“Yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı” “Yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı”

“Mən dəyişməmişəm, sadəcə...” - Rauf Arifoğlu

“Yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı”

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun Redaktor.az saytının "Qırmızı xətt" layihəsinə verdiyi müsahibəsini təqdim edirik:

- “Yeni Müsavat” köhnənin qəzetidir, uzun illərdir fəaliyyət göstərir. Təbii ki, ötən bu 30 ildə onun oxucuları müxtəlif səbəblərdən dəyişib, yenilənib. Bu gün qəzetin oxucuları əsasən kimlərdir? Oxucu sayı artıb, yoxsa azalıb?

- Bu il qəzetimizin 30 yaşı tamam olur. İlk nömrəmizi 30 il əvvəl, noyabr ayının 11-də Azadlıq meydanındakı mitinqdə paylamışıq. “Yeni Müsavat” qəzeti o zaman qeyri-rəsmi, sovetlərdən gizli fəaliyyət göstərən, illeqal yayım orqanı idi. Redaksiya heyəti böyük deyildi, bir neçə nəfər çalışırdıq. Lakin ilk sayımızdan etibarən qəzetimiz əl-əl gəzirdi. İlk gün mitinqdəki satışa 13 min nüsxə ilə başlamışdıq. Bir neçə dəqiqədə bütün tiraj bitdi.

O vaxtdan bir qəzetinin hekayəsi başladı. Zaman-zaman müxtəlif tarixi hadisələrin fonunda qəzetin qalxma və enmə dövrləri olub. Bu hadisələr qəzetin istiqamətinə, məzmun və auditoriyasına təsir edirdi. Əvvəllər yalnız kağız versiyadan ibarət idik. Bilirsiniz ki, bu, fiziki kütlədir. Onu ölkə sərhədindən kənara çıxarmaq üçün fiziki olaraq daşımaq lazımdır. Məsələn, əvvəllər Moskvaya qəzet göndərmək üçün 1 həftəlik tirajı toplayıb, qatarla yollayırdıq. Həmin qəzetləri Moskva bazarlarında işləyən soydaşlarımıza satırdılar. Kağız olaraq ölkə sərhədini aşmaq, tirajı böyütmək imkanımız yox idi. Qəzetimizi o vaxt Azərbaycanda əsasən rəy liderləri oxuyurdu. Prezidentindən tutmuş, hər bir qəsəbədə, kənddə siyasətlə maraqlanan, bölgənin savadlı, tanınan simalarına qədər. Hesab edirəm ki, indi daha güclüyük, yüksək tiraja malikik. Ona görə ki, artıq qəzetimizin nəzdində fərqli dillərdə fəaliyyət göstərən bir neçə saytlarımız, "Youtube" platformasında TV kanalımız, "Facebook"da güclü səhifələrimiz var. “Yeni Müsavat” qəzeti indi bir media qrupuna çevrilib. Bizim xəbərləri Çindən, Kanadadan tutmuş Avropanın mərkəzi ölkələrinə qədər, Azərbaycanın ən ucqar kəndləri də daxil, kimlər istəsə, anındaca oxuya bilir. Dünya coğrafiyası boyunca səpələnmiş azərbaycanlılar, rusdilli auditoriya media qrupumuzun istehsalı olan və yaydığı xəbərləri yaxşı tərtib olunmuş dizaynda oxuya bilirlər. Bu, 30 yaşlı "Yeni Müsavat" qəzetinin tarixində yeni mərhələdir . Saytımıza ən çox giriş təbii ki, Azərbaycandan olur. Siyahıda ikinci yeri Rusiya tutur. Sonra Türkiyə, Almaniya gəlir. Bu gün biz, hansı şəhərdən neçə nəfərin sayta daxil olduğunu müəyyən edə bilirik. Həmin statistikamız hər kəsə açıqdır. Saytımıza İrəvandan da girənlər olur. Görünür, onlar Azərbaycanla məşğul olan dairələrdir. Musavat.com-a giriş bir neçə ölkədə qadağan olunub. Onlardan biri Çindir. Çünki dəfələrlə Çinin qətlə yetirdiyi Uyğur türklərini müdafiə etmişik, onların haqlarını qorumaqla, Çinin ədalətsiz addımlarını pisləmişik. Ona görə də, bizi qara siyahıya salıblar. Domeni dəyişərək qadağanı aşmağa çalışmışıq. Bir neçə dəfə də məhkəmənin qərarıyla Moskva vilayətində bizi bağlayıblar. Ona görə, Rusiya üçün Musavat.com əvəzinə, Musavat.biz domenini yaratdıq. Rusiyadakı azərbaycanlıların əksəriyyəti bunu bilir. Nə vaxt ki Musavat.com domeni bağlı olur, onlar Musavat.biz domenini yazıb, saytımıza daxil ola bilirlər. Özətləyərək deyim ki, “Yeni Müsavat” ilk nömrəsindən bu günə hər nömrəsi, yazısı, məqaləsi maraqla oxunan, hadisə olan media quruluşu taleyi yaşayır.

- Kimlərin yazıları “Yeni Müsavat”da gedə bilməz?

- Belə bir ön şərt yoxdur. Print mediadan danışırıqsa, burada həcm azdır. Hər kəsin yazısı gedə bilməz, çünki bu qəzetdə ştatlı müxbirlər çalışırlar. Birinci onların yazısı getməlidir ki, qonorar alsınlar. Sayt isə çərçivə tanımır, hər kəsin yazısı gedə bilər. Sadəcə irqi, dini ayrıseçkilik, nifrət və həqarət məzmunlu, vətənə, bayrağa ilişən yazıları çap etmirik. Buna qanunumuz da imkan vermir. Yəni, insanlara qadağa yoxdur. Biz yazarlara yox, yazılara baxırıq...

- Hansı halda sifarişli yazılar vermək olar?

- Ancaq biznes-reklam şərtləriylə yazı mətnləri veririk.

- Bəzən, oxucu yalan məlumatın dərcindən, yayılmasından şikayətlənir. Lap elə "Yeni Müsavat"ın oxucusu olsun... Bu kimi hallar nəyə hesablanır?

- Yalan məlumat yox, yanlış məlumat ola bilər. Heç bir media quruluşu bilə-bilə, düzünə qəsdlə yalan məlumat yaymaz. Bu, daha çox onun özünə zərərdir. Sonra oxucu ondan küsür və oxumur. Yanlış məlumat, vicdanlı yanılma isə hər yerdə ola bilər. Çünki biz qaynar xəbərlə işləyirik. Ölkədə vəziyyət, dünyada trendlər dəyişir. Sosial media çap və elektron medianı üstələyir. Biz artıq onlarla yarışırıq, lakin bəzən mötəbərliyi operativliyə qurban veririk. Səhvlərimiz ciddi olanda, bunun əzabını dərindən yaşayırıq. Daxili müzakirələr, davalar, cəzalandırmalar olur. Yanlış məlumatın dərc olunmasında məsuliyyəti olan şəxslərə xəbərdarlıq edilir. Yaradıcı adamı bir dəfə danlamaq bəs edir...

- “Yeni Müsavat”dan yazı çıxarılırmı?

- O qədər... Məsələn, oğurluq hadisəsinin əks olunduğu bir video yayımlanmışdıq. Gənc qız qonşunun evindən oğurluq etmişdi. Qonşu da gizli kameraya düşən həmin görüntüləri yaymışdı. Atası israrla xahiş etdi, videonu saytdan çıxartdıq. Məhkəmə hökmü yox idi, məsələni aralarında həll etmişdilər, qonşu bağışlamışdı, videoda isə gənc bir qızın sifəti görünürdü və onu tanıyanlara qınaq obyektinə dönmüşdü. Biz qanunları və atanın xahişlərini nəzərə aldıq, videonu arxivdən götürdük. Bəzən övlad valideynin xahişini edir. Çox zaman da dövlət orqanları xahiş edir ki, hansısa materialı çıxaraq. Müxtəlif arqumentlərlə. Əsasən, həmin materiallardan ermənilərin necə istifadə edə biləcəyini əsas gətirirlər. Bəzən dövlətlərarası münaqişə, Azərbaycanın zərər çəkə biləcəyi arqumentləri gətirilir. Yazının qoyulub çıxarılması çox ağrılı bir prosesdir. Düşünürük ki, bu yanaşma doğru deyil, amma bəzən qarşısında dayana bilmirik…

- APA kimi bir media qurumunun bağlanması (qısa müddətli olsa belə) sizdə “Yeni Müsavat”ın bağlanma qorxusunu yaratdımı?

- Bəli, baş verən hadisə gözümüzü qorxutdu, narahat olduq. Daha çox daxili senzura yarandı. Bu, yaradıcı adam, yaradıcı mühit üçün heç də yaxşı hal deyil. O qorxuyla APA açılana qədər yaşadıq.

- Artıq o qorxu yoxdur?

- Var. Özünüsenzura çox ciddi şəkildədir. Bu, lazımsız gərginlik yaradır və sən xəbəri keyfiyyətli yaymaqdan daha çox, onun media qrupumuza verə biləcəyi fəsadı hesablamaq məcburiyyətində qalırsan. Bir çox tirajlı xəbərləri yaymaqdan vaz keçmişik. Azərbaycan qəzetçilik üçün çətin ölkədir. Bizdə hansısa media qurumuna rəhbərlik etmək, böyük bir müəssisəyə rəhbərlik etməkdən çox məsuliyyətlidir. 30 illik karyeram boyunca maraqlı situasiyalarla qarşılaşmışam… İnsanlar, siyasi düşərgələr və rəsmi qurumlar mətbuatda gedən səhvlərə daha dözümsüzdür, nəinki bir müəssisəni, nazirliyi, ölkəni çapıb-talayanlara olan münasibətdə. Dəhşətli dərəcədə fərq var. Bizi mənafelərinə toxunan bircə xəbərə, yazıya görə ittiham edirlər, suçlu çıxardırlar, yarğılayırlar...

- Sizə görə, millət vəkili mandatı, yoxsa jurnalistika?

- İndi hardayamsa, o. Lakin tanınmış bir jurnalistin millət vəkili olması modeli daha effektlidir, Azərbaycan üçün daha məqbuldur, nəinki başqa peşələrin. Qəzetçi əslində anadan qəzetçi doğulur. Əlinə mandat verməklə onu dəyişmirsən, tribunasını, platformasını, yararlılıq imkanlarını böyüdürsən.

- O zaman növbəti parlament seçkilərində sizi görəcəyik?

- Qismət. Uyğun seçki mühiti olsa, namizədliyimi verəcəm. Yox, əvvəlki kimi olsa, yəni seçkini udduğum halda mandat başqasına veriləcəksə, getməyəcəm və dövlətə küsəcəm.

- Media azadlığı hara kimi olmalıdır?

- Sadə bir insanın azadlığının sərhədinə qədər...

- Musavat.com-un canlı yayımları bu gün kifayət qədər səs gətirir. O canlı yayımlarla bağlı hansısa təzyiqlə üzləşmisiniz?

- Layihəmiz uğurlu alındı, ona görə də artıq təsirləri hiss etməyə başlamışam. Neqativ və pozitiv. Musavat.com uzun müddətdən sonra Azərbaycan efirinə iqtidar-müxalifət debatını gətirə bildi. Bu debat modeli də dərhal cəmiyyətin diqqət mərkəzinə gəldi. Lakin sonradan iqtidar tərəfi bu debatlara gəlməməyə başladı.

- Sizcə, bu niyə baş verdi?

- Dəqiq səbəbi bilmirəm. Amma onlar efirə çağırdığımız müxalifətçilərin çox radikal olduqlarını, şərhlərdə isə söyüş və təhqirlərin yazıldığını daha çox əsas gətirirlər. Üzdə dedikləri bu səbəblərdir. Tək gələndə də bəziləri şərhlərin silinməsini, yaxud yayımda şərh bölməsinin bağlanmasını istəyirlər. Onlara deyirəm ki, öz platformamızda mənim özümü də söyürlər, qəzetimizi də... İndi millətimizin söyüş fəslidir, nə edək!? Millət ellikcə sosial şəbəkəyə çıxıb, yaylağa çıxırmış kimi… Və sosial şəbəkələrin bütün seqmentlərində aparıcı element söyüşdür, hazırda. Zarafatla xalq yaradıcılığı da demək olar, prosesə. Əvvəl şərhlərdə söyürdülər, daha sonra bundan cəsarətlənənlər oldu, "Youtube" platformasında yeni “yutuberlər” peyda oldu, xitablarını söyüşlə başlayır, söyüşlə bitirirlər. Əvvəllər ancaq iqtidar, onun liderləri söyülürdü. İndi hər kəs hər kəsi söyür. Elə bir durum yaranıb ki, çıxıb getməyə də yer qalmayıb - efir dünya məkanıdır və onun sərhədləri yoxdu. Ona görə də buna dözməliyik - baş verən ümummilli fəlakət kimi bir şeydi, inşallah ki keçəcək. Lakin keçməsi üçün dua azdır. Bunu azaltmağın yolları var, konkretdir və mümkündür. Tənqid ölkənin efir və mediasından yığışdırılıb. Tənqid indi mühacirətdədi, kontrolsuzdu və oranın şərtlərində söyüşə çevrilib, ölkəmizə yağır. Bu barədə dəfələrlə açıq şəkildə yazmış və danışmışam . Xaricdəki xainlərin əlində silaha çevrilməməsi üçün, tənqidi Azərbaycana qaytarmaq, efirdə Heydər Əliyev modelinə qayıtmaq lazımdır. Belə bir güclü silahı bir dəstə nadanın, yazıb-oxumağı bacarmayanların istifadəsində saxlamaq, ondan imtina etmək və efirdə qadağalamaq doğru deyil. Real TV, İTV, APA və “Yeni Müsavat” kimi platformaları tənqidə, özü də sərt tənqidə, polemika və debatlara açmaq lazımdır. Təcrübə göstərdi ki, bundan iqtidara heç nə olmur, əksinə ölkədəki gərginlik daha da azalır, xarici faktorların daxili ictimai rəyi yönəltməsinə imkan və sahə qalmır…
Nə isə... Canlı yayımlardakı debat formatına iqtidar nümayəndələri gəlməməklə, kanalımızın populyarlığını xeyli zəiflətdi. İndi ‘tək tapança’ gəlirlər. Bir gün iqtidar, bir gün müxalifət təmsilçilərini çıxartmağa çalışırıq.

- KİVDF “Yeni Müsavat”a aylıq nə qədər pul ayırır?

- Bir neçə aydır ki, KİVDF-dən hər ay 20 000 manat pul alırıq. Çünki biz yeni müsabiqə şərtlərini keçdik, keçməyən qəzetlər oldu və iddiaçıların sayı azaldığı üçün bizim məbləğ artdı.

- Sizcə, KİVDF-dən alınan bu məbləğ asılılığa nə qədər xidmət edir?

- Burada iki variant var. Ya KİVDF-dən pul alıb, qəzeti çıxaracaqsan, ya da ümumiyyətlə, qəzet çıxarmayacaqsan. Sizcə, hansı yaxşıdır? Bu, Azərbaycan prezidenti tərəfindən çap mediasını qorumaq tədbiridir, KİVDF qurulmasa idi, Həsən bəy Zərdabidən başlayan çap mediamız yoxolma təhlükəsi ilə üzləşəcəkdi. "Çap mediasına – qəzetlərə qoyulan vəsaitlər boşunadır, gücü saytlara vermək lazımdır", - deyənləri anlayıram. Lakin ölkəmdə kağız qəzet ənənəsinin qalmasında da maraqlıyam və ona görə də ən asanını yox, ən çətinini seçmişik. Biz ölkə prezidentinin qəzetlərə ayırdığı dəstəyi batırmayan, onu ən effektli istifadə edən bəlkə də yeganə qəzetik. Yuxarıda qeyd etdiyim uğurlarımız var, biz onları - "Youtube" kanalını, 4 saytı, "Facebook"dakı böyük səhifəmizi, rusdilli auditoriyaya çıxış imkanlarını həm də bu cür dəstəyin hesabına yarada və təkmilləşdirə bilmişik. Doğrudur, ayrılan vəsait kağız və çap məsrəflərimizə zorla yetir. Çünki kağızın qiyməti çox bahalaşıb. Devalvasiya oldu və bir anda qiymət 730 manatdan 1400-1500 manata kimi qalxdı. Çap xərcləri 30%, boya və dəmir pulu (dozakl) da o qədər bahalaşdı. Lakin belə bir durumda KİVDF-dən gələn vəsait də olmasa idi, yəqin ki, qəzetlərin hamısı bağlanacaqdı. Kim bir tonu 1400 manata kağız alıb, qəzet buraxar ki? Bir çox kiçik saytların etdikləri məsrəf heç 1500 manatı aşmır. Yəni 1 ton qəzet kağızının puluna sayt saxlamaq da olar.

- Siyasi lider üçün media gücü nədir?

- Hər şey. Media gücü olmayan, onu yaratmayan, yaxud o gücə istinad etməyən siyasi lider, lider deyil, sekta müdiridir. Onun perspektivi yoxdur.

- Uğursuz lider anlayışı nə deməkdir?

- Uğursuz lider anlayışını anlamaq üçün Azərbaycan siyasətinə baxmaq lazımdır.

- Uzun illər təmsil olunduğunuz Müsavat Partiyasının rəhbərliyi necə, uğursuzdurlarmı?

- Siyasi standartlara, tələblərə görə, bəli. Futbol oyununu təsəvvür edin. Bir komanda var, 26 ildi ancaq uduzur. Məşqçilərin heçmi günahı yoxdur?!

- 2013-cü ildə müxalifət Rauf bəyə xəyanət etdi, yoxsa Rauf bəy müxalifətə?

- Milli Şura formatında olanlar Azərbaycana xəyanət etdilər. Bunun üstü açılacaq, hər kəs üçün… 2013-cü ilə qədər bütün müxalifətə, 15-ci ilə qədər də Müsavata təmənnasız media dəstəyi verdim, üstəlik heç kimdən maddi qarşılıq almadan. 2013-cü ildəki seçkilərdə Cəmil Həsənlini son ana qədər müdafiə etmişəm, gedib ona səs vermişəm. (Mən iqtidar təmsilçisinə, prezident İlham Əliyevə düşərgədən ayrılandan sonra, siyasi kimliyim olmayanda - 2018-ci ildə səs vermişəm.) Onun vəkili olmuşam, özü də bizə xüsusi təşəkkür edib. Amma mən ona təşəkkür edə bilmərəm. Çünki Milli Şura modelindəki xəyanətə o da qoşuldu. Sonra da gördüm ki, çox nanəcib və üzüdönük adamdı… Toplu halda, müxalifət liderləri uğursuzluqlarının səbəblərini mənə və qəzetimizə yükləməyi sevirlər. Həm Müsavat rəhbərləri, həm AXCP sədri öz elektoratına illərdir ki, hədəf olaraq məni göstərirlər. Bir qaralama, bir terror kampaniyasına hədəf oldum. Görünür, onlara belə rahatdı. Bilmirəm, bir başqası buna dayana bilərdimi, amma mən dayandım və qəzetçi kimi işimi davam etdirirəm. Onların yanında olanda da qəzetçi idim, indi də. Mən dəyişməmişəm. Sadəcə, uğursuz bir komandadan, yanlış aparılan bir siyasi xətdən ayrılmışam, onlara təmənnasız media dəstəyimi çəkmişəm. Rauf Arifoğlu 1989-cu ildən 2015-cu ilə qədər, bu düşərgəyə bütün gücü ilə dəstək verdi, liderlərin qorxub, geri çəkildiyi yerdə irəli getdi, məğlubiyyət və fərariliklərini yaradıcılıqla ört-basdır etdi, hər mərhələdə yanlarında oldu, Qaraca Çoban kimi, düşmənlərinə girdi; bütün kampaniyaların əsas tribunasını yaratdı, müxalifətin informasiya siyasətini qurdu, iqtidarın informasiya texnologiyalarını çox zaman iflic duruma saldı... İki dəfə həbsxanaya girdi, partiyaya böyük maddi dəstək verdi... Amma bir son olmalı idi, ömrümü bu uğursuzlara xidmətdə keçirdəsi deyildim ki. 2013-cü ildən sonra müxalif düşərgədə qalmağın mənası yox idi və mən qərarımı elə həmin il vermişdim. Özlərinin təqdim etdiyi kimi deyil, mən heç kimə xəyanət etmədim, kimsəni və dəyərlərimi satmadım. Qəzetimi də götürüb, kollektivin maraqlarını birinci sıraya qoydum. YAP-a keçmədim, mühacirətə qaçmadım. Nə qəzetimin adını, nə iş yerimi, nə ölkəmi, nə dinimi, nə də millətimi dəyişdim. Proses kifayət qədər şəffaf oldu. Bunu o zaman İsa Qəmbər dəqiq ifadə etmişdi… Sadəcə, yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı, indi də boş qalıb. O boşluğa hər şey deyilə bilər, amma xəyanət deyilməz. Üstündən xeyli zaman keçib və indi daha çox adam qəbullanır ki, mən düz etmişəm. Bir zamanlar məni suçlayanların bir çoxları artıq məndən qoruduqlarını özləri suçlayırlar. (Belələrinin mənə bir üzür borcu var.) Əminəm ki, zaman gələcək, bu gün məni günahlandıran siyasətdəki keçmiş dostlarımın nəvələri mənim siyasi manevrlərimi, çevik qərarlarımı dərsliklərdən, kitablardan oxuyacaqlar.

- Kimlərin sifətini gördünüz?

- Çoxlarının. 20-25 il təmənnasız xidmət etdiyim adamlar necə nanəcib, necə əməkitirən, haqq yeyən imişlər... Əslində, həbsxanada olan zaman onların dönüklüyünü görmüşdüm. Təsəvvür edin, 17 ay cəza evində oldum, uğrunda həbsdə yatdığım adamlar bir dəfə də gedib evimə baş çəkmədilər. 3 körpə övladımla maraqlanmadılar, heç olmasa, gedib bir şəkil nədir, onu da çəkdirmədilər. Atam, anam Bakıya gəlib-gedirdilər. Bir dəfə onları dəvət edib, görüşmədilər. Düşünün, sanki mən ölmüşdüm, amma hər şeyi görürdüm. Əslində, xəyanət budur. Dostluğa, partiyadaşlığa və insanlığa xəyanət. 2005-ci ildə həbsdən çıxan zaman mən bunlardan ayrılmalı idim. Düz 10 il gecikdim… Zaman irəlilədikcə, “Azərbaycanda dəyişikliyi kiminlə edəcəyik?” sualı qarşıma çıxdı. Suala özüm cavab tapdım - onların hakimiyyətə gəlməsi ən böyük fəlakətlərin daha böyüyü olar.

- Qərarınızdan peşman deyilsiniz ki?

- Yox, qəti şəkildə. O bataqlığın içərisində nə edə bilərdim? Onlar indi xaricdə sığınacaq almaq istəyən “bacarıqlı” adamlara “spravka” və bilet satırlar. Bununla dolanırlar. Vətəni satmaqla eşdəyərdədir...

- İnsan əqidəsini nə zaman dəyişə bilər?

- Bizdə əqidə deyiləndə, əsasən, siyasi mövqe başa düşülür. Amma bayaq da dediyim kimi, əqidə başqa kateqoriyalarla tövsif olunur. Siyasi mövqe iş yeri kimi bir şeydir. Nə zaman istəsən, dəyişə də bilərsən, ata da. Əqidə isə mənsub olduğun millətdir, daşıdığın dindir, qurduğun dövlətdir, şəhidlərin qanı ilə dikəldilən bayraqdır. Həm bunların təki, həm də cəmidir! Onlardan birini, ya da hamısını dəyişmək, heç də yaxşı şey deyil – xəyanətə bərabərdir. Amma bir partiyadan, hətta hansısa siyasi ideologiyadan imtina edib, digərini qəbul etmək, hər bir insanın haqqıdır və kimsə onu suçlamamalıdır. Siyasət, partiyalar və ideologiyalar hakimiyyətə gəlmə vasitəsidir, aracdır. Məqsəd hakimiyyətə gəlməkdirsə, malik olduğun vasitə buna imkan vermirsə və sən də 26 il bu vasitəni-aracı dəyişmirsənsə, elə axmağın təkisən.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Sizə uğur arzu edirəm, saytınıza da daha böyük oxucu kütləsinə çatmasını diləyirəm. Azərbaycanda saytların gücü, sayı nə qədər çox olsa, azadlıqlar da bir o qədər çox olmuş olar. Azərbaycanın bu azadlığa ehtiyacı var.