Allahverdi Məmmədli: "Onlar əldəqayırma alimlərdir"

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib.

Mövzu ilə bağlı suallarımızı Ali Məhkəmənin Mətbuat katibi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədliyə ünvanladıq.

- Cənab Məmmədli, ümumiyyətlə, plagiat nədən qaynaqlanır? Niyə insanlar başqalarının əməyini mənimsəmək istəyir?

- Hesab edirəm ki, əsl alim olmaq istəyən heç vaxt köçürməklə başqasının əməyini mənimsəməz. Bu, insan xislətindən irəli gələn bir şeydir. Plagiat ədəbi oğurluqdur. Bunun alimliyə heç bir dəxli yoxdur. Plagiat, oğurluq yolu ilə alim olan şəxsin özünün təfəkküründə, mənəviyyatında ziyalılıq yoxdur. Onlar əldəqayırma alimlərdir.

- Türkiyədə elmi işlərdə andiçmə var. Belə ki, onlar and içərək etik qaydalardan kənara çıxmayacaqlarına, plagiat işlər təqdim etməyəcəklərinə dair təminat verirlər. Sizcə, bizdə niyə belə bir sistem yoxdur?

- Sizə deyim ki, plagiat məsələsi son 10 illiklərin məhsuludur. Yəni əvvəllər belə şeylər olmurdu. İnsanlar öz zəhmətləri ilə elmi iş yazır, tədqiqatlar aparırdılar. Bununla samballı işlər ortaya qoyurdular. Son vaxtlarda insanların elmə meyli azalıb, hər şeyə asan yolla nail olmaq istəyirlər. Necə ki, həkimlər and içir, alim olmaq istəyənlər də and içməlidirlər. Onlar elmin inkişafında dürüst xidmət edəcəklərinə dair millətinə söz verməlidirlər.

- Plagiat elmi işlər aşkarlananda hansı hüquqi addımlar atılmalıdır?

- İlk olaraq ona elmi dərəcə verilməsi ləğv edilir. Bilirsiniz, alim olmaq istəyən bir adamın elmi işinin plagiat olduğu meydana çıxırsa, elmi ad almaq imkanları məhdudlaşdırılırsa, o şəxsin ən böyük cəzası elə budur. Onun üçün başqa hüquqi addım atmağa ehtiyac yoxdur. Başa düşən adam üçün cəzaların ən xırdası da böyükdür. Ona görə ki, onun oğurluğunun aşkarlanması ilə elm adamlarının arasına çıxması çətinləşəcək. Müəllimdirsə, tələbələrinin yanında utanacaq.

- Əqli mülkiyyət hüquqlarının qorunması məsələsi var. Həmin hüquqa görə onlar haqqında məhkəmədə iddia qaldırıla bilərmi?

- Bəli, əgər tamamilə plagiatdırsa, iddia qaldırıla bilər. Ümumiyyətlə, bu, təkcə elm sahəsinə aid deyil. Yaradılan hər bir əsərin üzərində onu hazırlayan şəxsin müəlliflik hüququ var. Alimlərin yaratdığı elmi əsərlər üzərində, heykəltaraşın hazırladığı heykəl üzərində, bəstəkarın öz bəstəsi üzərində müəlliflik hüququ var. Hətta birinin layihəsi ilə park salınıb, bir şairin şeiri xəbəri olmadan hansısa nəşriyyat tərəfindən tirajlanıbsa, müəllif həyatdadırsa, özü, deyilsə, varisi müəlliflik hüququ əsas götürülərək iddia qaldıra bilər. Beləliklə, əgər saydığım və bənzəri misallar üzrə hal baş veribsə, bu zaman müəllifin məhkəməyə müraciət etməyə tam haqqı var. Qarşı tərəf məhkəmədə buna görə cavab verməlidir.

- Fikrinizcə, oğru alimlərin digərlərinin əsərlərini kopyalamasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Plagiat komissiyası olmalıdır. Alim olana qədər həmin şəxslərin işləri plagiat komissiyasından keçməlidir. Yoxlanılma dərəcə almaq istəyən şəxsin elmi məqalələrindən başlanılmalıdır ki, həmin məqalələrin plagiat olub-olmadığı müəyyənləşsin.

- Hər bir dissertasiya müdafiə olunanda onun opponenti, rəhbəri olur. Onda bu şəxslər hara baxır? Demək ki, proses formal idarə olunur.

- Əslində bizdə bir az formal yanaşırlar. Hansısa məqalə dərc olunarkən ona başqa alimlər rəy verir. Rəy verənlər məsuliyyət daşımalıdırlar. Onlar düşünməlidirlər ki, mən bu adamın məqaləsinin çap olunması üçün rəy verirəm. Məsuliyyətlə araşdırım görüm plagiat deyil ki? Plagiat üçün xüsusi aparatlar var. Onlar sənin məqaləni həmin aparata göstərəndə onun neçə faiz plagiat olması barədə məlumat çıxır. Müəyyənləşir ki, hansı sitat haradan köçürülüb. Məqalədən tutmuş böyük elmi monoqrafiyalara qədər hər biri plagiat komissiyalarından keçməlidirlər.

- Alimlərə elmi tədqiqatların hazırlanması üçün məbləğ ayrılırmı? Əgər belədirsə, plagiat elmi iş təqdim edənlər həm də dövlətdən oğurlamış sayılırlar.

- Əgər dissertant kimi fəaliyyət göstərir, yaxud aspiranturada oxuyub müəyyən məvacib alırsa, bəli, belə hal yaranır. Amma əksər insanlar fərdi olaraq elmi işlə məşğuldurlar. Onlar işlədikləri müəssisədə pedoqoji fəaliyyətlə yanaşı həm də elmi fəaliyyətlə məşğul olurlar. Xərclər də öz öhdələrinə buraxılır. Bəzən məqalənin dərc olunması da havayı olmur.

Pərvanə

AzNews.az