Milsiz “Milli Şura”nın antimilli fəaliyyətləri Milsiz “Milli Şura”nın antimilli fəaliyyətləri

Xarici və beynəlxalq siyasətimizdə milli birlik yolu

Milsiz “Milli Şura”nın antimilli fəaliyyətləri

Dünyanın inkişaf etmiş dövlətinin beynəlxalq və xarici dövlətlərlə münasibətlərdə əsas aparıcı mövzu ölkədaxili hakim və müxalif qüvvələrin milli həmrəylik düsturuna önəm verilməsidir. Təəssüf ki, Azərbaycanda bu yüksək dəyərə önəm verilmir. Çünki müxalif düşərgə öz sözünü ifadə etmək üçün qanunlar çərçivəsində deyil, daim xarici ölkələrin maraqları çərçivəsində- “V kolon” taktikası ilə hərəkət edir. Bu da öz növbəsində müxalifətə olan münaqsibətin cəmiyyət tərəfindən çoxluq təşkil edən zümrələrin dəstəyinin verilməməsi ilə müşahidə olunmuşdur.

1993-cü ilin yazında baş verənlər

Qarabağ müharibəsinin ən ağır dönəmlərində mövcud iqridara qarşı siyasi müxalifətin siyasi deyil, daha çox hərbi baxımdan səfərbər olması və hətta üsyan etməsi dövlətin varlığını sual altında qoymuşdu. Bəzi qruplaşmalar xarici ölkələrin sifarişlərini icra etdiklərini heç də gizlətmirdilər. “Gəncə üsyanı” adı altında polkovnik Surət Hüseynovun rəhbərlik etdiyi kriminal qruplaşmalar dövləti iflic durumuna salmış, digər yandan isə, polkovnik Əlikram Hümbətovun ölkənin bölünməsi adına silahlı birləşmələrini hərəkətə gətirmişdi. Məhz ağır dönəmdə Qarabağ müharibəsində altı rayonumuzu itirmək kimi əzabları yaşamalı olduq.

Xalq vətənin bu rüsvayçılıqdan qurtulması üçün yollar arayırdı. Məhz bu dərin böhranların aradan qaldırılması üçün, milləti birləşdirici və dövlətə olan inamı bərpa edə biləcək, dərin dövlət təcrübəsi olan bir liderə üz tutmalı oldu. Bu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Onun Milli Məclisin sədri vəzifəsinə dəvət edilməsi sayəsində qısa müddət ərzində siyasi və hərbi müxalifətin qəddarlığının qarşısı alındı. Bu gün Milli Qurtuluş Günü dedikdə, dövlətimizin aqibətinin həll olunduğu tarixi prosesi diqqətlə incələmək hər bir vətəndaşımızın milli borcu olduğunu unutmaq olmaz. 1993-cü ilin aprel ayında Kəlbəcərin işğal edilməsi əslində ölkəmizdəki daxili gizli siyasi-hərbi müxlaifətin ssenarisinin xaricdən dəstək aldığı tarixin bir işarəsi idi. Heydər Əliyev hakimiyyətə gələn kimi, qarşısını alması sayəsində gözlənilən digər problemlərin qarşısını ala bildi. Heydər Əliyevin liderliyində qurulan Yeni Azərbaycan Partiyasının da mənası bunda idi. Heydər Əliyev uzaqgörənliklə həyatı boyu böyük təcrübələr qazanmış Azərbaycanın milli bürokratiyasını təşkil edən kadrları səfərbər edərək onlarla birlikdə ölkəni bütün fəlakətlərdən qurtara bildi. 1993-cü il oktyabr və 1994-cü il mart olaylarının qarşısını almaqla Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bir dövlət olaraq milli iradəni ortaya qoya bildi. Beləliklə də 1993-cü ilin yazında baş verən dərin fəlakətlər və böhranlara beləcə nöqtə qoyuldu.

Beynəlxalq qrantlarla bəslənən müxalifət

1994-cü ilin başlanğıcından etibarən Azərbaycanda gözlənilmədən xarici ölkələrə aid olan çoxsaylı missioner təşkilatları, fondlar və institutların nümayəndəlikləri ayaq açdılar. Bu qurumların Lənkəran-Salyan, Quba-Qusar, Sumqayıt-Abşeron, Şəki-Zaqatala, Gəncə-Qazax, Bərdə-Ağcabədi, Beyləqan-İmişli, Şamaxı-Göyçay, Yevlax-Mingəçevir, Naxçıvan-Ordubad və nəhayət paytaxt Bakıda strukturlarının yaradılması prosesi müşahidə olunurdu. Bu qurumlar faktiki olaraq xalqımıza “demokratiya” dərsi vermək üçün gəldiklərini saxta və süni gülümsər baxışları ilə ifadə edirdilər. Missioner qrupları, fondlar və institutların təmsilçiliklərinin əsas hədəfi ölkəmizdə yeni tərəfdarlar təbəqəsi yaratmaq idi.

Heydər Əliyev bu dəfə missioner qruplaşmalarının qarşısını almağın üsul və qaydalarını, onun hüquqi təməllərini irəli sürməyə başladı. Hədəflərinin tədricən daraldığını və iflasa uğradıqlarını görən xarici dövlətlərin missioner-kəşfiyyat çevrələri özlərini siyasi qılaf adı ilə axtarışa çıxdılar. Bu dəfə üzlərini dünənki iqtidar və bugünkü müxalifət olan AXCP-yə tərəf tuşladılar. Çünki, AXCP-nin bürokratiyasını ələ keçirmiş və milli dövlət təməlləri siyasətindən uzaq olan bir “YURD QRUPU” onların istinad nöqtəsi olmağa hazır idi. “NDI” (Milli Demokratiya İnstitutu) “Ceymstaun Fundeyşn”, “Henrix Böll Fondeyşn” və digər institutların nəzarətində olan missioner təşkilatlar “Yurd “ və onun tribunası olan “Azadlıq” qəzetini maliyyələşdirməyə başladılar.

Artıq müxalifət beynəlxalq qrant mafiyasının girovuna çevrilmişdi. Bu problemi indiyə kimi yaşamağa məcbur qalmışıq.

Ümummilli hədəflərə gedən yolun təməli

Görkəmli dövlət xadimi, mərhum prezident Heydər Əliyev ölkəmizin milli hədəflərinin dünya birliyi tərəfindən qəbul edilməsinin fərqli bir düsturunu irəli sürdü. Bu, Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi, milli diaspor təşkilatlarının dövlətimizin milli maraqları çərçivəsində addımlar atması kimi qlobal hədəflərə çevrilməsi ilə müşahidə olundu. Beləliklə də 50 milyonluq xalqımızın milli hədəflərinin cizgiləri Heydər Əliyevin liderliyi altında bütün dünyaya bəyan edildi. Azərbaycan xalqını təmsil edənlərin dini və ictimai kimliyi deyil, milli hədəflər ətrafında harada yaşamasından asılı olmayaraq milli hədəflər ətrafında birləşməsi ideyası faktiki olaraq, tarixin son iki yüz ilində unutdurulan dəyərlərin intibah çağına qədəm qoyması ilə müşahidə olunan bu proses indi də davam edir. Azərbaycanın bir dövlət olaraq daxili və xarici faktorlara görə dünya qarşısında milli birliyinin sarsılmaz təməl prinsipləri bu ali mərama xidmət edir.

2006, 2011 və 2016-cı illərdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən Dünya Azərbaycanlılarının Qurultayları təməli görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan bu ali məramın etibarlı şəkildə davam etdirilməsi demək idi. Faktiki olaraq 2001-ci ildən bu günə kimi davam edən qurultayların hər biri ötən müddət ərzində qlobal miqyasda görülən işlərin milli hesabatına çevrilmişdir. Büləcə müxalifətin iştirakı olmadan ölkədaxili və xarici siyasət kursunda dövlətimizin milli maraqlarının təmin edilməsinin nizamlanması yolları uğurla həyata keçirilir. Prosesin sürətlə inkişaf etməsi də artıq göz önündədir. Çünki, diasporumuzu təmsil edənlər lobbiçilik siyasəti məsələsində əksər dünya dövlətlərinin Azərbaycana olan münasibətinin dəyişməsinə səbəb olan uğurlu faktorlardan biri sayılır.

Milsiz “Milli Şura”nın antimilli fəaliyyətləri

Bu gün Azərbaycanda qondarma “ana müxalifət” adına sahib çıxmaq istəyən AXCP və onun sədri Əli Kərimli antidövlət siyasi kursunu “qrant mafiyası” ilə uzlaşdırmaqla addım atır. “Milli Şura”nın keçirdiyi bütün mitinqlərdə, qəbul etdiyi bəyanatlarda, eləcə də beynəlxalq təşkilatlara təqdim etdiyi “siyasi məhbuslar” siyahısında qeyd olunanların çoxu Azərbaycan dövlətçliyinə qarşı çıxanlardan ibarətdir. Xüsusilə ekstremist dindarların adları ilk sırada yer alır. Halbuki din pərdəsi altında mövcud Konstitusiyanın dəyişərək orta əsrlərdə olduğu kimi, “şəriət” qanunları ilə dövlətimizin idarə olunması iddialarını irəli sürən, bunun üçün genişmiqyaslı təbliğatlar aparan, hətta savadsız və mövhumata bağlı insanları silahlı üsyana tərhrik edənlər həbs olunublar. Hüquqşünas təhsili olan Əli Kərimlinin və rəhbərlik etdiyi “Milli Şura”nın nə qədər antimilli olması faktı günümüzün acı həqiqətlərindən biridir. Bütün bunlar azmış kimi, “Milli Şura” ölkəmizin xaricində, xüsusilə də Avropa dövlətlərində mühacir statusu almış bəzi soydaşlarımızı bu antimilli prosesə cəlb edibdir. Xüsusilə “Azərbaycan saatı”, “Meydan tv”, “Azlogos.eu” və digər KİV-lərin resursları, “AND” (Azərbaycan Naminə Demokratiya), qondarma “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) və sair təsisatlar buna nümunədir. Zamanla bu antimilli ünsür siyasətə - AXCP-yə, “Yurd Qrupu”na və xüsusən Əli Kərimliyə qarşı çıxanlar oradan ayrılaraq sonradan özlərinin siyasi partiyalarını, vətəndaş cəmiyyəti təşkilatlarını qura biliblər. Həmin qurumlar isə, ölkədaxili və xarici siyasət kursunda ümummili hədəfləri daim müdafiə ediblər. Bir zamanlar özlərini Əli Kərimlinin silahdaşları hesab edənlərin bu gün nədən ondan üz döndərdikləri fikrimizcə ictimai müzakirələrə çevrilməlidir. Elə indinin özündə də dalğa-dalğa AXCP və onun siyasi büroktatiyasının üstün dəyəri olan “Yurd Qrupu”nu tərk edənlərin nə qədər doğru yolda olduqlarının da fərqinə varmalıyıq.

XXI yüzilin standartları və inkişaf yolu

Tarixi gerçəklərdən biri də budur odur ki, son üç yüzillik dönəmdə böyük dövlətlər bir güc olaraq “dünyanın bölüşdürülməsi piroqu” adına mübarizələr aparıblar. XIX əsrin əvvəllərində Çar Rusiyasının Qafqazı və Azərbaycanı işğal siyasəti buna bağlı idi. XX əsrin əvvəllərində Sovet Rusiyası da Çar Rusiyasının yolu ilə getdi. XX əsrin sonu və XXI əsrin əvvəlində isə, Azərbaycanı yenidən “işğal” siyasəti kimsəyə müyəssər olmadı. Çünki yeni dövlət quruculuğunun banisi görkəmli dövlət xadimi, dünya siyasətinin bütün çalarlarını dərin zəkası ilə qiymətləndirməyi bacaran Heydər Əliyev dühası buna imkan vermədi. Azərbaycanın daxili və xarici siyasətinin milli hədəflər üzərində köklənməsi və hətta “erməni ekspansionizmi” siyasətinin status alması, Dağlıq Qarabağın beynəlxalq təzyiqlər vasitəsilə Ermənistana ilhaq edilməsinin qarşısının alınmasının əsil səbəbi də Heydər Əliyevin Azərbaycan cəmiyyətinin daxili və xarici siyasətə uzlaşdırılmış hədəflər üzərində böyük uğurla kökləyə bilməsinə bağlıdır. Tarixin son ikiyüz illik acı nəticələrini dərindən analiz etmək, yeni dünya düzənində bir daha səhvlərə yol verməmək müdrikliyi məhz Heydər Əliyevin adına bağlıdır. Bu estafetin yeni nəsillərə ötürülməsi siyasətinin indi də uğurla davam etməsi prezident İlham Əliyevin dövlətçilik baxımından apardığı daxili və xarici siyasətimizin prioritetlərindən biridir. Yəni, Azərbaycan dövləti müstəqil bir siyasət yürütmək iqtidarındadır və dövlətimizə XIX əsrin əvvəllərindəki təfəkkürlə yanaşmaq olmaz. XXI əsrin standarlartları inkişaf etmiş dövlətlərin tələbləri çərçivəsində necə varsa, Azərbaycan da bir dövlət olaraq bu axarla özünə məxsus inkişaf yolu ilə addımlayır. Hər bir azərbaycanlı artıq bütün bunları gündəlik həyatında daha yaxından dərk etməkdədir.

Ə. Yusifoğlu