“Bundan sonra qalib bir millətin qadını, anası kimi fəaliyyətimə davam edəcəm” “Bundan sonra qalib bir millətin qadını, anası kimi fəaliyyətimə davam edəcəm”

Tənzilə Rüstəmxanlı: “Prezident tərəfindən təqdir olunmaq mənim üçün çox önəmlidir”

“Bundan sonra qalib bir millətin qadını, anası kimi fəaliyyətimə davam edəcəm”

Ötən gün Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri, “Azərittifaq” - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sədrinin birinci müavini Tənzilə Rüstəmxanlıya Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi “Şöhrət” ordeni təqdim olunub.

Qeyd edək ki, ölkə Prezidenti bununla bağlı ötən il dekabrın 30-da Sərəncam imzalamışdı. Sərəncamda bildirilirdi ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Məsələ ilə bağlı Tənzilə Rüstəmxanlı ilə telefon əlaqəsi saxlayıb, təəssüratlarını öyrəndik:

- Tənzilə xanım, bir daha təltif olunmağınız münasibəti ilə sizi təbrik edir, daha böyük uğurlar diləyirik. Bu günə qədər bir çox ad və mükafatlara layiq görülmüsünüz. Onların arasında “Şöhrət” ordeninin sizin üçün hansı özəlliyi var?

- Diqqətinizə görə çox təşəkkür edirəm. Artıq təltif olunmağım ilə bağlı çoxlu sayda təbriklər almışam.

Xatırladım ki, ötən ilin dekabr ayının 30-da cənab Prezidentimizin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdum. Ötən gün isə orden mənə rəsmi olaraq təqdim olundu. Əlbəttə ki, bu cür ordeni almaq, milləti tərəfindən dəyərləndirilmək, Prezident tərəfindən təqdir olunmaq mənim üçün çox önəmlidir. Bildiyiniz kimi, bu vaxta qədər “Tərəqqi” ordeninə layiq görülmüşəm, türk dünyasının elə bir qurumu yoxdur ki, onların ödülünü almayım. Lakin bu qədər iş-gücün arasında, hansı ki, həmin vaxt Qarabağ müharibəsi yenicə bitmişdi, yəni belə bir zamanda Prezidentin mənimlə bağlı qərar qəbul edib, “Şöhrət” ordeninə layiq görməsi çox qürurvericidir. Bu mükafatın ən böyük qürurunu həm də ona görə yaşadım ki, qalib bir xalqın, Qarabağı azad etmiş ordunun Ali Baş Komandanın əlindən aldım. Bu, mənim üçün ikiqat şərəfdir. Artıq öz millətim haqqında danışanda böyük qürurla, başı dik danışacam, çünki millətim həqiqətən qəhrəmandır. 200 il torpaq itkisi ilə üz-üzə qalan Azərbaycan ilk dəfə idi ki, öz torpağını geri qaytarırdı. Əlbəttə ki, bu işin memarı Azərbaycan xalqı, milləti, ordusu və ona rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevdir. Bundan sonra qalib bir millətin qadını, anası kimi fəaliyyətimə davam edəcəm və bunun qüruru bir başqadır. Bunun üçün cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm.

- Ötən ilin noyabr ayında 60 illik yubileyiniz oldu. Yəqin ki, postmüharibə dövrünün ilk günlərinə düşdüyü üçün yubileyinizi qeyd etmədiniz. İl ərzində bunu həyata keçirməyi düşünürsünüzmü?

- Əlbəttə ki, səbəblərdən biri də pandemiya idi. Düşünürəm ki, pandemiya səngiyərsə, ola bilsin ki, yubileyimi qeyd edim. Bildirim ki, bu il həm də cəmiyyətimizin 25 illiyi oldu. Onu türk qurultayı kimi keçirəcəyik. Əgər ortam yaranarsa, həmin vaxt yubileyimi də qeyd edərəm.

- 60 yaşlı Tənzilə xanım geri boylananda ən çox nəyin acısını, xiffətini çəkir?

- İndi heç nəyin. Əlbəttə ki, itkilərimiz çox olub, hər birimiz acılar yaşamışıq. Mən torpağı hələ də erməni əsarəti altında olan bölgənin övladıyam. Mənim doğulub-böyüdüyüm İrəvan bölgəsi hələ də Ermənistanın əsarətindədir, babalarımın, atamın, ailəmin məzarlıqları onların ayaqları altındadır. Bu məsələ ilə bağlı hər zaman xiffət çəkirəm və düşünürəm ki, görəsən nə vaxtsa doğulduğum, böyüdüyüm yurdumu bir də görə biləcəyəmmi? Bu ağrı məni çox incidir. Lakin inanın, Qarabağ işğaldan azad olunduqdan sonra həmin ağrılarım bir qədər yüngülləşdi. Çünki bizim ən yaxın tariximizdə yaşadığımız ən ağır acılarla itirdiyimiz torpaq idi Qarabağ. Orada Xocalı faciəsini yaşamışıq. Azərbaycan Prezidenti bu müharibə dövründə dünyaya qarşı mübarizə apardı. Təkcə Ali baş Komandan kimi deyil, həm də tarixçi kimi. Xatırlayırsınızsa, xarici ölkələrdən gələn jurnalistlərə bir tarix dərsi keçirdi. Beləliklə, Qarabağın Azərbaycan olması geriyə dönüb təəssüflənəcək, acı çəkəcək ciddi bir şey buraxmadı.

- Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri kifayət qədər dünyaya çatdıra bilirikmi?

- Niyəsə bəzən gördüyümüz işləri çox da dəyərləndirmirik. O mənada ki, çox da gözümüzdə böyütmürük. Deyə bilərəm ki, Azərbaycan diasporu son illərdə çox güclü işlədi. Əgər Azərbaycan diasporu güclü işləməsəydi, dünya ictimaiyyətinin rəyi çox ciddi şəkildə Azərbaycana qarşı dura bilərdi. Müşahidə etdik ki, 44 günlük müharibədə dünya bu məsələyə çox da ciddi reaksiya vermədi, yəni ermənilərin tərəfini saxlayanlar çox olmadı. Əlbəttə ki, bu, həm də Azərbaycan millətinin, diasporunun gördüyü işin nəticəsi idi. Təkcə yəhudi diasporunun Azərbaycanın yanında olması bizim üçün böyük dəstək oldu. Həmçinin qardaş Türkiyənin, Pakistanın yanımızda olması bizə böyük güc oldu.

Bildiyiniz kimi artıq Xocalı faciəsi bir çox ölkələrdə tanınmağa başlayıb və bu davam edir. Lakin Qarabağın azad olunması bizim yaxın tariximizdə, həmçinin 1918-ci ildə daxil olmaqla digər illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları unutdurmayacaq. Xocalı soyqırımı isə heç bir zaman unudulmayacaq. Xocalıya ədalət bərpa olunana qədər bu mübarizə davam edəcək.

- Sizin Azərbaycan və Türkiyə, o cümlədən, türk xalqları arasında mədəni əlaqələrin inkişafındakı xidmətləriniz danılmazdır. Qarşıda hansı tədbir və layihələri planlaşdırırsınız?

- Belə bir ənənə yaratmışdıq ki, hər il mayın 3-ü Türkçülük Günü kimi qeyd olunurdu. Bunu türk qurultayı kimi keçirirdik və imkan daxilində türk sənət adamlarını, ziyalılarını da ölkəmizə dəvət edirdik. Düşünürük ki, may ayında pandemiya aradan qalxarsa, bu tədbiri yenidən keçirək. Həmçinin fikrim var ki, təxminən payız aylarında 44 günlük Vətən müharibəsinin nəticələrini müzakirə edəcək elmi konfrans təşkil edək".