Elnur Əliyev: “Müasir dövrdə təhsilin texnologiya ilə ayaqlaşması asan deyil” Elnur Əliyev: “Müasir dövrdə təhsilin texnologiya ilə ayaqlaşması asan deyil”

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

Elnur Əliyev: “Müasir dövrdə təhsilin texnologiya ilə ayaqlaşması asan deyil”

Texnologiyaların təhsilə təsiri yeni trendər yaradıb

Məktəb təhsil prosesində və şəxsiyyətin formalaşmasında ilkin addımdır. Onun əsas vəzifəsi şagirdə müstəqil həyata başlamağa imkan verən zəruri bilik və bacarıqlar verməkdir. Bugünkü dünya sürətlə dəyişir, uyğun olaraq cəmiyyətin müasir məktəbdən gözləntiləri də artır.

Kaspi Liseyi də müasir dünya məktəbinin tələblərinə cavab vermək və fəaliyyətini bu istiqamətdə qurmaq baxımından mühüm nəticələr əldə edib. “Mükəmməl milli təhsil amalımızdır” devizi ilə yola çıxan təhsil ocağının dünya təhsilində baş verən trendlərə nə qədər adekvat fəaliyyət göstərməsi ilə bağlı Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev söhbət əsnasında suallara cavab verib.

AzNews.az həmin söhbəti – müsahibəni təqdim edir:

21-ci əsrdə müasir iş həyatının 3 əsas bacarığı

Bu gün dünyada müasir təhsilin çağırışları nələrdir?

- Son yüzillikdə dünyada dəyişim sürəti çox yüksəlib. Bu dəyişikliklər təhsildən də yan keçmir. Bu gün həyatın bir çox sahələrində diqtə edən texnologiyadır. Müasir dövrdə təhsilin texnologiya ilə ayaqlaşması asan deyil. Məktəb və valideyn texnologiyadan asılı vəziyyətə düşüb. Texnologiyaların bütün cəmiyyətin həyatına, o cümlədən təhsilə təsiri çoxlu yeni trendlər yaradıb. Bu trendlər həm şagird davranışlarında, həm tədris metodlarında, həm də ümumilikdə şagirdlərin təhsilə münasibətində fərqli baxış formalaşdırıb. Bugünkü təhsil sistemi, müəllim hazırlığı, dərsliklər və tədris metodları bu dəyişikliklərin sürəti ilə ayaqlaşmayanda artıq məktəb öz işini düz icra edə bilmir.

Qloballaşma prosesi təhsildən yan keçmir. Müasir dünyada sərhədlər açılır, mədəniyyətlərin, dəyərlərin inteqrasiyası baş verir. Bununla bağlı məktəblər də, təhsil sistemi də çevik reaksiya verməlidir.

Digər müasir çağırışlardan biri, bəlkə də ən əhəmiyyətlisi bacarıq yönümlü təhsilə keçiddir. 20-ci əsrdə bilik, savad məktəbin şagirdə verməli olduğu ən mühüm bacarıq idisə, bügün artıq biliklə yanaşı bacarıq yönlü təhsil vermək məktəblərin əsas vəzifəsinə çevrilir. Tədqiqatlar göstərir ki, ünsiyyət bacarığı, komandada işləmə, problem həlletmə bacarığı, tənqidi təfəkkür, yaradıcı düşüncə, innovativlik, texnoloji bacarıqlar, təqdimat bacarığı, liderlik, bilik və savadlılıq bu gün üçün ən əhəmiyyətli bacarıqlar kimi dəyərləndirilirlər. Google şirkəti hazırki iş dünyasında hansı bacarıqların aktual olması ilə bağlı tədqiqat aparıb və müasir iş həyatında ən çox tələb olunan bacarıqları müəyyən edib. Tədqiqatın nəticələri göstərib ki, ünsiyyət və əməkdaşlıq, komandada işləyə bilmə və problem həlletmə bacarıqları müasir iş həyatının ən çox tələb olunan 3 bacarığıdır. Müasir məktəb uşaqlarda sosial bacarıqların inkişafına xüsusi diqqət etməlidir.

Texnoloji biliklər bu gün çox önəmlidir, ancaq texnologiya təklikdə cəmiyyəti irəli aparmayacaq. Sağlam düşüncəli, yüksək dəyərləri olan insanlar ilə birlikdə bu mümkündür.

- Kaspi Liseyi öz fəaliyyətində bu trendlərə nə qədər cavab verir?

- Kaspi Təhsil Şirkətinin bir parçası olan Kaspi Liseyləri 2014-cü ildə fəaliyyətə başlayanda bütövlükdə təhsil proqramını bu çağırışların üzərində qurub. Keyfiyyətli təhsil devizi ilə işə başlayan Kaspi Liseyinin tədris proqramlarında texnoloji biliklərin inkişafı, dərsdən sonrakı sosial fəaliyyətlər, imtahanlar, hətta, ev tapşırıqlarının bacarıqyönümlü olması əsas xətdir. Kaspi Liseyində dərslər əsasən təcrübi biliklərin üzərində qurulur, imtahanların bir hissəsi təqdimat bacarıqları əsasında həyata keçirilir. Ev tapşırıqları belə bu məsələləri nəzərə alır. Şagirdlərin dərsdən sonrakı fəaliyyəti də fiziki və sosial bacarıqların inkişafına yönəlib. Məktəbin proqramında savadlılıq, ingilis dilini mükəmməl bilmə, yüksək riyazi biliklərlə yanaşı, sosial bacarıqların inkişafı prioritet istiqamətlərdəndir. Kaspi Liseylərinin qarşıya qoyduğu hədəf Vətənini, millətini sevən, eyni zamanda, qlobal düşüncəli, texnoloji və digər dəyişikliklərlə ayaqlaşan, qlobal səviyyədə yaşıdları ilə rəqabətə girə bilən, yüksək əxlaqlı, yüksək insanı dəyərlərə sahib Azərbaycan vətəndaşı yetişdirməkdir.

Ev tapşırıqlarına fərqli baxışlar

- Siz ev tapşırığı məsələsinə toxundunuz. Hazırda valideynləri ən çox düşündürən suallardan biri ev tapşırıqları ilə bağlıdır. Bu gün bir çox valideynlər uşaqlara evə verilən tapşırıqların çoxluğundan şikayət edir. Müasir məktəbin ev tapşırıqlarına yanaşması necə olmalıdır?

- Dünyada böyük təhsil debatlarından biri məhz ev tapşırıqlarının necə olması ilə bağlıdır. Araşdırmalar göstərir ki, müxtəlif dönəmlərdə ev tapşırıqlarının faydalı və ya ziyanlı olması ilə bağlı mövqelər dəyişib. Keçmişdə də ev tapşırıqlarına qarşı çıxılıb. Yəni ev tapşırıqları çox verilərsə, şagird ailədə ev işlərinə kömək edə bilmirmiş. Tarixin başqa bir dövründə savadlılıq, biliklilik məsələsi aktuallaşanda ev tapşırıqlarının əhəmiyyəti yenidən artıb. Bu gün də bu mövzuda debatlar davam edir. Bəli, bu gün bir çox valideynlər aşağı siniflərdə uşaqlara evə verilən tapşırıqların çoxluğundan şikayət edir. Uşaqlar dərsdən yorğun gəldikdən sonra hər gün saatlarla ev tapşırıqlarına vaxt ayırmalı olurlar. Bu prosesə işdən yorğun gəlmiş valideyn də qoşulur. Və ya bir çox hallarda bu tapşırıqlar yaxşı halda valideyn və şagirdin birgə səyləri ilə edilir və ya şagird əlavə repetitor xidmətinin köməyi ilə evə verilmiş tapşırığı yerinə yetirir.

Nəticədə onsuz da dərslərin zehni yorğunluğu ilə evə gəlmiş şagird evdə zehni fəaliyyəti saatlarla davam etdirməli olur. Bu, gələcəkdə xroniki yorğunluq, dərslərə, oxumağa qarşı həvəssizlik yarada bilir. Əlavə olaraq, ev tapşırığı çoxluğu ailədə valideynlər arasında, həmçinin valideyn və uşaq, valideyn və müəllim, şagird və müəllim arasında mübahisə, stress, konfliktlərə də gətirib çıxara bilər. Məsələn, işdən bəzən yorğun, bəzən kefsiz gələn valideyn məcburən gecə yarısınadək uşaqla ev tapşırığı işləyərkən əsəbiləşir, qıcıqlanır.

Qeyd edim ki, təcrübəmizdə bəzən onunla da rastlaşırıq ki, valideynlərin bir hissəsi ev tapşırıqlarının çoxluğundan şikayət etdiyi halda, digər bir qrupu məktəbdən, müəllimdən əlavə, daha çox ev tapşırığı istəyir. Müəllimlər, məktəb çaş-baş qalır. Bir çox hallarda səbəb göstərilir ki, uşaq bütün günü evdə boş qalır və bütün günü kompyuter, video oyunlarla məşğul olur. Məncə, uşağın dərsdən sonrakı boş vaxtının evdə və ya kənarda keyfiyyətli keçirilməsinin təşkili valideynin məsuliyyətinə aid məsələdir.

Ümumiyyətlə, ev tapşırığının ana məqsədi həmişə şagirdin məktəbdə öyrəndiklərinin möhkəmləndirilməsinə, müstəqil işləməsi üçün şərait yaradılmasına, intizam vərdişinin formalaşmasına və valideynin şagirdin təhsil prosesinə cəlb olunmasına yönəlməlidir. Bu məqsəd yerinə yetirildikdə ev tapşırığı faydalı olur. Burada müəllim peşəkarlığı qabarıq şəkildə önə çıxır. Məsələn, riyaziyyatdan 5 sual həll etmək mövzunu möhkəmləndirməyə kifayət edirsə, eyni mövzu üzrə evə 50 əlavə sual verməyin heç bir əhəmiyyəti yoxdur. Önəmli məsələlərdən biri ev tapşırıqlarının çətinlik səviyyəsidir. Bu tapşırıqlar elə olmalıdır ki, şagirdi həvəsdən salmasın, yormasın, bezdirməsin, əlavə zehni yorğunluğuna səbəb olmasın. Həmçinin, valideyni prosesdə qıcıqlandırmasın, stress vəziyyətinə gətirməsin. Ev tapşırığının həcmi və şagirdin buna ayıracağı vaxt da nəzərə alınmalıdır.

Ev tapşırığı mövzusuna ibtidai siniflərdə və yuxarı siniflərdə fərqli baxılmalıdır. İbtidai siniflərdə şagird dərslərini daha çox məktəbdə öyrənməlidir. Uşaq inkişafı bəlli yaşa qədər test tapşırıqlarını evdə işləməklə deyil, fərdi və kollektiv oyunlardan daha çox keçir. Şagirdin məktəbdən sonrakı fəaliyyəti sosial, fiziki inkişaf, sevdiyi fəaliyyətlərlə, oyunlar istiqamətində davam etməsi daha yaxşı olar.

Bir çox inkişaf etmiş ölkələrdə birinci sinif şagirdlərinə ev tapşırıqları ya verilmir, ya da həftə bir dəfə həcmi kiçik olmaqla oxu vərdişləri və ya təhsil nizam-intizamı formalaşdırmaq, valideynlə birgə işləmək məqsədilə verilir. Yəni şagirdlər, xüsusən aşağı yaşlarda ev tapşırıqlarına cüzi vaxt ayırmalıdırlar. Onların öyrənməsi daha çox məktəbdə baş verməlidir. Belə olduqda şagirdə verilən ev tapşırığı onun inkişafına kömək edir, əlavə stress və qayğıya çevrilməz.

- Valideynləri narahat edən digər məsələlərdən biri də sinifdə optimal şagird sayıdır. Sizcə optimal şagird sayı necə olmalıdır?

- Sinifdə şagird sayı məsələsi ilə bağlı bir çox araşdırmaların nəticəsi sinifdə şagird sayının önəmli olduğunu göstərir. Ancaq sinif ölçüsü məsələsində şagirdin məmnunluğu, müəllimlə ünsiyyət qurmaq imkanı, müəllimin onun fərdi ehtiyaclarına reaksiya verə bilməsi məqamları önəmlidir.

Bir sıra tədqiqatlara əsasən 15-20 şagird saylı siniflər kiçik, 21-30 arası orta, 31-40 arası böyük ölçülü siniflər hesab olunur. Bəzi araşdırma nəticələri göstərir ki, sinifdə müəllimin şagirdə fərdi yanaşa bilməsi üçün şagird sayı çox olmamalıdır. Çünki sinifdə şagird sayı az olduqda müəllim hər bir şagirdə daha çox vaxt və diqqət ayıra bilər. Digər yanaşmaya əsasən, müəllimlərin peşəkarlıq keyfiyyətləri şagirdlərin öyrənmə prosesinə daha çox təsir edir, nəinki sinifdəki şagird sayı. Yəni işini sevərək yerinə yetirən, yüksək bacarıqlı, doğru metodlar istifadə edən müəllim şagird sayından çox asılı olmadan yüksək nailiyyətlər əldə edə bilər. Başqa sözlə desək, müəllim peşəkar və effektiv deyilsə, şagird sayının çox, ya az olması böyük bir nəticəyə gətirib çıxarmayacaq.

Məsələn, Finlandiya məktəblərində sinifdə ortalama şagird sayı təxminən 20-21 arasındadır. Ümumilikdə, Avropa ölkələrinə nəzər saldıqda bu rəqəm 20-25 arası dəyişir. Ancaq Sinqapurda siniflərdə ortalama şagird sayı 30-35 arası dəyişir. Misal göstərdiyim hər iki ölkə dünya üzrə şagird nailiyyətləri yüksək olan ölkələr sırasında ilk yerlərdədirlər. Bu ölkələrin hər ikisində oxşar tərəfi budur ki, müəllimlərin peşəkarlıq qabiliyyətlərinin inkişafına xüsusi önəm verilir. Düşünürəm ki, burada əsas məsələ müəllim peşəkarlığı və optimal ölçünü tapmaqdır. Bu gün bizim ölkəmizdə bəzi hallarda, xüsusən əhali sıx məskunlaşan yerlərdə siniflərdə 40 və ya daha artıq uşaqların olması halına rast gəlirik. Düşünürəm ki, 40 və daha çox şagird sayı tədrisi effektiv təşkil etməyə mane olur.

Aşağı siniflərə uyğun olmayan repetitorluq

- Hazırkı təhsil sahəsində çox aktual olan repetitor hazırlığı məsələsinə toxunmaya bilmərik. Bu tendensiya bizdə çox aktualdır. Şagirdlərin artıq erkən ibtidai siniflərdən başlayaraq dərsdən sonra əlavə repetitor hazırlıqlarına getməsi kütləvi hal alıb. Bu, məktəbin rolunu bir az arxa plana salmırmı?

- Repetitorluq dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda son dönəmlərdə xüsusilə geniş vüsət alıb. Repetitorluq bir reallıqdır və biz bunu dana bilmərik. Bu, daha çox şagirdlərin imtahanlara, xüsusən qəbul imtahanlarına hazırlığı dönəmi üçün aktual məsələ kimi qəbul olunur. Ancaq fikrimcə, Azərbaycanda bu məsələdə bir mənfi tendensiya da hökm sürməkdədir. Hazırda ölkəmizdə məktəbin ilk sinfindən şagirdlərin dərsdən sonra əlavə repetitor hazırlığına cəlb olunması geniş yayılıb. Hətta, 1-ci, 2-ci siniflərdən belə şagirdlər dərsdən sonra repetitor hazırlığına gedirlər. Bir çox hallarda məktəbdəki sinif müəlliminin repetitor kimi çıxış etməsinin şahidi oluruq. Bu, 2 vacib məqamı sual altına alır. Əvvəla, əgər ibtidai siniflərdə dərslər düzgün tədris olunursa, şagirdin dərsdən sonra həmin müəllimlə repetitor hazırlığına nə ehtiyac var? İkincisi, bu uşağın beyninin aşağı yaşlardan daha çox yüklənməsinə gətirib çıxarır ki, bu da uşağın inkişafına mənfi təsir edəcək. Bu baxımdan, repetitor hazırlığı sistemi aşağı siniflərdə uyğun deyil. Düşünürəm ki, təhsil sistemi bununla bağlı bir reaksiya verməlidir. Əksinə, biz şərait yaratmalıyıq ki, şagirdlər məktəbdən sonra sosial, fiziki fəaliyyətlə məşğul olsunlar, oyunlara vaxt ayıra bilsinlər. Onların digər tərəflərini inkişaf etdirəcək məşğuliyyətlərə cəlb edilməsi həm fiziki, həm də həm sosial, həm də yaradıcılıq baxımından inkişaf etmələri üçün daha önəmlidir.

- Olimpiada nəticələri yalnız bir məktəbin deyil, bir ölkənin təhsil göstəricisi hesab olunur. Olimpiadalarda iştirak şagirdlərə nə üçün lazımdır?

- Ümumiyyətlə, fənn olimpiadalarının ana funksiyası şagirdlərin xüsusi bacarığını aşkara çıxarmaq, inkişaf etdirmək və gələcəkdə də bu fənlərin inkişafında təhsilalanları mütəxəssis olaraq proseslərə cəlb etməkdir. İstənilən halda, fənn olimpiadalarının olması həm şagirdlərin fənn üzrə qabiliyyətlərini inkişaf etdirir, həm də gələcəkdə bu sahə üzrə onlara möhkəm bünövrə vermiş olur.

Kaspi Liseyində olimpiada istiqamətində xüsusi fəaliyyət proqramı mövcuddur. 6-cı sinifdən etibarən hər hansı bir fənn üzrə potensialı olan uşağın elə Kaspi Liseyində olimpiada qrupuna düşüb orda dərsdən əlavə xüsusi olimpiada müəllimləri və proqramı ilə hazırlaşmasına imkan var. Qeyd edim ki, biz bu fəaliyyətə iki il əvvəl başlamışıq və artıq müsbət nəticələr əldə edilir. Kaspi Liseyinin respublika fənn olimpiadalarında, “sabahın alimləri” respublika müsabiqəsində medal qazanmış şagirdləri var. Həmçinin, şagirdlərimizi fənn olimpiadaları ilə bərabər, robotiks və digər layihə olimpiadalarına da hazırlayırıq. Kaspi-nin olimpiada şöbəsi bir sıra beynəlxalq olimpiadalarda liseyimizi təmsil edib. Yalnız 2018-2019-cu tədris ilində liseyimizin şagirdləri müxtəlif beynəlxalq olimpiadalardan 42 medal qazanıblar. Bu onu göstərir ki, olimpiada hazırlıqları müsbət nəticələr verir. Şagirdlər bu yarışlarda təkcə fənlərlə bağlı bacarıqlarını deyil, həmçinin sosial və müstəqil qərar vermə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda, bu nəticələr imkan verir ki, şagirdlərimiz nüfuzlu xarici universitetlərə qəbul olsunlar, təqaüdlər qazansınlar. Kaspi Liseyi məzunlarının bu cür uğurları da var.

- Söhbətin əvvəlində qeyd etdiniz ki, tədrisin əsas rolu cəmiyyət üçün yaxşı insan yetişdirməkdir. Yaxşı vətəndaş və uğurlu təhsil məsələsinin ortaq nöqtəsini necə adlandırırsınız?

- Yaxşı vətəndaş doğru dəyərləri olan vətəndaşdır. Bu vətəndaş həm öz ölkəsini, vətənini sevməli, həm də onda insanlara sevgi, hörmət, məsuliyyət yüksək səviyyədə olmalıdır. Bu vətəndaş məsuliyyətli, nizam-intizamlı vətəndaşdırsa, o, istənilən peşədə də uğur qazanacaq. Düşünürəm ki, məktəb, valideyn, cəmiyyətin digər sosial institutları əl-ələ verərək gələcək nəslin doğru bilik, bacarıq və sağlam dəyərlərlərlə inkişaf etməsinə çalışsa, məktəb doğru vətəndaş yetişdirə biləcək. Nəticədə, inkişaf etmiş, ədalətli və xoşbəxt cəmiyyətimiz olacaq.