Psixoloqdan şərh Psixoloqdan şərh

Nə üçün səslər bizi “dəli” edir?

Psixoloqdan şərh

Dayanmadan gələn siqnalizasiya səsi, qapının cırıltısı, kiminsə suyu səsli içməsi, yemək yeyərkən çıxan marçıltı... bizi qıcıqlandıran bu kimi səslər çoxdur. Lakin bəzi insanlara bunlar nəinki xoşagəlməzdir, hətta şəxsi özündən çıxara, davaya təhrik də edə bilər. Buna səbəb isə misofoniyadır.

AzNews.az mövzu ilə bağlı həkim-psixoloq Təranə Kazımova ilə söhbət edib:

- Təranə xanım, ilk olaraq oxuyucularımıza misofoniya barədə məlumat verərdiniz. Misofoniya nədir?

- Misofoniya irqin, dövlətin, cinsindən asılı olmayaraq çox yayılmış psixoloji narahatlıqlardan biridir. Bu xəstəlik psixoloji bir narahatlıq olaraq səslərə qarşı həddən çox həssaslıq, ya da bəzi səslərdən nifrət etmə halı kimi tamamlanır.

- Xəstəliyin yaranma səbəbi nədir? Anadangəlmə olur, ya hansısa faktor nəticəsində yaranır?

- Bu, elmə tam bəlli deyil. Sonradan yaranma ehtimalı daha çoxdur. Misofoniya olan insanların irsiyyət faktorunu araşdırdıqda, onların daha çox təmizkar, obsesiv tipi olan ailələrdən çıxdığını müşahidə edirik.

- Kimlər özünə misofonik deyə bilər?

- Yemək yeyərkən ağzını marçıldadanlara əsəbiləşmək, biri saqqız çeynəyərkən, diş fırçalayarkən çıxardığı səsə qıcıqlanmaq, tez-tez dərindən nəfəs alıb verənlərə dözə bilməmək, çayı, qəhvəni höpürdədərək içənlərə aqressiv reaksiya vermək, qarşısında alma, xiyar yeyilərkən çıxan səslərə görə özündən çıxmaq və s. xəstəliyin əlamətlərindəndir.

- Bəs, bu problemin müalicəsi varmı?

- İnsan özü bu narahatçılığını hiss edib psixoloqa müraciət etməlidir. Daha sonra psixoloqun 4D (bihevral yeni davranış terapiyası) duyğu, durum, düşüncə, davranışını dəyişməsi ilə problemi düzəltmək olur.

- Cəmiyyətimizdə bu xəstəlikdən əziyyət çəkənlərə qarşı necə davranılmalıdır?

- Bu narahatçılıqdan əziyyət çəkən insanları anlayışla qarşılamalı, başa düşməyə çalışmalıyıq. Uşaq böyüdərkən, övlad tərbiyə edərkən hər bir ailənin nəzərində olmalıdır ki, onu nə çox sıxmaq, nə də çox boş buraxmaq məsləhət görülmür. Balansı qorumaq lazımdır.

Gül Qədirli

AzNews.az