətdə dəyişikliklər olar.

- O dövrdə sizi tənqid edənlər oldumu?

- Hər hansı bir yenilik olanda mütləq şəkildə tənqid olunur. İnsanların yeniliyə alışması üçün müəyyən zaman lazım olur. Amma etdiyin yeniliyi sevdirə bilirsənsə münasibət dəyişir. Təbii ki, məni aparıcı kimi sevənlər də, sevməyənlər də var idi. Bu normaldır. Sağlam tənqidə qulaq asıb iradlardan nəticə çıxarmaq lazımdır. Mən aparıcı olaraq bu gün bütün sağlam iradlardan nəticə çıxarıram. Kimsə sənə irad göstərirsə, deməli, səni izləyir, fəaliyyətinlə maraqlanır.

- Siz qısa dövr ərzində hamının sevimlisinə çevrilən xəbər aparıcısı oldunuz. Amma sonra sevdiyiniz işdən ayrılıb mətbuat xidmətinin rəhbəri kimi çalşmaq sizə çətin olmadımmı?

- Hər hansı yeni addım atan zaman peşman olmaq lazım deyil. Əgər peşman oldunsa heç bir işin alınmayacaq. Əgər insan hər hansı bir addım atırsa təbii ki, düşünüb atır. Yeniliyə doğru addım atan zaman mütləq fikirləşməlisən ki, düz etmisən. İşinin alınması üçün əlindən gələni etməlisən. Necə ki, mən aparıcı olaraq işimi dəyişib mətbuat xidmətinin rəhbəri oldum. Bu o demək deyil ki, jurnalistikadan uzaqlaşdım. Əslində işimiz jurnalistikaya aiddir. Mən mətbuata gələn zaman yeniliklər eləməyə çalışdım. Mətbuat xidmətinin rəhbəri olaraq bir çox işlər gördüm. Bütün çəkilişləri özümüz edirdik. Foto, video və səsləndirməni, mətnlərin yazılması hər birini biz etməyə başladıq. Demək olar ki, mini televiziyanı özümüzdə yaratdıq. Bu işin öhdəsindən layiqincə gəldik. Mən mətbuat xidməti gələn zaman mətbuatla əlaqələr yaxşı deyildi. Mən çalışdım ki, bu düzəlsin. Çünki mən özüm də mətbuatdan gəlmişəm. Ona görə də mətbuatla işləyən insanları çox yaxşı anlayıram.

- Bu gün siz jurnalistlərlə hər zaman əməkdaşlıq edən mətbuat katibisiniz. Müxbir işləyən zaman hansısa dövlət orqanına sorğu göndərmisiniz cavabsız qalıb?

- Belə hallar tez-tez olur. Amma çalışıram ki, mənə müraciət edən müxbir verdiyi sualın bizə aiddiyəti olmadığını çox da hiss etsin. Mən onu incimədən başa salmağa çalışıram ki, səhvini anlasın. Amma istənilən halda bütün zənglərə cavab verirəm.

- Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır?

- Hər hansı səhv məlumat gedirsə bu mətbuat xidmətinin özünün günahıdır. Ola bilsin ki, mətbuat xidmətinin rəhbəri məlumatı düzgün şəkildə çatdıra bilmir. Təbii ki, biz insanıq, auditoriyanın narazıçılığına səbəb olacaq məlumatlar verə bilərik. Amma bu o demək deyil ki, biz səhv işləyirik. Düzdür, çalışmalıyıq ki, bu cür hallar olmasın. Düzgün və dolğun informasiya verilən zaman heç bir problem yaşanmır.

- Aparıcı Anar Nəcəfli və mətbuat katibi Anar Nəcəfli... Özünüzü daha çox hansında daha rahat hiss edirsiniz?

- Hər iki iş mənim üçün rahatdır. Mən mətbuat xidmətinin rəhbəri kimi işə başlayan zaman avtomobil yolları ilə bağlı anlayışım yox idi. İlk dəfə idi ki, bu sahədə çalışırdım. Bəzi qurumlar var ki, orada çalışmaq asandır. Amma yolla və xidmətlə bağlı olduğuna görə çox çətindir. Evə gedəndə, işə gələndə yollarda problemlərlə qarşılaşırıq. Nə qədər işlər görülsə də, ən çox tənqidlər də yollarla bağlıdır. Agentlik olaraq çalışırıq ki, problemləri tez bir zamanda aradan qaldıraq. Biz vətəndaşların rahat gediş-gəlişi üçün əlimizdən gələni edirik. Təbii ki, iş varsa nöqsanlar da olur. Amma çalışırıq ki, problemlər zamanında aradan qaldırılsın. Mənim üçün fərq yoxdur. Hər iki işdə öz sözümü demişəm.

- Bildiyimə görə, siz 20 ildən çoxdur ki, kirayədə yaşayırsınız. Aldığınız maaş sizi qane edirmi?

- Hazırda həm mətbuat xidmətinin rəhbəri, həm də aparıcı kimi fəaliyyət göstərirəm. Nə qədər ki, gücümüz var, biz işimizi görməliyik, övladlarımız üçün addımlar atmalıyıq. Bir çoxları inanmır ki, mən kirayədə yaşayıram. Şükürlər olsun ki, agentliyin rəhbərliyi tərəfindən bu işdə mənə köməklik olunur. Özüm də çalışıram ki, ilk öncə evim olsun. Daha sonra isə digər problemlərin həlli üçün çalışacam. 3 uşaqdır. Böyüyürlər, məktəbə gedirlər. Onların təhsili və gələcəyi üçün də nəsə etməliyəm. Nə qədər gücümüz var, işləməliyik. 10-15 ildən sonra bugünki enerjimiz olmayacaq. Hazırda 38 yaşım var. Düzdür, bir az gecikmişəm. Amma yenə də çalışıram ki, ev problemini tezliklə həll edim.

- Bilirsiniz ki, dövlət tərəfindən jurnalistlərə ev verilir. Növbəti il siz də müraciət etməyi düşünürsünüzmü?

- Növbəti il evlə bağlı müraciət etməyi düşünürəm.

- Gərgin iş rejimində çalışmağınız ailənizdə narazıçılığa səbəb olurmu? Övladlarınızın sizdən incidiyi zamanlar olubmu?

- Təbii ki, inciyirlər. Mətbuat xidmətinin rəhbəri kimi işim saat 6-da bitən zaman televiziyada xəbər aparıcılığı edirəm. Həftədə 5 gün evə gec gəlirəm. Amma çalışıram ki, şənbə-bazar günlərini uşaqlarıma, ailəmə həsr edim. Ailəm də başa düşür ki, mən onlar üçün çalışıram.

- 3 övladınız var. Övladlarınızdan jurnalist və ya aparıcı olmaq istəyəni varmı?

- Hələ ki övladlarım balacadır. Böyük övladımın 12 yaşı var. Hansı ixtisası seçəcəklərini zaman göstərəcək.

- Anar bəy, bu gün bir çox xəbər aparıcıları müxtəlif dövlət qurumlarında mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunurlar. Niyə məhz xəbər aparıcıları bu vəzifəyə gətirilir? Peşəkarlıq və çətin vəziyyətdə işləmə qabiliyyətinə görəmi, yoxsa təsadüfdürmü?

- Hər bir qurum çalışır ki, mətbuat xidmətinin rəhbəri tanınmış insan olsun. O, nə qədər tanınırsa həmin qurum üçün müsbət haldır. Özünüz görürsünüz ki, tanınmış aparıcılar mətbuat xidmətinə rəhbər təyin edilirlər. Onların mətbuatla, ictimaiyyətlə işləməsi daha rahat olur. Çünki onlar jurnalist mətbəxindən çıxmış olurlar. Onlar kimə necə yanaşacaqlarını bilirlər, həm də tanınırlar. Bu iki məsələ bir-biri ilə tamamlananda artıq müsbət irələyiş olur. Əslində bu çox gözəl nümunədir. Bu həm də digər jurnalistlər üçün nümunədir. Jurnalistika elə sahədir ki, burada "dayday" variantları keçmir. Çünki burada özün özünü qabağa çəkməlisən. Mən addım-addım çalışmışam ki, qabağa gedim. Jurnalistlər qarşılarına məqsəd qoyub istəyinə çatmalıdır. Bəziləri üçün bu sahə asan gösrünür. Amma belə deyil. Bu sahədə nəyəsə sahib olmaq çox çətindir. Zehni işlə çalışmaq fiziki işlə çalışmaqdan çətindir.

- Anar bəy, siz kifayət qədər tanınırsınız. Bu sizin həyat yoldaşınızda qısqanclıq yaradırmı?

- Bəlkə əvvəllər yaradıb. Amma bu gün belə bir hal yoxdur. Bəzən ailəmlə yolda gedən zaman yaxınlaşıb problemini demək istəyənlər olur. Amma bu həyat yoldaşım tərəfindən normal qarşılanır.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtım olmur. Şənbə-bazar günləri çalışıram ki, işdən uzaq olum. Amma o günləri də jurnalistlər hansısa informasiya üçün zəng edirlər. Boş vaxtlarımı əsasən uşaqlarıma ailəmə həsr etməyə çalışıram.

AzNews.az