"Dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur" "Dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur"

Soyuq təhlükə - Əhaliyə xəbərdarlıq

"Dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur"

Əvvəllər Bakı küçələrində səyyar dondurma satışı olardı. Şəhərin gur yerlərində soyuducu qoyub “Sərin, ”morojna" deyə müştərilərə çağırış edərdilər. İndi könlü dondurma istəyən gərək marketlərə getsin.

Marketlərdə isə hər növ, hər qiymətə bu məhsuldan tapmaq olar. İndi 20 qəpiyə də, 10 manata da dondurma var. Ancaq dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur.

Məsələn, 20 qəpiklik dondurmanın orqanizmə hansı zərər-ziyanının olması izah edilmir. Ümumiyyətlə, bu sahə üzrə araşdırmalar azdır.

Sadəcə, dondurma mövsümi başladığına görə aktuallıq kəsb edir və biz də kiçik araşdırma aparmaq qərarına gəldik.

Marketlərdən öyrəndik ki, “Bakılı qız”, “Qız qalası” “Malik” adlı yerli dondurmalar satışdadır.

Həmçinin “Ailə”, “A klass” kimi yerli məhsullar var. Eyni zamanda “Algida”, “Magnium”, “Eskimo” kimi məşhur dondurmalar var.

Ümumiyyətlə, mağazalarda yerli məhsuldan əlavə, Rusiya, Ukrayna, Türkiyə dondurmaları üstünlük təşkil edir.

Amma karantin günlərində marketlərin işləməməsi, qarşıda daha iki gün marketlərin bağlı olacağı dondurmaların vəziyyəti ilə bağlı suallar doğurur.

Çünki dondurmanın satış şəbəkəsində saxlanma müddəti 30 gündən artıq deyil. Dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verməlidir.

Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir.

Standartlara görə dondurmanın yağlılığını normaya salmaq və yaxud artırmaq üçün yalnız kərə yağı qarışdırıla bilər.

Mütəxəssislər iddia edir ki, köhnə və ya uzun müddət istifadəyə yararlı olması üçün çoxlu konservant qatılan dondurma zəhərlənmə və mədə-bağırsaq pozuntularına səbəb ola bilər.

Əgər dondurmanın qabı əzilmiş formadadırsa, bu, o deməkdir ki, o məhsul normal temperaturda saxlanılmayıb və əridikdən sonra yenidən dondurulub. Bu artıq yararsız dondurma hesab olunur. Açıq şəkildə satılan dondurmaları alarkən də diqqətli olmaq lazımdır.

Əmtəə bazarında elə dondurmalar da var ki, yararsız hala düşdükdən sonra düzəldilərək açıq halda satılır.

Bu cür dondurmaları yeyən şəxslər ciddi mədə-bağırsaq xəstəliklərinə, hətta xərçəng xəstəliyinə tutula bilərlər. Çünki həmin dondurmaların tərkibinə çoxlu sayda müxtəlif kimyəvi qatqılar qatılır.

Bəzi ölkələrdə dondurma ilboyu yeyilir. Standartlara uyğun hazırlanırsa, ondan imtina etmək yox, hətta soyuq havalarda da yemək olar. Keyfiyətsiz dondurmanı isti havada da yesən, fəsadları çox olur.

Bəzən xaricdən dondurma gətirirlər. Bu zaman məhsulun xüsusi soyuducularda gətirilib-gətirilmədiyi yoxlanmalıdır. Adətən iaşə obyektlərində hazırlanan dondurmalar hansısa qazanlarda yığılır və s.

Onların necə saxlandığı sual doğurur. Gigiyenik nöqteyi-nəzərdən bu cür dondurmalar qorxuludur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, ən bahalı marketdə belə ən keyfiyyətsiz dondurma tapmaq mümkündür. Onun sözlərinə görə, dondurma süd məhsuludur və yeyəndə gərək qaymaq dadı versin.

“Ancaq bəzən bizə şikayətlər gəlir ki, dondurma boğaza acılıq verir. Görünür ki, həmin məhsulun tərkibində kərə yağı yerinə bitki yağından istifadə edilir. O halda dondurma yeyəndə boğaza acılıq verir. Ona görə də əhali diqqətli olmalıdır”.

E.Hüseynov bildirdi ki, xarici dondurmalardan daha çox yerli məhsullara üstünlük vermək yaxşıdır: “Əvvəla, dondurma çox yemək məsləhət deyil.

Amma istisna deyil ki, həmin 20 qəpiklik dondurmalar hazırlanarkən naməlum mayelərdən, quru süddən istifadə edilib".

E.Hüseynov insanlara mümkün qədər keyfiyyətli və bahalı dondurma almağı tövsiyə edir.

Qeyd edək ki, bir çoxları dondurmanın ilk dəfə Avropada istehsal olunduğunu bildirir. Onun reseptinin Çindən İtaliyaya Marko Polo tərəfindən də gətirildiyi vurğulanır.

Polo dondurmaların hazırlanma prosesini özü birbaşa görüb, həmin resepti öyrənib, amma evinə qayıdarkən bu reseptdən istifadə edə bilməyib.

Digər fikirlərə görə, bir aşpaz olub və onun dondurmanın hazırlanması haqqında xüsusi sirrləri var imiş. Bu aşpazı Yekaterina Mediç çox yaxşı tanıyırmış.

Yekaterinanın Dyuk Orleanla toyu olduqdan sonra onlar Fransaya köçürlər və bu zaman həmin dondurma hazırlamağı bacaran aşpazı da özləri ilə birlikdə aparırlar. Bu dondurma hazırlayan aşpaz I Karlın o qədər xoşuna gəlir ki, onu krallığın dondurmaçısı adlandırır.

I Karl bu şəxsə ömürlük təqaüd açır, yalnız onun qarşısında bir şərt qoyur ki, nə olmasından asılı olmayaraq dondurmanın hazırlanma reseptini heç kimə söyləməsin. Çünki bu soyuq desert krallığa aid qida hesab olunurdu. (Yeni Müsavat)

AzNews.az