Bütün ehtimallara qarşı konkret fakt Bütün ehtimallara qarşı konkret fakt

28 may gerçəkləri: İstiqlal Bəyannaməsinin müəllifi kimdir?

Bütün ehtimallara qarşı konkret fakt

28 may 1918-ci ildə möhtəşəm bir hadisə baş verdi. Təxminən yüz il boyunca üzərini əsarət buludları örtmüş “Azərbaycan” adlı səkkiz guşəli ulduz yenidən parladı. Qədim Tiflis şəhərində “İstiqlal bəyannaməsi” qəbul edilərək Azərbaycan Xalq Cümhuriyyəti rəsmən elan olundu. Müsəlman aləmində ilk respublika olan Xalq Cümhuriyyətinin “Əqdnamə” adlanan İstiqlal Bəyannaməsi həm milli dövlətçiliyimiz, həm də bəşəri azadlıq tarixi üçün əvəzsiz sənədlərdən biridir. Odur ki, tez-tez sual verilir: Azərbaycanın İstiqlal Bəyannaməsinin müəllifi kimdir?

Əgər bu barədə yüngülvari bir araşdırma aparsanız, müxtəlif adlara rast gələcəksiniz. Çoxsayda araşdırma və publisistik məqalələrdə müəllif olaraq, əsasən, üç tarixi şəxsiyyətimizin adı keçir:

1) Məmməd Əmin Rəsulzadə

2) Rəhim bəy Vəkilov

3) Nəsib bəy Yusifbəyli.

Bəs, “Əqdnamə”nin müəllifi olaraq niyə bu qədər çox isim tələffüz olunur?

Məsələ burasındadır ki, heç bir qaynaqda İstiqlal Bəyannaməsinin konkret müəllifi barədə dəqiq məlumat yoxdur. Yəni, bu üç şanlı babamızın hər biri ancaq və ancaq EHTİMAL kimi “Əqdnamə”nin müəllifi olaraq göstərilir. Əlbəttə, ehtimal irəli sürülərkən müəyyən əsaslandırmalar da ortaya qoymaq lazım gəlir. İcazənizlə, birlikdə nəzər salaq və görək: bu əsaslandırmalar nə qədər elmidir?

Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olunanda, yəni Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda ömrünü Azərbaycan davasına həsr eləmiş Məmməd Əmin Rəsulzadə Tiflisdə deyildi. O, Zaqafqaziya Demokratik Federativ Respublikasının Seymindəki müsəlman fraksiyasının təmsilçisi kimi 11 may 1918-ci ildə işə başlayan Batum konfransına getmişdi. Danışıqlar prosesində Osmanlının təklif və ultimatumlarını qəbul etmək istəməyən gürcülər Almaniya ilə gizlicə sövdələşmə aparırdılar. Bu sövdələşmə nəticəsində gürcülərə Almaniya dəstək vədi vermiş, formal baxımdan isə, Gürcü Milli Şurası 14 mayda keçirilən gizli topantıda Almaniyanın himayəsinə sığınmaq istədiyini rəsmən təsdiqləmişdi. Almanlar gürcüləri himayə edəcəyinə o şərtlə razılıq vermişdilər ki, onlar ZDFR-in tərkibindən çıxaraq öz müstəqilliklərini elan etsinlər. Gürcü tərəfi bu təkliflə razılaşaraq mayın 22-də artıq müstəqillik elan etməyə daxili qərar vermiş və istiqlal aktının layihəsini hazırlamışdılar. Mayın 26-da Gürcüstanın elan edilən müstəqillik aktı məhz bu layihə olmuşdu. Akt qəbul edilməzdən öncə isə, günorta saatlarında Gürcüstan Zaqafqaziya Seymindən çıxmış və qurum rəsmən dağılmışdı. Gürcülərin belə bir addım atacağı Batum konfransındakı tərəflərin hər biri üçün gözlənilən idi, sadəcə, konkret addımın nə zaman atılacağı bilinmirdi. Bu məqamı xüsusi yadda saxlayaraq əlavə edək ki, Batum konfransında irəli sürülən tələblər gürcülər tərəfindən qəbul olunmayınca, Seymin hər üç millətdən olan nümayəndələrinin əksəriyyəti şəhəri tərk etmiş, ancaq Məmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski orada qalmışdı. Ona görə də, əgər İstiqlal Bəyannaməsinin müəllifinin Rəsulzadə olması ehtimalı ilə razılaşsaq, onda mətnin Tiflisdə deyil, Batumda yazıldığını qəbul etməliyik. Bu zaman o sual meydana çıxır ki, bəs, bəyannamə Tiflisdə qəbul olunubsa, Batumdan necə və nə zaman göndərilib?

Belə bir poçt praktiki baxımdan mümkün idi.

Dediyimiz kimi, gürcülərin Seymdən çıxacağı və müstəqillik elan edəcəkləri Batum konfransının bütün tərəflərinin, o cümlədən orada olan Rəsulzadə və Hacınskinin ehtimalları sırasında idi. Hətta Gürcüstanın Seymdən çıxacağı təqdirdə Azərbaycanın da dərhal öz müstəqilliyini elan etməsi Osmanlı hökumətindən Batumdakı nümayəndələrindən Vehib paşaya göndərilən tövsiyyələrdə də əks olunur. Ənvər paşa 26 may 1918-ci ildə Batuma yazmışdı:

“Gürcülər istiqlallarını elan etdikləri halda, Cənubi Qafqaz müsəlmanlarının da mərkəzi Gəncə olmaqla istiqlal elan edərək, Osmanlı dövləti ilə bir ittifaq müqaviləsi bağlamaq arzusunda olduqlarını Xəlil bəyəfəndiyə müraciətlə hökumət-i Səniyyəyə təbliğ eyləmələri ən müvafiq olur”.

Lakin bu ismarıc heç də Azərbaycanın müstəqilliyinin Osmanlının təlimatı ilə elan olunması anlamına gəlmir. Belə ki, daha öncə- 25 may 1918-ci ildə Seymin müsəlman fraksiyasından Rəhim bəy Vəkilov gürcülərin təcili müstəqillik etmək niyyətində olduqlarından duyuq düşmüş və bu barədə həmkarlarına məlumat vermişdi. Onun verdiyi bilgi həmin gün müsəlman fraksiyasının iki iclasında müzakirə olunmuş və elə birinci toplantıda qərara alınmışdı ki, əgər Gürcüstan Seymdən ayrılıb öz müstəqilliyini elan edərsə, o zaman Azərbaycan da öz müstəqilliyini elan edəcək”.

Bu qərar Batumdakı nümayəndə heyətindən xəbərsiz səhər iclasında qəbul edilmişdi, çünki oradakı heyəti bu barədə təcili məlumatlandırmaq axşam toplantısında Fətəli xan Xoyskiyə xüsusi vəzifə kimi tapşırılmışdı. İclasın protokolunda iştirak edənlər arasında Nəsib bəy Yusifbəylinin də adı yoxdur. Mayın 13-də çıxarılan xüsusi qərarla Batuma göndərilmiş Nəsib bəy Yusifbəyli Tiflisə dönər-dönməz mayın 27-də müsəlman fraksiyasının fövqəladə toplantısı keçirildi və onun Osmanlı ilə aparılan danışıqlar barədə məruzəsi dinlənildi. İstiqlal aktının müəllifinin Məmməd Əmin bəy olduğunu iddia edənlərə görə, mətn Batumdan Tiflisə məhz Nəsib bəy vasitəsi ilə göndərilmişdi. Lakin bu iddianı bir neçə mühüm səbəbə görə həqiqət kimi qəbul etmək mümkün deyil.

Birincisi, Osmanlı nümayəndələri Seymə son ultimatumunu 26 may 1918-ci ildə, axşam saat 20:00 radələrində vermiş, cavablandırılması üçün 72 saat vaxt qoymuşdu. Lakin bu ultimatum təqdim olunanda ZDFR artıq bir neçə saat idi ki, mövcud deyildi, dağılmışdı. Bu, bir daha təsdiq edir ki, Gürcüstanın müstəqillik elan edəcəyi gün və saat Osmanlı, o cümlədən Batumda olan azərbaycanlılar üçün naməlum idi, yuxarıda bu barədə danışanda vaxt məsələsini elə bu üzdən məxsusi yadda saxladıq.

İkincisi, gürcülərin Seymdən çıxması və müstəqillik elan etmələri, sadəcə mümkün variantlardan biri idi. Onlar Osmanlının şərtləri qəbul edərdisə, yaxud almanlarla gizli sövdələşmələri hər hansı səbəbdən pozulardısa, Batumda hazırlandığı və Yusifbəyli vasitəsi ilə Tiflisə göndərildiyi iddia olunan bəyannamə necə olacaqdı? Axı, o halda Azərbaycan müstəqilliyini elan etməyəcək, belə bir bəyannaməyə ehtiyac qalmayacaqdı. Məmməd Əmin Rəsulzadənin AXC-nin bir çox digər liderləri kimi Qafqaz konfederasiyanın, Əlimərdan bəy Topçubaşovun təbiri ilə desək, coşqun tərəfdarlarından olmasını da xatırlayanda, şübhə etməyə dəymir ki, Bəyannamə məhz Tiflisdə və məhz Gürcüstan öz müstəqilliyini elan etdikdən sonra hazırlanıb.

Üçüncüsü, tutalım, Bəyannamə Batumda hazırlanaraq Nəsib bəy vasitəsi ilə Tiflisə göndərilib. O zaman çox sadə məntiq onu deyir ki, Bəyannamədə Batumdakı nümayəndələrin, yəni həm Rəsulzadənin, həm də Hacınskinin imzaları olmalı, özü də ən başda olmalı idi. “Rəsulzadənin imzası İstiqlal Bəyannaməsində niyə yoxdur” sualının cavabı odur ki, “Əqdnamə” qəbul olunanda, o, Tiflisdə deyildi. Yaxşı, Bəyannamə Tiflisdə yox, Batumda hazırlanıbsa, onda niyə imza atılmayıb? Bu sualın cavabı yoxdur!

Dördüncüsü, sözügedən ehtimalın müəllifləri öz fikirlərini iki faktla əsaslandırmağa çalışırlar. İlk fakta görə, AXC-nin elan edildiyi toplantıda Məmməd Əmin Rəsulzadənin Batumdan Yusifbəyli vasitəsi ilə göndərdiyi məktub və teleqramlar müzakirə olunan üç məsələdən biri olub. Doğrudur! Gündəlikdə ikinci məsələ kimi müzakirə olunan məktub və teleqramların məhz Məmməd Əmin bəy tərəfindən göndərildiyi protokollarda açıq yazılıb. Akt müəllifinin adını da tarix üçün qeydə almaq olmazdımı? Ancaq belə bir qeyd yoxdur. Elə belə qeydin olmaması səbəbindən bəzi araşdırmaçılar və publisistlər M.Ə. Rəsulzadənin Azərbaycanın istiqlalının 11-ci il dönümü münasibəti ilə “Odlu yurd” dərgisindəki məqaləsinə istinad edirlər. Məqalədə Rəsulzadə bildirir:

“İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi… Böyük Fransız ixtilalı, Böyük Amerika istiqlal hərbi, Böyük Almaniya istixlası, Böyük İtalyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir.”

Böyük tarixi şəxsiyyətimizin məhz bu cümlələrinə istinad edərək “İstiqlal Bəyannaməsinin qaynağını göstərir, deməli, o, hazırlayıb” qənaətinə gəlmək və Rəsulzadənin qaynağı dəxi göstərdiyi halda, öz adını müəllif kimi təvazökarlıq edərək çəkməməsini iddia etmək kökündən yanlışdır. Bəli, Azərbaycanda hər kəs kimi mənim də böyük sayğı və sevgi ilə andığım Məmməd Əmin bəy gerçəkdən təvazökar, mədəni, nəzakətli, dərin bir insan idi və sözün əsl mənasında, Anadolu türkləri demiş, bəyəfəndi idi. Ancaq iş burasındadır ki, istər Batumda Rəsulzadənin, istərsə də Tiflisdə Azərbaycanın müstəqilliyini rəsmən elan edən digər qurucu babalarımızın fəaliyyəti məhz Osmanlının hərbi dəstəyini qazanmağa, Dövləti-Aliyyə qoşunlarının Bakını azad etməsinə yönəlmişdi. Bu barədə şəxsən Rəsulzadənin də imzası ilə Osmanlı hökumətinə Batumdan göndərilən məktub da var. 1918- ci ilin yanvarında ABŞ konqresində qəbul edilən “Vilson prinsipləri”nin 6-cı bəndinə görə isə, keçmişdə Rusiya imperiyasına aid olmuş bütün torpaqlardan xarici hərbi güclər çəkilməli idilər. Bu bənd Qafqazda əsas hərbi güc olan Osmanlı əsgərlərini də əhatə edir, o cümlədən İstiqlal Bəyannaməsi elan olunanda artıq Gəncədə mövqe tutmuş Qafqaz İslam Ordusunun Anadoluya geri qayıtmasını şərtləndirirdi. Bütün bunlar isə o deməkdir ki, dövrün şərtləri ilə qarşılaşdırdıqda, 14 maddəlik “Vilson prinsipləri” İstiqlal Bəyannaməsi üçün qaynaq yox, sadəcə, 11 il öncə elan edilmiş müstəqilliklə bağlı aparılan gözəl bir dəyərləndirmə üçün fakt ola bilərdi. Hətta bu, dəyərləndirmə deyil, gerçəkdən qaynağı bildirən şərh olsaydı belə, yalnızca həmin iqtibasa sığınaraq İstiqlal Bəyannaməsinin Tiflisdə hazırlanmadığını iddia etmək əbəsdir. Ona görə ki, ADR-in artıq müstəqilliyini elan etmiş Gürcüstanın paytaxtındakı qurucuları kifayət qədər savadlı, ən prestijli xarici universitetlərdən məzun olmuş və dünyadakı siyasi prosesləri dərindən bilən isimlər idi.

Beləliklə, məlum olur ki, Məmməd Əmin Rəsulzadəni İstiqlal Bəyannaməsinin birbaşa müəllifi kimi təqdim etmək, heç bir konkret isbatı və dəlili, elmi və tarixi əsası olmayan bir iddiadır.

Bəli, Məmməd Əmin Rəsulzadə ömrünü Azərbaycanın milli mücadiləsinə həsr eləmiş böyük aydın, fədakar siyasi xadim, ADR-in qurulmasında, tanıdılmasında və 23 ay olsa da, yaşamasında müstəsna rol oynayan liderdir. İstiqlal Bəyannaməsinin müəllifi olmaması, sənədə imza atmaması və obyektiv səbəbdən AXC-nin elan olunduğu toplantıda iştirak etməməsi onun missiyasına əsla kölgə salacaq faktlar deyil.

“Əqdnamə”nin müəllifi kimi göstərilən başqa bir tarixi şəxsiyyət Rəhim bəy Vəkilovdur. Bu barədə internet resurslarında yer alan bir çox məqalələrdə, o cümlədən “Wikipedia” açıq internet ensiklopediyasında belə yazılır:

“Azərbaycanın istiqlalı elan ediləndə məşhur İstiqlal Bəyannaməsinin mətni katib Rəhim bəyin əli ilə və onun qələmi ilə yazılmışdı. Bəyannamənin altına imza atanlardan biri də Rəhim bəy idi”.

Rəhim bəy Vəkilov AXC-nin elan olunduğu Milli Şuranın 28 may toplantısında iştirak etmiş, aktin lehinə səs vermişdi. Lakin onun ismi Bəyannaməni altında imza atan 8 nəfər arasında yoxdur. Elə bu fakt onu düşünməyə əsas verir ki, hətta daxili müzakirə üçün hazırlanan əlyazmanın üzünü Milli Şuranın katibi kimi yaxşı və səliqəli xəttlə köçürmüş olsa belə (indiki məqamda bunu nə təsdiq, nə təkzib etməyə əlimizin altında fakt yoxdur), sənədin müəllifi Rəhim bəy olmayıb.

Azərbaycanın müstəqilliyini elan etməsi təklifini rəsmi şəkildə Milli Şurada ilk səsləndirən Xəlil bəy Xasməmmədovdur. Bu təklifi Yusif bəy Nəsibbəyli müdafiə edib, Fətəli xan Xoyski isə, müstəqillik elan edilməsinə etiraz etməsə də, bir qədər gözləməyi və Osmanlı ilə dəqiqləşmələr aparılmasını lazım bilib. Lakin müzakirələr ortaq qərarla müstəqilliyin məhz 28 mayda elan olunması ilə nəticələnib. “Əqdnamə”ni məclisə təqdim edən və imza atan ilk isim Həsən bəy Ağayevdir. Həsən bəy Milli Şuranın sədr müavini (sədr Batumda olan Məmməd Əmin Rəsuzadə seçilmişdi) olduğundan həm sənədi təqdim etməsi, həm də sənədə ilk imza atması protokoldan irəli gəlirdi. Lakin onun Bəyannamənin müəllifi olmadığı aşikardır ona görə ki, Həsən bəy Ağayev Gəncədən yeni qayıtmışdı və ən azı yorğunluq səbəbindən belə bir sənədin hazırlanması birbaşa ona həvalə edilə bilməzdi.

AXC dövrünə aid foto/ İnternetdən götürülüb

İstiqlal Bəyannaməsinin müəllifi kimi Nəsib bəy Yusifbəylini göstərənlər də var. Bu iddianın müəllifləri daha səmimi şəkildə qaynaqsız olduqlarını, ancaq FƏHMə əsaslandıqlarını deyirlər. Açığı, əgər “Əqdnamə” konkret bir nəfərin beyninin məhsuludursa, o zaman bu fəhmə etibar eləmək daha doğru olardı. Nədən? İlk növbədə ona görə ki, Nəsib bəy istər təhsilinə, istərsə də siyasi mücadiləsinə görə, belə bir tarixi sənədi hazırlamaq üçün böyük potensiala sahib idi. Onun siyasi çəkisi də bu işi boynuna götürməsinə tam imkan yaradırdı. Eyni zamanda, Nəsib bəy Batumdan dönmüşdü, danışıqlar barədə geniş məlumata malik idi, həm Rəsulzadənin şəxsi mövqeyini, həm də Tiflisdəki nümayəndələrin yanaşmalarını bilirdi. Ən başlıcası, Nəsib bəy Yusifbəyli Azərbaycanda sekulyarlığın, cümhuriyyətin “Azərbaycan” adlanmasının və ümumiyyətlə, Azərbaycan siyasi doktrinasının ƏSAS MÜƏLLİFİ idi.

Bu barədə M. Ə. Rəsulzadə yazır:

“Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və baş vəkalətdə bulunduğunu söyləməklə ifadə edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-ci ildə Türk-Ədəmi Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir”.

M.Ə. Rəsulzadənin Nəsib bəy Yusifbəyli haqqında bu fikri də olduqca maraqlıdır:

“Bunu söyləməyə bilmərik ki, o, milli nüməyəndələrdən biri idi. Elə bir nümayəndə ki, milli Azərbaycan hərəkatının İSTİQLALLA NƏTİCƏLƏNƏN QAYƏSİNİ FORMULA ETMƏK ONUN ADI İLƏ BAĞLIDIR. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi üçün kifayətdir”.

Burada Rəsulzadə Nəsib bəyi “İstiqlalla nəticələnən qayəni formula edən” şəxs kimi təqdim edəndə məhz “Əqdnamə”ni nəzərdə tutub-tutmaması, əlbəttə, mübahisəlidir. Ancaq daha öncəki sitatdan birmənalı şəkildə məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bir siyasi doktrina kimi ilk növbədə məhz Yusifbəyliyə aid olub.

Bütün hallarda, sual yenə açıq qalır: İstiqlal Bəyannaməsinin müəllifi kimdir?

Əslində, məqsədli şəkildə zaman-zaman ortalığa atılmış bu sualın cavabı- TƏKZİBOLUNMAZ ŞƏKİLDƏ “Əqdnamə”nin özündə mövcuddur.

Belə ki, “Əqdnamə” 28 may 1918-ci ildə Milli Şurada müzakirəyə çıxarılıb, məclis üzvlərindən iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalıb, qalan 24 iştirakçı lehinə səs verib.

İstiqlal Bəyannaməsində 8 nəfərin imzası var: Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli (Nəriman Nərimanovla eyni adam deyil), Cavad bəy Məlik Yeqanov, Mustafa Mahmudov.

Sual olunur: nədən başqa heç bir mənbə olmadığı halda, biz İstiqlal Bəyannaməsinin müəllifliyini konkret bir şəxsə aid etmək istəyirik, amma “Əqdnamə”də imzası olan 8 nəfəri ümumi halda, həmmüəlliflər kimi görmək istəmirik?

Məgər bu 8 nəfər bizim babamız deyilmi?

Məgər bu 8 nəfər bir növ komissiya halında çalışaraq, müzakirələr apararaq və ortaq məxrəcə gələrək İstiqlal Bəyannaməsini hazırlaya və xəyalı gerçəyə çevirə bilməzdilərmi?

Məgər bu 8 nəfərin intellekti, bioqrafiyası, çəkisi belə bir sənəd hazırlamağa kafi deyildimi?

O zaman nə həqiqətdən qaçmağa ehtiyac var, nə də fakt ortada ola-ola ehtimallar irəli sürməyə.

Özgürlük günümüz qutlu olsun!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru