SOCAR hazırda Türkiyənin ən böyük birbaşa xarici investorudur SOCAR hazırda Türkiyənin ən böyük birbaşa xarici investorudur

TANAP-ın Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni çox qısa zamanda görəcəyik - MÜSAHİBƏ

SOCAR hazırda Türkiyənin ən böyük birbaşa xarici investorudur

“SOCAR Türkiyə Enerji” Şirkətinin Baş Direktoru Zaur Qəhrəmanov APA-ya müsahibə verib.

AzNews.az həmin müsahibəni sizə təqdim edir:

- SOCAR Türkiyənin enerji bazarında fəal təmsil olunub. Şirkət bu günə qədər Türkiyə iqtisadiyyatına nə qədər investisiya yatırıb?

- SOCAR 2008-ci ildə Türkiyə Özəlləşdirmə İdarəsindən "Petkim" neft-kimya kompleksinin 51%-lik payını 2,04 milyard dollara satın alaraq Türkiyəyə investisiya qoymağa başlayıb. Bu tarixdən etibarən investisiyalarımız fasiləsiz olaraq davam edir. 11 ildir ki, Türkiyədəyik və 4500 nəfəri birbaşa iş yeri ilə təmin edən "Petkim", SOCAR Terminal, "Petkim" KES, TANAP və "Star" Neft Emalı Zavodu (NEZ) kimi nəhəng müəssisələrlə fəaliyyətimizi davam etdiririk. İnvestisiyalarımızla Türkiyəni bölgənin ən önəmli enerji dəhlizlərindən birinə çevirmək, əlavə dəyərli məhsullarımızla Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək, Türkiyənin idxal asılılığını və cari kəsirini azaltmağa dəstək olmaq əsas hədəflərimizdir. “SOCAR Türkiyə”ni Türkiyənin inteqrasiya olunmuş ən böyük istehsal güclərindən birinə çevirmək, bu istiqamətdə Türkiyə və Azərbaycan iqtisadiyyatları üçün əlavə dəyər yaratmaq niyyətindəyik. SOCAR-ın bu günə qədər Türkiyədə investisiya qoyuluşu 15,3 milyard dollara çatıb. SOCAR hazırda Türkiyənin ən böyük birbaşa xarici investorudur və davam edən investisiyalar tamamlandıqda bu rəqəm 19,5 milyard dollar olacaq.

- Azərbaycan və Türkiyəni bir çox sahədə, o cümlədən enerji sektorunda sıx əlaqələr birləşdirir. Bu sahədə növbəti layihə Cənub Qaz Dəhlizinin bir hissəsi sayılan TANAP oldu. “Şahdəniz-2” çərçivəsində artıq Türkiyəyə qaz nəql olunur. Bu günə kimi Türkiyəyə TANAP-la nə qədər qaz ixrac edilib? Bu və növbəti ilə proqnozlar necə olacaq?

- TANAP vasitəsilə Türkiyəyə ixrac edilən təbii qazın həcmi 2,2 milyard kubmetrə çatıb. Bu miqdarın 2019-cu ilin sonuna qədər 4 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. 2020-ci ildən etibarən isə Türkiyəyə gələcək qazın miqdarı 6 milyard kubmetrə çıxacaq. Avropaya qaz nəqlinə başlandıqdan sonra isə ilkin mərhələdə ildə 10 milyard kubmetr təbii qaz Avropaya göndəriləcək. Yəni TANAP vasitəsilə daşınan təbii qaz həcminin ilkin mərhələdə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bu rəqəm əlavə sərmayə qoyuluşlarıyla əvvəlcə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırıla biləcək.

- Azərbaycanın təbii qazı Türkiyə vasitəsilə artıq Yunanıstan sərhədinədək çatdırılıb. Daha sonra TAP-la Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya nəql olunacaq. Təbii qazımızın Avropaya nə vaxt çatacağı planlaşdırılır?

- TANAP Azərbaycan təbii qazını Avropaya daşımaq üçün cari ilin iyul ayının 1-dən etibarən tam hazır vəziyyətə gətirilib. Hazırda TAP-ın tamamlanma işlərini gözləyirik. Bu çərçivədə Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılacağını proqnozlaşdırırıq.

- Cənub Qaz Dəhlizi layihəsi ən böyük və perspektivli layihələrdən sayılır. Bu layihə əhatə edəcəyi ölkələr qarşısında hansı perspektivləri və imkanları açacaq? Sözügedən dəhlizin qlobal enerji bazarında yeri və rolu nədən ibarətdir?

- İnvestisiya dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi qlobal enerji bazarı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, enerji təhlükəsizliyi həm də ölkələrin milli təhlükəsizliyi deməkdir. Avropa bazarı bu gün dünyada təbii qazın ən çox idxal olunduğu bazardır və Avropa ölkələrinin təbii qaz idxalından asılılığı gündən-günə artmaqdadır. Bu səbəbdən Avropanın enerji tələbatını ödəmək üçün əlavə mənbələrə ehtiyacı yaranıb. Bu mənada Cənub Qaz Dəhlizi layihəsi Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

- SOCAR-ın 2020-ci ildən etibarən Türkiyə istehlakçılarını ildə 4 mlrd. kubmetr qazla təchiz etməsi haqqında məlumatlar var. Bu proses necə təşkil olunacaq və SOCAR üçün Türkiyənin enerji bazarında hansı imkanları yaradacaq?

- Türkiyəyə TANAP vasitəsilə nəql ediləcək qazın həcmi 2020-ci ildə 6 milyard kubmetr olacaq. Bu layihə çərçivəsində Azərbaycan qazı Avropaya da çatdırılacaq. Azərbaycandan Avropaya belə bir dəhlizin açılmasının Azərbaycan iqtisadiyyatına nə qədər böyük və müsbət təsir göstərəcəyini qısa müddətdə hamımız görəcəyik. Digər tərəfdən ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət" olaraq vurğuladığı və böyük sərmayələr qoyduğumuz qardaş Türkiyə bizim investisiyalarımıza böyük dəstək verir. Türkiyədə yerli şirkətlərdən də öncə bizim üçün belə əlverişli şərait yaradılıb. Ona görə hədəflərimizdən biri də Türkiyənin enerjidən qaynaqlanan böyük cari kəsirinin azaldılmasına töhfə verməkdir. Hazırda iki qardaş ölkənin iqtisadi inkişafını təmin etmək, Avropa bazarına çıxmaq və enerji təchizat şaxələndirilməsini həyata keçirmək üçün var gücümüzlə çalışırıq.

- SOCAR Türkiyədəki törəmə şirkəti vasitəsilə 2021-ci ildə London, Honkonq və İstanbul fond birjalarına girməyi planlaşdırısa, o zaman şirkətin hansı hədəfləri var və söhbət hansı aktivlərdən gedə bilər? Şirkətin investorlara təklif edəcəyi səhmlərin həcmi nə qədər olar?

- SOCAR Türkiyənin səhmlərinin ticarətə buraxılması 2015-ci ildən etibarən strategiyamıza daxildir. Hələ müəyyənləşməsə də, bu əməliyyatı 2021-2022-ci illərə qədər həyata keçirməyi planlaşdırırıq. Nəzərə alsaq ki, bazarların və fond birjalarının vəziyyəti verəcəyimiz qərara təsir edəcək, bunun üçün dəqiq vaxt demək mümkün deyil. Buna görə, bank seçimimiz və ya birja qərarlarımız hələ dəqiqləşməyib. Bu mövzuda ilkin araşdırmaların aparıldığı mərhələdəyik.

- Bu yaxınlarda “SOCAR Türkiyə” “EWE Turkey Holding”ə məxsus “Bursagaz”, “Kayserigaz”, "Enervis", "EWE Enerji" və "Millenicom" şirkətlərini satın alıb. Bu sövdələşmədə şirkətin əsas məqsədi nədir? Sözügedən sövdələşmə Türkiyənin enerji bazarında SOCAR-a necə təsir edəcək?

- "SOCAR Türkiyə" Türkiyə təbii qaz bazarında çox önəmli bir oyunçudur. 2013-cü ildən etibarən tam 6 ildir ki, bu ölkədə təbii qaz ticarətimiz var. Azərbaycan qazını iki ölkənin strateji və ən böyük layihəsi olan TANAP vasitəsi ilə 30 İyun 2018-ci ildən etibarən Türkiyəyə nəql etməyə başladıq. “Bursagaz”, “Kayserigaz”ı da satın alaraq qazpaylama ticarətinə başladıq və təbii qazda dəyər zəncirini tamamladıq. Bu, təkcə təbii qaz əməliyyatlarında sinerji yaratmayacaq, həm də məhsuldarlığımızı və gəlirlərimizi artıracaq.

- SOCAR-ın BP şirkəti ilə birgə Türkiyədə həyata keçirəcəyi “Merkuri” layihəsinin əsas məqsədi nədir? Kompleksin tikintisinə nə vaxt başlanılacaq və nə zaman istifadəyə veriləcəyi gözlənilir? Layihənin istehsal gücü nə qədər olacaq?

- SOCAR Türkiyədə, əsasən, neft-kimya və neft emalı sahəsində fəaliyyət göstərir. "Petkim"Türkiyənin yeganə inteqrasiya edilmiş neft-kimya kompleksidir və bazarın yalnız 20 faizini təmin edə bilir. Türkiyənin neft-kimya məhsulları idxalı etməsini azaltmaq və beləliklə, xarici ticarət kəsirinin azaldılmasına töhfə vermək üçün bu payı artırmaq lazımdır. Beynəlxalq tərəfdaşlıq əsasında planlaşdırdığımız yeni müəssisə ilə bazarın ehtiyacını qarşılamağa çalışırıq.

Gələn ilin birinci yarısında yeni müəssisənin təməlini qoymağı planlaşdırırıq. Bu sərmayə, SOCAR-ın digər bütün layihələri kimi strateji əhəmiyyətə malikdir. Müəssisə tamamlanıb fəaliyyətə başladıqdan sonra Türkiyənin Saf Tereftal Turşusu (PTA) idxalı tamamən aradan qaldırılacaq. Türkiyədə PTA istehsal edən tək müəssisə, PTA fabrikinə sahib olan "Petkim"dir. Ancaq "Petkim" təkbaşına Türkiyənin ehtiyacının müəyyən qismini ödəyə bilir. Bu səbəbdən müəssisə fəaliyyətə keçdikdən sonra Türkiyənin bu ehtiyacı da qarşılanacaq. Eyni zamanda hazırda idxal edilən 800 min ton pareksilen (PX) məhsulu da Türkiyədə istehsal olunacaq. Bu müəssisə də "Star" NEZ-dən və "Petkim"dən tədarük ediləcək xammalın şaquli inteqrasiya ilə istifadəsinə imkan yaradacaq. Əliağadakı ərazimizdə inşa ediləcəyi üçün həm "Petkim", həm də "Star"dan əldə edilən xammal ehtiyatlarına və birgə istifadə olunan infrastruktura çox yaxın olacaq. Bu da, öz növbəsində həm məhsuldarlıq, həm də rəqabət baxımından böyük üstünlük gətirəcək. Bu müəssisənin qurulması ilə "Star" NEZ-in istehsal edəcəyi reformat məhsulu da burada emal olunacaq və əlavə dəyəri yüksək olan neft-kimya məhsullarına çevriləcək.

- “Azərbaycanın Enerjisi SOCAR Türkiyənin gücünə güc qatır. Hədəfimiz yerli istehsalı artırmaq, xaricdən asılılığı azaltmaqdır”. Bu fikirlər bir reklamda səslənir. Yerli istehsal deyərkən nələr nəzərdə tutulur?

- Hazırda Türkiyədə “yerli istehsal” ifadəsi çox işlədilir. Biz, SOCAR olaraq, bunu dəstəkləyirik. Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyənin ən böyük birbaşa xarici investoruyuq və iki ölkənin iqtisadiyyatını daha da gücləndirməyə çalışırıq. Daha öncə də bildirdiyim kimi, Türkiyənin enerjidən qaynaqlanan cari kəsiri yüksəkdir. "Petkim" və "Star" zavodlarında istehsal etdiyimiz məhsulları öncə Türkiyə bazarına satmaq istəyirik ki, bu məhsullar artıq xaricdən alınmasın. "Petkim"in məhsulları 30-dan çox sektoru xammal ilə təmin edir. "Star" NEZ isə dizel, LPG, təyyarə yanacağı kimi məhsullarla yanaşı, "Petkim"i əsas xammal ehtiyacı olan nafta ilə təmin edir. Yəni biz Türkiyədə istehsal edirik və məhsullarımızı Türkiyənin istifadəsinə veririk. Buna görə də onlarla sektorun minlərlə məhsullarında payımız olmasından qürur duyuruq. Sözügedən reklama da bu qürurumuzu əks etdirmək istədik.

- "Star" NEZ-də istehsal olunan məhsulların bir qismi eyni zamanda xarici bazarlara ixrac olunur. İndiyə qədər nə qədər məhsul ixrac edilib?

- "Star" NEZ-də istehsal edilən məhsullar əsasən Aralıq dənizi regionu və Şimali Avropa ölkələrinə ixrac edilir. İstismara verildiyi gündən 2019-cu ilin avqust ayının 1-dək zavoddan 750 milyon dollar dəyərində 1 milyon 350 min ton dizel, təyyarə yanacağı, reformat və digər məhsullar ixrac olunub.

AzNews.az