AzNews.az analitik-informasiya portalının suallarını tanınmış jurnalist və QHT sədri Rəfail Becanov cavablandırır: AzNews.az analitik-informasiya portalının suallarını tanınmış jurnalist və QHT sədri Rəfail Becanov cavablandırır:

"Novella xanıma qarşı kampaniya aparanlar qeyri-qanuni qrantlara görə cavab verməlidirlər" - İNTROSPEKTİV MÜSAHİBƏ

AzNews.az analitik-informasiya portalının suallarını tanınmış jurnalist və QHT sədri Rəfail Becanov cavablandırır:

- Cənab Becanov, Azərbaycanın görkəmli hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı linç kampaniyası aparılır. Bununla bağlı fikirlərinizi bölüşməyinizi rica edirik.

- Novella xanım Azərbaycan ictimai həyatında çox önəmli, vacib, hər zaman dəyər verilən bir insan olub. Onun fəaliyyəti təkcə hüquq müdafiəçisi kimi olmayıb, o həm də milli azadlıq hərəkatının iştirakçılarından, ən aparıcı, aktiv üzvlərindən və eyni zamanda simvollarından biri olub. Ona görə Novella xanımı dəyərləndirərkən, onun haqqında danışarkən bu faktorları, nüansları unutmaq olmaz. Sonrakı dövr fəaliyyətində isə hüquq müdafiəçisi olaraq Novella xanım Azərbaycanda həbsdə olan, siyasi mövqeyindən, əqidəsindən, ictimai nüfuzundan asılı olmayaraq bütün insanların müdafiəçisi olub. Onun fəaliyyətin yalnız siyasi mənsubiyyəti olan məhbusların müdafiəsi ilə çərçivəlnmir. Ən xırda məişət hadisəsinə görə belə həbs olunan olubsa, o adamların da yanında olub, onları müdafiə edib. Novella xanım haqqında danışarkən, fəaliyyətini təftiş edərkən birincisi bu haqqlara, imkanlara, düşüncələrə malik olmaq lazımdır ki, onu təftiş edəsən. Bu gün onu təftiş edən, fəaliyyətinə kölgə salmağa cəhd edən nə Azərbaycan üçün, nə də hüquq müdafiə sahəsində Novella xanımın etdiyinin mində birini etməyib. Ona görə də birmənalı şəkildə bu adamlar qınanılmalı, onlara ictimai qınaq şəklində yerləri göstərilməlidir ki, onlar öz hədlərini bilsinlər. Novella xanıma qarşı təşkil olunan bu linç kampaniyasının başında duranlar anlamalıdırlar ki, yel qayadan heçnə apara bilməz. Novella Cəfəroğlunun fəaliyyəti hər zaman şəffaf olub, öz düşündüyünü deyib. Bu gün kiminsə xoşuna gəlməyən fikir səsləndiribsə, bu onun şəxsi mövqeyidir. O kimlərinsə düşüncəsini söyləməyə, tərəfində olmağa məcbur deyil. Bu baxımdan hesab edirəm ki, bu linç kampaniyasını aparanlar məğlubiyyətə məhkumdurlar. Dünəndən biz görürük ki, sosial şəbəkələrdə, ictimai platformalarda Novella xanımı kimliyindən asılı olmayaraq, mövqeyindən asılı olmayaraq, onu tanıyan və tanımayan hər kəs müdafiə edir. Çünki bilirlər ki, o hər zaman haqq mövqedə olub, bu gün də haqq mövqedədir.

- Bu cür linç kampaniyaları Azərbaycanda adətən Əli Kərimlinin çevrəsində olanlar və son vaxtlarda bir çox müsavatçılar tərəfindən aparılır. Niyə linç kampaniyasını hər zaman bu qruplar aparır? Söyüşə, təhqirə niyə məhz onlar əl atır?

- Bizim dostlardan birinin bir məşhur sözü var: “Azərbaycana trolluğu Əli Kərimli gətirib”. Biz bilirik ki, Azərbaycan ictimai-siyasi həyatında söyüş söymək, qarşındakı kimisə linç eləmək, onun kimi düşünməyənləri şantaja və böhtana məruz qoymaq konkret olaraq Əli Kərimli və onun ətrafında formalaşmış bir avantürist qrupun işi olub. Onlar üçün əhəmiyyəti yoxdur qarşılarındakı kimdir, Azərbaycan üçün böyük işlər görüb, ya yox. Zamanında Əli Kərimli AXCP sədrinin birinci müavini ola-ola Əbülfəz Elçibəyə qarşı kampaniya təşkil etmişdi. Məlumdur ki, bu adam birinci müavin ola-ola, Elçibəyin əlini çiyninə qoyduğu halda ona qarşı bu kampaniyanı aparırdısa, bu gün də Novella xanıma, yaxud bir başqasına qarşı həmin linç kampaniyasını, söyüş kampaniyasını, böhtan kampaniyasını təşkil etməyəcəkmi? Təbii ki, edəcək. Bu onların fəaliyyət formasıdır, siyasi mühitdə var olma formalarıdır. Onlar özlərini siyasi mühitdə ancaq belə qoruyurlar, onların siyasi mühitdə qalmaq üçün başqa şansları yoxdur. Kim onlar kimi düşünmürsə, onların dediyini demirsə, onunla düşməndirlər. Bunun müqabilində də ona linç etmə, böhtan atma kampaniyası təşkil edirlər. İllərdir bu davam edir. İlk dəfə deyil və təkcə Novella xanıma qarşı təşkil olunmayıb. Onlar azadlıq hərəkatı zamanı və sonrasında bir çətinlikləri olanda hər zaman Novella Cəfəroğlunun yanına qaçıblar ki, bizi müdafiə etmək, sözümüzü harasa çatdırmaq lazımdır. Novella xanım həmin Novella xanımdır, o dəyişməyib. Sadəcə olaraq dəyişən bu kampaniyanı təşkil edənlər və havardarlıq edənlər üçün müstəvidir. İndi sosial şəbəkələrdə linç edirlər.

- AXCP-nin, eyni zamanda "Müdafiə xətti"nin üzvü- Təzəxan Mirələmli deyilən biri deyib ki, onlar 32 min avro qrant alıblar. Əgər bu qrantlar Azərbaycan qanunvericiliyinə görə qeydiyyatdan keçirilmirsə, onda həmin təşkilatı və ya fiziki şəxsləri hansı cəza gözləyir?

- Mən də bu informasiya ilə tanış olmuşam, onlar bu məsələyə görə məsuliyyət daşıyırlar. Hesab edirəm ki, həmin vəsaitlər Azərbaycana qeyri-qanuni yollarla daxil olub. Çünki onların qrant layihələri müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidir. Böyük ehtimalla belə bir məsələ olmayıb. Buna görə Təzəxan Mirələmli də məsələni bu şəkildə qabardıb. Bu qeyri-qanuni fəaliyyət növüdür, ölkəyə qeyri-qanuni vəsait daxil edənlər hüququ məsuliyyət daşıyırlar. Bunu edənlər məsuliyyətə cəlb olunmalı, bu hərəkətlərinə görə cavab verməlidirlər. Təbii ki, müvafiq icra hakimiyyəti orqanları, hüquq mühafizə orqanları məsələni araşdıracaqlar.

- Ümumiyyətlə onlar şəffaflıqdan danışır, amma şəffaflığı öz çevrələrində təmin eləmirlər. Həmin müdafiə xəttinin üzvlərindən bir çoxu da deyir ki, qrant alınmasından xəbərimiz olmayıb. Özləri aldıqları qrantı gizlədirlərsə, şəffaflıqdan hansı haqqla danışa bilərlər?

- Əgər doğurdan da onların fəaliyyətləri şəffafdırsa, onlar pərdə arxasında qrant davası etməli deyildilər. Öz ictimai fəaliyyətlərini, hərəkətlərini həyata keçirməli idilər. Həmkarları, dostları, yaxud onlarla bir yerdə qruplaşmada təmsil olunan şəxslər bir-birindən belə istifadə edirlər. Bir sözlə, nə ictimai fəaliyyətləri şəffafdır, nə də maliyyə məsələləri. Ona görə də hesab edirəm ki, hər iki halda bunlar bir yandan ictimaiyyət tərəfindən qınanılacaqlar, bir yandan isə ölkəyə qanunsuz daxil olan vəsaitlə bağlı araşdırma aparılacaq və dövlət qurumlarının suallarına cavab verməli olacaqlar.

- İnsan haqları sırf hüquqa istinadən müdafiə olunur. Amma bu o deməkdirmi ki, hüquq müdafiəçisi bir şəxsin əxlaqsızlığını da müdafiə etməlidir?

- Elə Novella xanıma qarşı təşkil olunan kampaniyanın tərkib elementlərindən biri də budur. İnsan hüquqları deyiləndə biz həmişə məsələnin hüquqi tərəfini nəzərdə tutmalı deyilik. Onun həm də mənəvi tərəfi var. Hüquqi tərəfdən deyək ki, müdafiə etmək mümkündür, amma Azərbaycanın mövcud mentalitetinə görə, Azərbaycan xalqının düşüncəsinə görə mənəviyyatsız birinin mənəviyyatsız hərəkətlərini necə müdafiə etmək olar?! Belə deyək, filmdə mənfi obrazda oynayan aktyoru ömrü boyu mənfi obrazlı adam kimi tanıyırlar, cəmiyyətlərin xüsusiyyətləri budur. Yaxud biz Rasim Balayevə hər zaman Nəsimi kimi baxırıq, Babək kimi baxırıq. Elə görmüşük və elə bilirik ki, bu insan doğurdan da Babəkdir, Nəsimidir. İndi bir əxlaqsızı bir hüquq müdafiəçisi necə müdafiə edə bilər? Onun özünə elə baxacaqlar. Şans vermək lazım idi ki, hüquq müdafiəçisi səni müdafiə etsin. Amma elə mənəviyyatsız, əxlaqsız hərəkətləri müqabilində mümkün deyil. Heç kim bu addımı ata bilmir. Kimsə bilməz ki, ancaq insan hüquqları baxımından müdaxilə etməlidir. Hüquq müdafiəçisi kiminsə əxlaqsızlığını müdafiə etməyə məcbur deyil.

Rəşid QARAYEV

AzNews.az