"Minimum əmək haqqının artımı 600 mindən çox insanı əhatə edəcək"

150 min nəfərdən çox şəxsin əmək haqqında 25 faiz artım özünü göstərəcək.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin cari ilin 8 fevralında imzaladığı Sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı artırılıb.

Bu gündən isə həmin Sərəncam qüvvəyə minib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məsələ ilə bağlı AzNews.az-a müsahibə verib.

- Ölkə başçısının 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda minimum əmək haqqının məbləği bu gündən 180 manata çatdırılır. Bu istiqamətdə hansı işlər görülüb?

-Prezident İlham Əliyevin qeyd olunan Sərəncamı ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır.

Sərəncamın icrası ilə əlaqədar nazirlik tərəfindən müvafiq normativ aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Azərbaycanda minimum əmək haqqının məbləği bu gündən etibarən 50 manat, yəni 38,4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumuna çatdırılması təmin edilib.

- Özəl sektorda da minimal əmək haqqının artırılması ilə bağlı müvafiq işlərin aparılmasına nəzarət olunacaqmı?

- Həm dövlət sektorunda, həm də özəl sektorda bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə nəzarət olunacaq.

Sistemdə mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 mindən çox işçi 180 manatdan az əmək haqqı alanlardır.

Martın 1-dən dövlət sektorunda fəaliyyət göstərən işəgötürənlərlə yanaşı özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bununla bağlı Xidmət tərəfindən KİV vasitəsilə sahibkarlara müraciət də olunub.

- Bəs bu prosedurları həyata keçirməyən şəxslərə qarşı hansısa tədbirlər görüləcəkmi?

- Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda aidiyyatı qurumlara ilkin xəbərdarlıq olunacaq. Növbəti addımlar kimi isə qanuvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur.

- Bu sərəncam ümumilikdə nə qədər şəxsin əmək haqqına öz müsbət təsirini göstərəcək?

- Minimum əmək haqqının artımı birbaşa olaraq 600 mindən çox insanı əhatə edəcək. Dövlət sektorunda işləyən 450 min nəfərdən çox şəxsin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərdən çox şəxsin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.

- Bu qərarın digər nə kimi üstünlükləri var?

- Əmək haqqı artımı işçilərin gələcək sosial təminatlarına müsbət təsir edəcək. Artan əmək haqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Səidə Vahid

AzNews.az