Bu cür fikirlərin yayılmasının əsas səbəbi elə ermənilərin özləridir - Oqtay Qasımovla müsahibə

AzNews.az politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- BMT Ermənistanın Laçınla bağlı növbəti iddiasını rədd edib. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir absurd iddia əlbət ki, rədd olunmalıdır. Çünki beynəlxalq hüquqa görə hər bir dövlət sərhədlərində keçid məntəqəsi, buraxılış məntəqəsi qurmaq hüququna malikdir. Azərbaycan da bu hüququndan istifadə edir. Baxmayaraq ki, bir çox hallarda Ermənistan və Rusiya rəsmiləri guya Laçın yolunda yaradılmış nəzarət buraxılış məntəqəsinin üçtərəfli bəyanatın şərtlərinə uyğun olmadığını söyləyirlər. Əlbəttə ki, bu absurd fikirdir. Çünki Üçtərəfli bəyanatda Laçın yolu ilə bağlı olan bənddə konkret olaraq yazılıb ki, Azərbaycan Laçın yolunda təhlükəsizliyə təminat verir, Rusiya sülhməramlıları isə vətəndaşların, nəqliyyat vasitələrinin o cümlədən yüklərin sərbəst şəkildə hərəkətinin təmin edilməsini və nəzarətini həyata keçirir. Yəni Azərbaycan təhlükəsizliyə təminat verir, Rusiya isə nəzarəti həyata keçirir. Orada heç bir yerdə Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət buraxılış məntəqəsi qurulmamalıdır deyə nə cümlə, nə də ifadə var. O baxımdan bunlar hamısı anlamsız, absurd iddialardır. Bunlar təbii ki, qəbul edilmir və bundan sonra da edilməyəcək. Azərbaycanın da bu məsələlər ilə bağlı atdığı addımlar həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquqa tam olaraq uyğundur və heç bir qüvvə onun bu mövqeyini dəyişdirə bilməz.

- ABŞ səfiri bildirib ki, Qarabağdakı ermənilər Azərbaycanın tərkibində dinc yaşaya bilərlər. Bunu necə dəyərləndirirsiniz?

- Olduqca doğru yanaşmadır. 44 günlük savaş bitəndən sonra dəfələrlə Azərbaycan Prezidentinin dilindən Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqları və onların hüquq və təhlükəsizliklərinin Azərbaycan konstitusiyasına uyğun olaraq tam şəkildə təmin ediləcəyi ilə bağlı açıqlamalar verilib. Bütün formatlarda, səviyyələrdə müzakirələrdə Azərbaycan eynən bu təminatları verdiyi üçün ABŞ tərəfi də həm beynəlxalq hüquq, həm də Azərbaycanın haqlı, qanuni və konstruktiv mövqeyini nəzərə alaraq bölgədə uzunmüddətli sabitliyin əldə olunması üçün doğru olan mövqeyi müdafiə edib. Burada qeyri-adi mövqe olmasa da, müsbət bir açıqlama oldu. Ermənilər üçün də bu soyuq duş effekti verdi deyə bilərik.

- Ermənistan mediası Azərbaycanın antiterror əməliyyatlarına başlaması fikrindən təşviş içindədir. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu cür fikirlərin yayılmasının əsas səbəbi elə ermənilərin özləridir. Rusiya hərbçilərinin himayəsi altındakı bölgədə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri törətdiyi təxribatlar bölgədə gərginliyi getdikcə artırmaqdadır. Eyni zamanda bu təhlükələrin önlənməsi üçün antiterror əməliyyatlarının vacibliyini önə çıxarır. Təxminən 10 gün öncə ermənilərin növbəti belə təxribatına verilən sərt cavab, 5 erməni hərbçisinin məhv edilməsi də artıq o fikri formalaşdırıb ki, Azərbaycan Qarabağ ərazisində, Ermənistanın silahlı birləşmələrinin olması ilə barışmaq niyyətində deyil və qısa zamanda bölgədən çıxarılmasını və bölgənin tamamilə silahsızlaşdırılması ilə bağlı konkret mövqeyə malikdir. Ermənistan bunu öz xoşu ilə etməsə yaxud prosesi əngəlləməyə çalışsa, Azərbaycanın əlində bu prosesi həyata keçirmək üçün yetərli qədər imkanlar var. Məhz bu baxımdan Ermənistan mediasında bu mövzu son dövrlər kifayət qədər geniş müzakirə olunur. Bir çox hallarda cəmiyyətdə də müəyyən qədər təşvişə səbəb olub.

- QHT-lərimiz Paşinyana müraciət edib Arazdəyəndə tikilən zavodla bağlı. Sizin bu mövzuya münasibətiniz necədir?

- Məktub olduqca geniş, əhatəlidir. Cənubi Qafqazın əksər ərazilərini çirkləndirə biləcək və ekoloji problemlər yarada biləcək müəssisələrlə bağlı ciddi məlumatlar var. Eyni zamanda bunlarla bağlı Ermənistan tərəfindən ciddi addımlar atılmadığı qeyd olunur. Beynəlxalq hüquqa, konvensiyalara istinad olunaraq bu məsələlərlə bağlı tədbirlərin görülməsi istənilir ki, bu olduqca vacib bir məqamdır. Xüsusilə nəzərə alsaq ki, son dövrlər Ermənistan növbəti bir aventuraya baş vuraraq bizim sərhədimizin təxminən 800 metrliyində böyük bir metallurgiya zavodunun tikintisinə start verib. Hind əsilli şəxslərin təsis etdiyi amerikan şirkətinin tikintisi başlanıb. Bununla bağlı ekoloqların müraciəti də çox vacibdir. Mən hesab edirəm ki, onun müəyyən təsirləri də ola bilər. Bu müraciət eyni zamandan BMT və müvafiq beynəlxalq təşkilatlara da ünvanlanmalıdır.

- Qoşulmama Hərəkatının nazirlər bürosunun iclası çərçivəsində İranın xarici işlər naziri də Azərbaycana səfər etmişdi. Nazir Azərbaycan və İran münasibətlərinin müsbətə doğru getdiyini göstərən açıqlamalar vermişdi. Bu barədə nə deyə bilərsiniz?

- İran Azərbaycanın cənub qonşusu, region bütün dövlətlərindən biridir. Çox təəssüf ki, Azərbaycan ərazisi işğal olunanda da, 44 günlük savaşdan sonra da İran Azərbaycana qarşı qeyri-konstruktiv mövqe tutdu. Son iki il ərzində İranın mövqeyini əslində düşmən mövqeyi də adlandırsaq, yanılmarıq. Yanvarın sonlarında Azərbaycan səfirliyinə qarşı törədilən terror hadisəsi, ardınca Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı kimi məsələlərin İranla birbaşa əlaqəsi olduğunu və Azərbaycanla İran arasında münasibətlərə ciddi şəkildə zərər verdiyini nəzərə alsaq İran xarici işlər nazirinin Bakıya səfəri, burada xarici işlər naziri və ölkə prezidenti ilə görüşü müsbət haldır. İran doğrudan da özünün Azərbaycana qarşı olan düşmən mövqeyindən əl çəkəcəksə, onun haqlı mövqeyini qəbul edəcəksə, səfirliyimizə törədilən terror hadisəsinin dəqiq istintaqını aparacaqsa, o cümlədən Ermənistanla münasibətlərimizin normallaşma prosesinə əngəl törətməyəcəksə, əlbəttə, Azərbaycan İranla münasibətləri inkişaf etdirməyə maraqlıdır. Hər halda bu bir addımdır. Mən hesab etmirəm ki, bundan dərhal uzaqgörən nəticələr çıxara bilərik yaxud İran mövqeyini ciddi dəyişdirir, "u" dönüşü edir. Hər halda bu təmaslar müsbət təmaslardır. Bu gərginlik yaranan dövrdən sonra tərəflər arasında yüksək səviyyədə ilk təmas da adlandırıla bilər. Burada Azərbaycanın mövqeyi birmənalı şəkildə çatdırılıb. Xüsusilə nəzərə alsaq ki, mətbuata verilən açıqlamalarda iki mövzu xüsusi diqqətə çatdırılıb. Bunlardan birincisi səfirliyimizə qarşı aktı və bununla bağlı nəticələr və məlumatlar hissəsi idi. İkincisi isə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi və Azərbaycan prezidentinin bu prosesdə İranın mövqeyinə çox da toxunmadan əngəlləyici dövlət olaraq Ermənistanın adını qeyd etməsin Azərbaycan tərəfindən müsbət bir jest olaraq dəyərləndirmək mümkündür. Hər halda İran da nəzərə almalıdır ki, Azərbaycan məhz bu istiqamətdə yəni Zəngəzur dəhlizi ilə paralel ikinci bir kommunikasiya xəttinin çəkilməsi ilə bağlı İranla hələ keçən il memorandum imzalayıb. Belə bir məlumatlar da yayılmışdı ki, Araz çayı üzərində körpülərin təməlləri da atılıb. Yəni Azərbaycan bu məsələdə də yenə konstruktiv mövqe nümayiş etdirir. İranın maraqlarını nəzərə alır. Hər halda İran Azərbaycanın bu davranışlarını müsbət dəyərləndirsə və siyasətini korrektə etsə, yaxşı olacaq. Bu az inandırıcı görünsə də ümid edək ki, baş verə bilər.

Rəşid Qarayev