Prorektor: “Bu gün televiziya sahəsinə gələn insanların çoxu aparıcı olmaq istəyir” - MÜSAHİBƏ

“Qara piar yayan insanlar var və onlara bu cür cavab veririk”

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində olan Teleradio Akademiyasında prorektoru Ülfət Rəhimova ilə müsahibəni təqdim edirik:

Öz dilindən təqdimat: Ülfət Rəhimova 1975-ci ildə Bakıda ziyalı ailəsində doğulub.1992-ci ildə 53 nömrəli məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.1997-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Təhsil aldığı müddətdə ANS TV ilə qısa müddətlik əməkdaşlıq edərək (6 ay) , “Xəbərçi” informasiya proqramında aparıcılıq edib.1995-ci ildən rəsmi olaraq AZTV-də “Səhər” musiqili informasiya proqramında redaktor və xəbərlərin aparıcısı, “Xəzər” redaksiyasında isə aparıcı və böyük redaktor olub.

2000-ci ildə ATV-də 106 FM radiostansiyasında xəbərlərin aparıcısı və redaktoru kimi çalışıb. 2001-ci ildə Fransanın Lil Jurnalistlər Məktəbinin xətti ilə Fransanın Azərbaycandakı səfirliyinin ölkəmizdə təşkil etdiyi xüsusi televiziya kurslarında təlim keçib, sonra isə Fransaya təkmilləşdirməyə göndərilərək bu ölkənin Monpelye və Lil şəhərlərində televiziya və radio üzrə seminarlarda iştirak edib və “Fransa-3” kanalının xəbərlər xidməti ilə yaxından tanış olub.

2004-2013-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio Jurnalistikası kafedrasında müəllim kimi fəaliyyət göstərib.2007-ci ildən isə həmin kafedranın dissertantı olub.”Dünya teleformatlarının Azərbaycan teleməkanında tətbiqi xüsusiyyətləri” mövzusunda dissertasiya işini yazıb. Ölkə daxilində və xaricdə nəşr olunan nüfuzlu jurnallarda 10 elmi məqaləsi və monoqrafiyası işıq üzü görüb.

-Ülfət xanım, 2019-cu ilin may ayından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində olan Teleradio Akademiyasında prorektoru kimi fəaliyyət göstərirsiz. Sizcə, akademiya hazırda savadlı və peşəkar telejurnalistlərin yetişdirilməsində nə dərəcədə rol oynayır?

-Akademiya 2010-cu ildən fəaliyyətə başlayıb. Lakin həmin dövrdə bura yalnız AZTV-nin işçiləri üçün nəzərdə tutulmuşdu. 2019-cu ildən isə Azərbaycan Televiziyasının formatında köklü dəyişiklər oldu. Yeni teleməhsullar, layihələr yarandı və peşəkarlar efirə çıxmağa başladı. Bu da akademiyaya sirayət etməyə bilməzdi.

Akademiyanın məqsədi televiziya və radio üçün yeni dövrün tələblərinə uyğun, mütərəqqi və peşəkar kadrların yetişdirilməsidi.

Akademiyada təhsil almaq üçün böyük müsabiqə elan olundu. 730 nəfər CV yolladı ki, onlardan da 530-u ilk mərhələdən keçdilər. On gün ərzində həmin insanlarla söhbət aparıldı və aralarından 80 müdavim seçilərək akademiyaya qəbul olundu.

Müraciət edənlər təsadüfi insanlar deyillər. Onlar televiziya və radio işinə böyük maraq və sevgi ilə yanaşaraq akademiyaya üz tutublar.

Təhsil müddətində tələbələrə radio və televiziyada aparıcı, redaktor. müxbir, operator, montajçı, rejissor peşələri öyrədilir. Akademiya yalnız nəzəriyyəyə köklənmir, praktiki işin keyfiyyətinə də önəm verir. Tələbələr süjetlər çəkir, kamera qarşısında davranmağı, suflyorla işləməyi öyrənirlər. Eyni zamanda da, texnika və texnologiya ilə davranmağı mənimsəyirlər. Aparıcı və müxbir sənətinə yiyələnmək istəyənlərə nitq mədəniyyəti ilə bağlı geniş və dərin təlimlər keçirilir. Bir çox tanınmış aparıcı və jurnalist-redaktorlarımız bu istiqamətdə bizə yardımçı olur və təcrübələrini bizimlə bölüşürlər. Sonda isə hər tələbə nəticə olaraq diplom işini təhvil verir. Bunlar qısametrajlı film və süjetlərdən ibarət ola bilər. Onlar arasından ən yaxşıları seçilərək Azərbaycan Televiziyasının ekranında göstərilir və radiosunda səsləndirilir.

Seçilən uşaqlar Azərbaycan Televiziyasının müxtəlif redaksiyalarında təcrübə keçmək şansı əldə edirlər. Onların arasında işlə təmin olunan bəzi şəxslər də olur.

Mən Akademiyada prorektor olaraq fəaliyyət göstərirəm və dərs deyirəm. Bu mənim üçün çox gözəl bir etapdır. Çünki bir müddət müəllim fəaliyyətimi dayandırmışdım. Yeni və gənc nəslin qarşısına çıxmaq, onlara nəyisə öyrətmək, mənə böyük zövq verdi.

Bəzən, dəhlizdə stajor tələbələrimizi görür və onlara yardımçı olmağa çalışıram. Akademiyanın müsbət cəhətlərindən biri odur ki, burada tədrislə yanaşı elmi araşdırmalara da üstünlük verilir. Akademiyada çalışan müəllimlər onun dərsliyini çıxarmağa hazırlaşırlar.

Sentyabrdan yenidən seçimlərə başlanılacaq. Bəzən düşünürlər ki, AZTV bu uşaqları yetişdirməklə nə qazanacaq? Bunun səbəbi, AZTV-nin işçi və kadr potensialını akademiyanın hesabına həyata keçirməkdi.

Televiziyaya kənardan gələn işçilər çox olur. Lakin onların adaptasiya olması uzun çəkir. Akademiyanın yetirmələri isə müəyyən praktikadan keçdikdən sonra daha yaxşı fəaliyyət göstərə bilirlər. Onlar üçün adaptasiyadan keçmək rahat olur və işə hazırlıqlı olurlar. Bu həmin şəxs üçün yeni bir etap sayılmır. Bununla da biz öz kanalımız üçün işçi qüvvəsi yetişdirmiş oluruq”.

-Yanvardan Azərbaycan Televiziyasında köklü kadr dəyişikliyi baş verdi. Bu Dövlət Televiziyasının formatına və istiqamətinə nə dərəcədə təsir göstərdi?

-Uzun illər müxtəlif televiziya və radio kanallarında çalışmışam. Bu gün Azərbaycan Televiziyasının tərkibində fundamental və köklü dəyişiklər baş verib. Burada böyük dinamika müşahidə edirik. Yeni nəfəsin gəlməsi nəzərə çarpır. Bir neçə ay ərzində görülən işlər danılmazdı. Bu dəyişiklər ondan irəli gəlir ki, televiziya rəhbəri olan şəxs təsadüfi insan deyil. Rövşən müəllim televiziya işini dərindən bilən insandı. O, həmçinin, elmi tədqiqatçı və pedaqoqdu. Həmçinin, bir çox universitetlərin Jurnalistika fakültəsində dərs deyib. Eyni zamanda bu işə böyük sevgi və eşqlə yanaşır. Yeganə televiziya sədridir ki, aparıcı olaraq fəaliyyətini davam etdirir və “Həftə sonu” verilişini aparır. Olduqca dinamik bir insandı. Rövşən müəllimin ən böyük keyfiyyəti ondan ibarətdir ki, o, işçilərinə inanır. İşçinin özünün özünə inandığından daha çox ona inanır. O, hər zaman işçilərə bacaracaqlarını və ümidlərini itirməməklərini tövsiyə edir. Bunu hər insan demir. Bu qədər xüsusiyyətlərin vəhdəti hər insanda olmur. Bu da kollektivin daha həvəslə işləməsinə gətirib çıxarır. Bizə şərait yaradılır ki, öz sözümüzü deyə bilək, yeni formatlar təqdim edək. Tamaşaçıya yüksək keyfiyyətli məhsullar təqdim etməyə çalışırıq.

-Hazırda özəl televiziyalarla yanaşı, internet televiziyalarda fəaliyyət göstərir.İnsanların çoxu artıq internetə yönəlirlər. Dövlət Televiziyası olaraq AZTV bu rəqabətdə özünü necə tənzimləyir?

-Hazırda elə bir dövrdü ki, ənənəvi televiziya ilə yeni televiziya güclü rəqabət aparır. Mən düşünürəm ki, bunun fərqi yoxdur. Ən önəmlisi dinamika ilə tempi tutub keyfiyyətli məhsul təqdim etməkdir. Əgər televiziya bunu bacarırsa, deməli öndədi.

Biz dövlət televiziyası olaraq, bu tempi tutmağı bacarmışıq. Televiziya KİV-də ən kütləvi vasitə olduğu üçün buraya peşəkar və istedadlı insanları cəlb etmək lazımdır. Bu gün rəhbərliyimiz tempi məhz bu istiqamətə yönəldib.

-AZTv-nin rəhbərliyi dəyişdikdən sonra ona qarşı qara piar kompaniyaları da başladı. Bunun səbəbi nə ilə bağlı idi?

-Qara piarı yayan insanlar həqiqətən də mövcuddur. Həmin insanlara cavab AZTV-nin səviyyəli və keyfiyyətli verilişləri ola bilər. Bunlar göz qabağındadır. Yaxşını pisdən seçə bilən insanlar var və onlar hər şeyi görürlər.

AZTV-nin öz formatı var. Bu efir etikasından tutmuş geyiminə qədər hər şeydə özünü göstərir. Bu çox böyük bir məsuliyyətdi və gələn kadrlar da bunu mütləq anlamalı və bu istiqamətdə öz üzərlərində çalışmalıdılar.

-Günümüzdə telekanallarımız elmi-kütləvi janrlı teleməhsullar hazırlamaq əvəzinə, şouya daha çox əhəmiyyət verirlər. Sizcə, bu tamaşaçının keyfiyyətinin bir qədər aşağı düşməsinə gətirib çıxarırmı?

-AZTV elmi-kütləvi verilişlərə çox böyük yer verir. Azərbaycan televiziyası qarşısına böyük hədəflər qoyub. O, bu gün azərbaycançılıq ideyasını yüksək səviyyədə təbliğ edir. AZTV keyfiyyətli bir auditoriya yetişdirməyə çalışır. Bu istiqamətdə bir çox işlər həyata keçirilir. Sentyabr ayından yeni veriliş və formatlar efirdə olacaq.

Bu gün televiziyalarımızın çiyinlərində böyük məsuliyyət dayanır. Düşünürəm ki, onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacaracaqlar.

Heç bir kanalın fəaliyyətini aşağı qiymətləndirmək istəmirəm. Lakin mən televiziyadan uzaqlaşdığım müddətdə özümə demişdim ki, nə zamansa televiziyaya qayıtsam, yalnız Azərbaycan Televiziyasına üz tutacağam. Çünki AZTV mənim üçün böyük bir məktəbdi. Burada yeni layihələr və hədəfləri gördükdə məmnuniyyətlə bu təklifi qəbul etdim.

Televiziya tamaşaçısı tək əylənməməlidi. O maariflənməli, tərbiyələnməli və məlumatlanmalıdı. Bu istiqamətdə AZTV vətəndaşlarda zövqün formalaşmasına böyük önəm verir.

-MTRŞ (Milli Televiziya və Radio Şurası) mütəmadi olaraq monitorinqlər aparır. Bu monitorinqlərin nəticəsi olaraq verilişlərdə bir sıra qüsurlar aşkarlanır. Bu tip mənfi halların qarşısı necə alınmalıdı?

-Monitorinqlər mütəmadi olaraq aparılmalıdır. Düşünürəm ki, onlar aparılmasa, mənfi hallarla çox qarşılaşa bilərik.

Hər bir televiziya üçün ən ümdə məqsəd öz auditoriyasını maarifləndirmək, onun milli-mənəvi və əxlaqi dəyərlərini aşılamaq, estetik zövqünü inkişaf etdirməkdir. Əgər telekanallarımız sadaladıqlarımı ümdə məqsəd olaraq qarşıya qoysalar, çox şeyə nail ola bilərlər.

Bu gün ölkəmizdə fəaliyyət göstərən telekanalların iş prinsipi qənaətbəxşdir, hətta bir çox ölkələrin telekanallarından geri qalmır.Lakin keyfiyyətli auditoriyanın formalaşmasını prioritet seçsək daha çox şeyə nail ola bilərik.

-Telekanallarımızın bir çoxu Azərbaycan dilinin qaydalarına düzgün şəkildə əməl etmirlər və xarici sözlərə olduqca çox yer verirlər. İllərdir, televiziyada çalışan biri kimi həmin insanlara nə tövsiyə edərdiniz?

-Azərbaycan dilinin saflaşdırılması hər bir televiziyanın qarşısına qoyduğu başlıca məqsədlərdən biri olmalıdı. Prezidentin dilin saflaşdırılması istiqamətində verdiyi sərəncamlara uyğun olaraq kanallarımız bu istiqamətdə işlər həyata keçirir.

Xarici dil bilmək çox gözəldi. Bir nenə dil bilmək isə ondan da gözəldi. Lakin öz dilimizi bilib, onun qanunlarına düzgün şəkildə əməl etmək hər birimizin vətəndaşlıq borcudu.

Bir çox gənclər işə müraciət etdiklərində onlardan rus və ingilis dilini bilmək tələb olunur. Lakin ilk növbədə öz dilimizi mükəmməl şəkildə bilməliyik.

Bu gün aparıcıların da qarşısında duran əsas məsələlərdən biri Azərbaycan dilində səlis danışmaq olmalıdı.

Fransanın Lil Jurnalistlər Məktəbində təlim keçmisiniz və oranın telekanallarında olmusuz.Ordan baxdıqda bizim teleməkanda hansı boşluqlar özünü göstərir?

-Deməzdim ki, bizdə çox şeylər yoxdu. Orada qeyri-adi heç nə görmədim. Sadəcə, yanaşmalar bir qədər fərqli idi. Biz azərbaycanlı olaraq milli-mənəvi dəyərlərimizə sadiqik. Özümüzün mədəniyyət və adət-ənənələrimiz var. Bizim televiziyalarımız da bu dəyərlərdən irəli gələrək fəaliyyət göstərməlidi.

Mən düşünürəm ki, bizim telejurnalistlərimiz xarici media nümayəndələrindən geri qalmırlar.

Təbii ki, yeniliklər gətirmək lazımdı və biz bu istiqamətdə əlimizdən gələni edəcəyik.

-Uzun fasilədən sonra televiziyaya qayıtmısız və yenidən aparıcı olaraq fəaliyyət göstərirsiz. Bu işin mətbəxini bilən bir insan kimi bizə deyərdiz:Aparıcı və telejurnalist olmaq üçün hansı keyfiyyətlər lazımdı?

-Bu gün televiziya sahəsinə gələn insanların çoxu aparıcı olmaq istəyir. Mən öz tələbələrimə tövsiyə edirəm ki, müxbirlikdən başlasınlar. Müxbir olduqda kadr arxası mətn yazmağı, süjetlər hazırlamağı, reportajlar təqdim etməyi öyrənmək olur. Əvvəl bu mətbəxdə püxtələşmək lazımdı. Bütün ekspromt vəziyyətlərdən çıxmağı öyrənmək vacibdi. Kollektivlə iş birliyini mənimsəmək əsasdı. Aparıcı, operator, müxbir, rejissor hamısı kollektiv halında olduğu üçün birgə işləməyi bilməlidilər.

Elə aparıcılar var ki, həm öz mətnini yazır, həm də rejissorluq edir. O, artıq tam hüquqlu müəllif olur. Vəhdət mütləq olmalıdı. Jurnalist kollektivlə işləməyi bacarmalıdı. Elə insanlar var ki. kollektivlə yola gedə bilmirlər, sözləri tutmur. Buna alışmaq lazımdı. Çünki iş bunu tələb edir.

Bu sahəyə gəlmək istəyənlər dünyagörüşlərini inkişaf etdirməli və mütaliələrini genişləndirməlidirlər. Müşahidə etmək lazımdı. Jurnalist yolda gedən zaman hadisəni görüb ondan xəbər çıxarsa, müsbət nəticə əldə edə bilər. Müşahidəçi olduqda tamaşaçının nəyi görmək istədiyini bilmək olur. Bunları edirsənsə, artıq teleaparıcı olaraq işləmək asan olacaq.

Radio səslə informasiyanı ötürürsə, televiziyada görüntünü çatdırır və bu baxımdan görünüşdə önəmlidi. Xoş bir zahiri görünüşün olması tələb olunur. Eyni zamanda aparıcıda xarizma da olmalıdı. Elə insan olur ki, gözəl olmur, amma onun xarizması tamaşaçıya xoş gəlir. Bundan daha vacib isə nitqin təmizliyi məsələsidi.

Biz istəyərdik ki, həm görünüş, həm diksiya bir yerdə olsun. Çünki televiziya bu baxımdan çox tələbkardı. Ona görə də bu sahəyə gələnlər hər şeyi düşünməlidilər.

İllər boyu televiziyada işləyən insanlar belə öz üzərlərində çalışırlar. Çünki insan daima özünü inkişaf etdirməlidi.

Bir jurnalist olaraq düşünürəm ki, ixtisaslaşan jurnalistlərin bu sahəyə gəlməsi yaxşı nəticə verəcək. İqtisadi, hərbi, elmi, siyasi, tibbi bilən insanlar bu sahəni yetərincə təhlil edə bilər və onlara ehtiyac da kifayət qədərdi. Bəzən deyillər ki, jurnalist hər şeyi bilməlidi. Amma məncə bir sahəni dərindən bilən telejurnalist daha keyfiyyətli teleməhsul ortaya qoya bilər.

Akademiyamızı seçən insanlar yalnız bu sahəni istəyərək gələnlərdi.(azedu.az)

AzNews.az