Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır(Konfutsi) Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır(Konfutsi)

Avropadakı cəncəlli soydaşlarımız

Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır(Konfutsi)

“Lider” xəstələri və Avropa macərası

Bu gün Avropanın büxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız arasında münasibətlər cəngəllik qanunlarının şərtləri əsasında cövlan edir. Bunun əsil səbəbi odur ki, çoxları hələ də ictimai-siyasi prosesin nə demək olduğunu bilmir. Bəşəri mənada inkişaf etmiş Avropanın qanunlarından, nə də dünya demokratiyasına vermiş olduğu tövhələrdən belə xəbərləri yoxdur. Bir sözlə, soydaşlarımız Azərbaycan kimliyinin, varlığının fəlsəfi və bəşəri anlayışlarından vətəndə nə qədər dayaz düşüncəliydilərsə, mühacirət həyatında da gerizəkalı tərzlərini davaç etdirirlər. Qürbət ölkəyə yaşamaq üçün getmək insan üçün qəbahət deyil. Əsil qəbahət harada yaşamasından asılı olmayaraq, həyatı necə dərk etməkdir. Faktiki olaraq, Avropanın elə bir ölkəsi yoxdur ki, orada bizim soydaşlarımız yaşamasınlar. Ancaq onların bir millətin övladı kimi necə yaşamaq, mənsub olduğu xalqın və dövlətin adına layiq olmaq hər bir insanın intellekti və vicdanından asılıdır. Təəssüf ki, bu üç standarta əksər soydaşlarımız cavab verə bilmirlər. Ona görə ki, bəzi soydaşlarımız xaricdə sadəcə “parazit”cəsinə yaşamaq üçün müxtəlif oriyentasiyalara görə köçüb gedənlərdirlər. Guya Avropada cənnət vəd olunub onlara. Halbuki mədəni Avropa bu tip insanlara nə qədər qucaq açsa da, elə sosial-ictimai və siyasi baxışlarına, intellektual düşüncə tərzlərinə görə yaşadıqları mühacirət həyatında heç bir uğurlar əldə edə bilməyiblər.

Elə bu təfəkkürlə də, indi Avropada hər yerindən ayağa duran bəsit xarizmatik iddialarını sərgiləyir. Yəni “millət lideri” olmaq xəstəliyini nümayiş etdirir.

Son illərdə Avropada AND (Azərbaycan Naminə Demokratiya), DAS (Demokratik Azərbaycanı Seç), “Avropanın Səsi”, “Müsavat-AKM” (Avropa Koordinasiya Mərkəzi) və digər qurumların yaranması heç də o demək deyil ki, bütün soydaşlarımız bu qurumların vasitəsilə bir araya gələrək Azərbaycanın köklü problemlərinin həllində yaxından iştirak edəcəklər. Adları özlərindən bir neçə mərtəbə böyük səslənən bu qurumların rəhbərləri bu günə kimi Azərbaycan naminə hər hansı bir ciddi iş görə bilməyənlərdən ibarətdir. Bu faktı elə ən bəsit faktlarla sübut etmək o qədər də çətin deyil. Çünki, görünən dağa heç bələdçi də lazım olmur.

Saxtakarların arasında yaşanan konflikt

Bu gün Hollandiyada bəlli olmayan səbəblərlə “siyasi mühacir” statusu altında yaşayan və 1993-cü ilin yayında qondarma “TMR-Talış-Muğan Respublikası”nın konstitusiyasını yazmış Ataxan Əbilov uzun illər bu saxta qurumun lideri Əlikram Hümbətovun ən yaxın silahdaşlarından biri olubdur. Bu gün üzdə Azərbaycan dövlətinə qarşı loyallıq nümayiş etdirsə də, içindəki kin-küdurət və öfkəsi elə onun sosial şəbəkələrdə adi pylaşımları ilə özünü isbat edir. Belə ki, İran molla rejiminin İraqdakı əlaltısı olan “İraq Alimlər Şurası” adından Azərbaycan Respublikasına qarşı son bəyanatı təbliğ etməsi bunun əyani sübutudur. Həmin bəyanatda qeyd olunurdu ki: “Azərbaycanda həbsdə saxlanılan bütün dindarlar həbsdən azad edilməlidir”. Halbuki, adı çəkilən dindarlar dövlətin demokratik yolla qəbul edilmiş qanuni Konstitusiyasını dəyişdirərək “şəriət dövləti” ideyası altında silahlı qiyam hazırladıqları üçün həbs ediliblər.

Digər yandan Avropada mühacir statusu ilə yaşayan AXCP və Müsavat, digər siyasi partiyaların nümayəndələri arasında Bakıda olduğu kimi, çox kəskin qarşıdurmalar var. Belə ki, AXCP-nin müdafiə etdiyi “Milli Şura”nı mühacirətdə dəstəkləyənlər və onlara qarşı çıxanlar arasında kəskin konfliktlər yaşanılır. Hətta üçüncü bir qrup var ki, onlar ümumiyyətlə bu iki qruplaşmanı qəbul etmir. Başqa qruplaşmalar mövcuddur ki, onlar sadəcə Azərbaycan hakimiyyətindən “qisas” və “intiqam” almaq üçün öz ambisiyaları ilə hərəkət edirlər. Bir sözlə, səhər yuxudan kim erkən oyanırsa, elə həmin anda bütün mühacirlərimizin lideri olmaq iddiasını sərgiləyir. Buna misal olaraq Elşad Abdullayev, Mahir Cavadov, Leyla Yunus, Arif Məmmədov, Qənimət Zahid, Əlikram Hümbətov, Rəşad Sadıqov və digərlərinin adlarını çəkmək olar. Adı çəkilən qurumlar və şəxslər arasında intiriqaların həddi-hüdudu yoxdur. Sosial şəbəkələrdə onların paylaşımların özü belə, bütün bunları isbat edir. Elə saxtakarcasına adını AND qoymuş qurumun gözü qarşısında Azərbaycan dövlətinə qarşı bədnam etnik separatizm ideyalarını təbliğ edənlərin blogger Orduxan Teymurxanın döyülməsi buna sübutdur. Həmin Avropa “macəraçıları”nı birləşdirən tək bir amal var ki, hər hansı kənar gücün və ya lobbinin Azərbaycan dövlətinə qarşı təzyiq metodu ilə öz iradəsini sırımaq istədiyində bu siyasi avantüristləri dərhal bir araya gətirə bilirlər. Guya beynəlxalq səviyyədə Azərbaycan dövlətinə qarşı təzyiqlərin olması kimi eybəcər şouları düzənləyirlər.

“CODA”nın quyruğu və dolanbaclı demokratiya

Son günlər qondarma TMR-in konstitusiyasının müəllifi olmuş Ataxan Əbilov və Rəşad Sadıqov adlı bir saxta müsavatçı arasında konfliktlər yaşanılır. A. Əbilov R. Sadıqovun hansı “yolla” Hollandiyada siyasi mühacir statusu olmasına rişxənd etməklə yanaşı, 2010-cu ildə “CODA” adlı təşkilat tərəfindən yayılmış bəyanata haqq qazandırmağa çalışır. A. Əbilov R. Sadıqovu elementar tərbiyədən uzaq, ağzının danışğını bilməyən, hər iki sözündən birinin senzuradan kənar ədəbsiz olan şəxs kimi xarakterizə edir. Halbuki, hər iki şəxsin hansı siyasi baxışlara malik olmasına deyil, nə kimi yollarla Hollandiyada siyasi sığınacaq almaları daha çox diqqət çəkəndir. A. Əbilov bu gün Avropada yaradılan qondarma “TMMH”-ni (Talış-Muğan Mühacir Hökuməti) təqdir etmirsə, bu o demək deyil ki, o Azərbaycan dövlətinin varlığına müxalifət baxışlarından imtina edib. R. Sadıqovun “Müsavat Partiyası”nın adından çıxış etməsi onun özünü gülünc yerinə qoyan amillərdən biridir. Belə ki, intellekti imkan vermir ki, Azərbaycan dövlətçiliyinin tarixi ənənələrinin müasir standartlara uyğun inkişaf etməsinin yollarını ortaya qoysun.

Qaldı ki “CODA” təşkilatına, doğrudan da 2010-cu ildə “Avroatlantik məkana Azərbaycanın inteqrasiyası” ilə bağlı müxalifət adından sənəd hazırlanmışdı. Ancaq, o da bəllidir ki, həmin sənəddə bir sıra mürtəce məqamlara da yer verilmişdi. Bu, Azərbaycan dövlətçiliyini təhdid altına ala biləcək və “etnik separatizm”lərə yola açan məqamlardan ibarət idi. O zaman doğrudan da A. Əbilov qondarma “TMR”-in lideri Əlikram Hümbətovun nümayəndəsi kimi həmin sənədə imza atmışdı. İndi öz imzasını dolayı yolla “TMR”dən uzaq tutmaq taktikasını sərgiləmək kimsəyə başucalığı gətirmir.

A.Əbilov yaydığı son bəyanatında bildirir ki: “qafanı dəyişmək lazımdır”. Əslində bu cümlənin özü başdan-başa xətalıdır. Ona görə ki, “qafa dəyişmək” çox çətindir. Əsas məsələ qafanın içindəki düşüncələri dəyişməkdir. Düşüncələr dəyişmirsə, insan inkişaf etmirsə, həmin qafanın dəyişməsinə ehtiyac qalmır. “CODA” proyekti adı altında bir zamanlar A. Əbilov hansı yolla gedirdisə, indi də yeni nəsli təmsil edən Rəşad Sadıqov estafeti davam etdirir. Fərq budur. Biz Hollandiyada yaşayan iki müxlaifgörüşlünün qarşıdurmasını ona görə qeyd etdik ki,adlarını siyasi müxalifət qoymuş digər soydaşlarımız da bu sindromu yaşayırlar. Sadəcə onların yaşadığı məkanlar fərqlidir. Qafalar və onun içindəki bir-birini tamamlayır.

Ə. Yusifoğlu

AzNews.az