Fransa ona süni şəkildə verilmiş imtiyazlardan öz xeyrinə istifadə edir Fransa ona süni şəkildə verilmiş imtiyazlardan öz xeyrinə istifadə edir

Fransa bununla vasitəçilik missiyasının üstündən xətt çəkdi - Əhməd Abbasbəyli

Fransa ona süni şəkildə verilmiş imtiyazlardan öz xeyrinə istifadə edir

Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub. Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.

Mövzu ilə bağlı AzNews.az analitik-informasiya portalının suallarını “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli cavablandırır:

- Fransa parlamentdə korsikalıların dilindən istifadəni qadağan edib. Bu Fransanın şovinist siyasəti deyilmi?

- Bu, Fransanın beynəlxalq hüquq normalarına etinasızlığıdır. Eyni zamanda millətlərin öz dilindən, adət-ənənəsindən istifadə etmək hüquqlarının pozulmasıdır. Fransa bir tərəfdən öz ərazisində olan etnik xalqların hüquqlarını pozur, onların öz dillərindən minimum istifadəsinə şərait yaratmır. O biri tərəfdən isə başqa xalqların ərazisində separatizmə dəstək verərək guya ki, xalqların öz müqəddəratını həll etmək kimi bu və ya digər qəbildən olan hüquqlarının pozulmasına qarşı çıxırmış imici yaradır. Əslində bu, həm riyakarlıq, həm də ikili standartlarla yanaşmadır.

- Nəyə görə Fransa öz ərazisində yaşayan etnik azlıqların hüquqlarını pozur?

- Burada bir çox səbəb tapmaq olar. Bu, ilk olaraq Fransanın özünə arxayınlığından irəli gəlir. Tarix boyu Avropada Fransa üçün ərköyün bir dövlət imici yaradılıb. Ona toxunulmazlıq statusu verilib. Birinci dünya müharibəsində məğlub oldu, amma onu masaya qalib kimi əyləşdirdilər. İkinci dünya müharibəsində Almaniya bir həftənin içində Parisi aldı, amma müharibənin sonunda yenə də qalib kimi masa arxasına onu otuzdurdular. Heç bir haqqı olmadan BMT-nin daimi nümayəndələrindən biri kimi Fransanı ora daxil etdilər. BMT-nin rəsmi dillərindən biri kimi fransız dilini əlavə etdilər. Düzdür, Fransa xalqının dünya tarixinə, mədəniyyətinə töhfələri var. Böyük şairləri, yazıçıları, alimləri var. Amma bu Fransa dövlətinin bu məsələlərdə bu cür ərköyünlük etməsinə əsas vermir. Son dövrlər trendə çevrilmiş bir ifadə var: “Dünya beş dövlətdən ibarət deyil”. Fransa bu statusdan çox sui-istifadə edir. Dünya çapında beynəlxalq hüquqa birinci növbədə onlar riayət etməlidirlər, amma Fransa beynəlxalq hüququ pozur. Heç bir təsir imkanı olmaya-olmaya hər yerə qarışmağa çalışırlar. Onlara süni şəkildə verilmiş imtiyazlardan öz xeyirlərinə istifadə etməyə, dövlətin nüfuzunu artırmağa çalışırlar. Əslində isə dünyada onlardan həm proseslərə ədalətli yanaşmaq, həm də güc baxımından kifayət qədər nüfuzlu dövlətlər var.

- Fransa bu şəkildə öz ərazisində milli haqları pozur, onun dünyada demokratiyadan, insan haqqlarından danışmağa mənəvi haqqı varmı?

- Fransa dövləti, Fransa siyasi liderləri əvvəlcə öz dövlətlərinin daxilində olan problemi həll etsin. Orada yaşayan xalqların minimum hüquqlarını təmin etsin. Fransada yaşayan sonradan gəlmələr, çox sayda ərəblər, müsəlmanlar diskriminasiyaya uğrayırlar. Fransa əvvəlcə bu problemləri həll etsin, ondan sonra müəyyən uğurlar qazansa, digər xalqlara da nümunə yaxud irad göstərə bilər. Fransa bu sahədə ən az haqqı olan dövlətlərdən biridir. Mən hələ tarixi açıb tökmürəm. Onlar Afrikada nə oyunlar çıxarıb, nə qədər insanları genosidə məruz qoyub. Fransanın qətiyyən bu məsələlərdə haqqı yoxdur. Fransa dünya tarixində digər xalqlara zülm verən, genosidə məruz qoyan, onları aşağılayan, milli mədəniyyətini, dilini, adət ənənələrini məhv edən qəddar, imperialist dövlətlərdən biridir.

- Fransanın bu qərarı bütövlükdə Avropa dəyərlərini, Qərb dəyərlərini şübhə altına almırmı?

- Bu fransız xalqı kimi həm mədəni, həm dövlətçilik ənənəsi olan xalq digərlərinə nümunə göstərməlidir ki, həm hüquqa hörmət edirlər, həm kiçik xalqların mənafeyinin, mədəniyyətinin qorunmasına xidmət edir, onların tutduğu mövqeyə hörmətlə yanaşırlar. Xalqın böyüklüyü əslində ətrafında olan kiçik xalqlara münasibətindən irəli gələn bir məsələdir. Bu gün Fransa öz ərazisində olan kiçik xalqlara yuxardan aşağı baxacaq, hüquqlarını tapdalayacaq, öz dilində danışmaq imkanı yaratmayacaqsa, digər dövlətlərə irad tutmasının mənası yoxdur. Təəssüf ki, Fransa hökuməti heç birini dəstəkləmir, əksinə əzir. Faktiki olaraq həmin xalqların hüquqları tapdalanır. Onlar dünyaya pis nümunə göstərirlər. Bu gün Fransa özü bu qaydaları pozub, bütün bu prosesləri mənfi mənada tənzimləyirsə, onun digər proseslərə obyektiv yanaşması artıq şübhəlidir. Biz öz təcrübəmizdən də buna nümunə göstərə bilərik. MİNSK qrupunda Fransanın çox fəal iştirakı ilə 30 il bizim torpaqlarımız işğal altında qaldı. Ermənistana heç bir irad tutan olmadı, gözünün üstündə qaşın var deyən olmadı. Bütün bu proseslərə bir don geyindirərək sanki sülh danışıqları aparırmış kimi davranaraq əslində bizim başımızın altına yastıq qoymaqla işğalı leqallaşdırmağa çalışırdılar. Nəticədə biz ordumuzun gücü ilə, Ali Baş Komandanın iradəsi hesabına torpaqlarımızı işğaldan azad elədik. Artıq Fransanın maskası cırıldı. Fransa torpaqlarımız azad edildikdən sonra açıq şəkildə Azərbaycana qarşı qərəzli münasibət göstərərək birbaşa Ermənistanın mövqeyini müdafiə edir. Hətta bununla da yanaşı ədalətsizliyin, qeyri-obyektivliyin, həyasızlığın dərəcəsinə bax ki, deyir vasitəçi kimi çıxış edim. Sənin nə haqqın var vasitəçi kimi çıxış edəsən?! Sən açıq şəkildə Ermənistanın himayədarısan. Bir böyük bacı kimi balaca bacını müdafiə eliyirsən. Sənin nə haqqın var mənimlə bir masada oturmağa?! Artıq bütün haqqlarını özün tapdalamısan. Eyni zamanda bununla bağlı öz ölkəndə Korsika vətəndaşlarına haqsızlıq edərək artıq dünyada bu missiyanın üstündən xətt çəkmisən. Sən heç bir danışıq prosesində vasitəçi ola bilməzsən, sən heç bir ədalətli qərar çıxarmaq imkanına malik deyilsən.

Rəşid QARAYEV