Bu, mənim xarakterimdir- Rəşad Məcidlə müsahibə

Bu gün Azərbaycan Yazıçılar Birliyininn sədr müavini,Mətbuat Şurasının sədri, 525-ci qəzetin baş redaktoru, şair Rəşad Məcidin 59 yaşı tamam olur. AzNews.az Rəşad Məcidlə müsahibəni təqdim edir.

-Bu gün doğum gününüzdür, 60 yaşınıza qədəm qoyursunuz. Təbrik edirik. Deyirlər ki, 60 yaş qocalıq yox, ucalıqdır. Ömrünüzə bu ucalıqdan necə baxırsınız?

-Təbrikə görə təşəkkürümü bildirirəm. Biz uşaq olanda hətta 40 yaş belə bizə çox qoca görünürdü. Amma indi baxışlarımız dəyişib. Ümumiyyətlə, indi 60 yaş hələ gənc sayılır. İndi gələn il 60 yaşı olacaq. Amma mən həm də şübhəsiz ki, 60 yaş yaşanan ömürdü təcrübədi və bir çox məsələləri 30 il qabaq, tutaq ki, sualına baxırdısa indi sakit, sakit baxırsan, təmkinli baxırsan.

-Siz Mətbuat Şurasının sədri olmaqla yanaşı, AYB rəhbərliyində də təmsil olunursunuz. Sizi daha çox kim təbrik edir, jurnalistlər, yoxsa yazıçılar?

- Düzdür, hər il olduğu kimi bu il də ad günümdə elə fərqli adamlardan təbriklər alıram. Onların içərisində əlbəttə, jurnalistlər də, yazarlar da, yazıçılar da var. Ən orijinal təbriki şübhəsiz ki, istedadlı adamlar deyir. Mən də sözü hiss edən, duyan, önəm verən bir insan olduğumdan, hər il olan təbriklərin içərisində doğrudan da belə təsirli, istedadlı tərifləri görəndə təsirlənirəm. Bütün gözəl sözləri yazan, təbrik edən insanlara minnətdarlığımı bildirirəm.

-Sizdən söz düşəndə deyirlər ki, Rəşad Məcid jurnalistikada hər şey qazanıb- mötəbər imza, ictimai nüfuz, cəlbedici sosial status, - bircə deputat mandatından başqa. Yeni planlarınızda bu da varmı?

- Sizə deyim ki, tutduğum vəzifələrin heç birini mən planlaşdırmamışam. Yazıçılar Birliyində sədr müavinliyini də, Mətbuat Şurasında sədrliyi də. Düzdür, 525-ci qəzeti özüm sıfırdan yaratmışam. Gələcək planlar məsələsində bir söz deyə bilmərəm. Bu hamısı tale işidir.

- Avqustun 26-da Prezidentin sərəncamına əsasən, Laçın şəhərində Laçın günü keçiriləcək. Siz də əslən laçınlısınız. İşğaldan azad olunduqdan sonra Laçına səfər etmisinizmi? İşğalda olduğu müddətdə Laçını unudulmağa qoymayan ziyalılardan biri olaraq tədbirlərdə iştirak edəcəksinizmi?

- İşğaldan azad olunandan sonra ilk dəfə keçən il Laçından keçdim. Düzdü, o vaxt orda sülhməramlılar vardı. İyunun 14-də doğulduğum kəndə Laçının Ağoğlan kəndinə getdim. Orda nənəmin-babamın evini ziyarət etdim. Uşaqlığımın keçdiyi yerləri ziyarət etdim. Bu həyatım üçün çox həyəcanlı anlar idi. Düzdü, indi Laçına hələ ki, getməmişəm. Avqustun 25-də şəhər günü qeyd olunacaq. Bu barədə mənim tam məlumatım yoxdu. Laçında baş verən hadisələri yaxından izləyirəm. Orarda qohumlarımın artıq bir hissəsi qayıdıb. Mənim dayım laçınlı millət vəkili olub. İndi hazırda həyat yoldaşı ilə bir yerdə Laçında əvvəlki evlərində yaşayırlar. Mənim də o evə getmək arzum var. Onlarda vaxtilə çox qonaq qalmışam. Eləcə də digər qohumlarım Laçına qayıdır. Mən də Laçına bundan sonra tez-tez gedəcəyəm.

-Yuxarıdakı sualı təsadüfən vermədik. Doğum gününüzü Laçında keçirsəydiniz, hansı dağın yamacında, hansı bulağın başında məclis qurardınız? Yoxsa sakitliyə çəkilib Qara gölü seyr edərdiniz?

- Belə sual verərək məni düşündürürsünüz. Fikirləşirəm ki, gələcək ad günlərimi əgər Allah qismət etsə məhz Laçında keçirim. Orada Ağoğlanda-doğulduğum evdə, Minkənd Isti suyunda,Qara göldə...

-Sizi istedadlı jurnalistlərin və ədiblərin hamisi, dəstəkçisi kimi tanıyırıq. Siz gəncliyi düzəltməyə çalışırsınız, yoxsa dünyanı?

- Əslində bu mənim xarakterimdir. Mən dünyanın yaxşı olmasını istəyirəm. Həyatda istedadlı gənclərin uğur qazanmalarını istəmişəm. Ad günü təbriklərin içərisində məni çox təsirləndirən bir məqam oldu. Bəzi yazarlar nə vaxtsa mənim onlara etdiyim müəyyən yardımlardan yazırlar. Halbuki mən onları unutmuşam. Xatırlamasam da, amma ad günlərində yazılan bu xatirələr mənim üçün də təsirli olur. Mənim adi həyat norması bildiyim məqamlar bir çox gənclər üçün böyük əhəmiyyət daşıyıb. Onların həyatında mühüm rol oynayıb. Bu məni çox sevindirir. Şübhəsiz ki, dünyanın düzələcəyinə ümid etmişəm. Həmişə gənclərə kömək edəcəm, bu mənim xarakterimdir

-Xatirələriniz və ümidləriniz. Tərəzinin hansı gözü ağır gəlir?

- Xatirələr, şübhəsiz ki, çoxdur. Keçmişlə bağlı xoş və acılı xatirələr də var. Hərdən hiss edirəm ki, bunu mənə qısqananlar da olur. Məsələn, vaxtilə çalışdığım, xoş münasibətdə olduğum Aydın Məmmədov, Yusif Səmədoğlu kimi insanlarla vaxtilə dostluq etmişəm. İndi onlar artıq tarixə çevriliblər. Mənim üçün, əlbəttə, bu xatirələr də əzizdir. Gələcəklə bağlı ümidlərimizin ən böyüyü həyata keçib. Azərbaycan torpaqları işğaldan azad olunub. Qüdrətli Azərbaycan yolunda hamımızın fədakarlıqla çalışmasını arzulayıram.

Ayan Rzayeva