Dilim ölsə, mən də ölləm..

Pəhləvi dövründən fars şovinizmi İran dövlətinin rəsmi dövlət siyasətinə çevrilmiş və məqsədyönlü olaraq Azərbaycan tarixi uydurmalara və təhrifə məruz qalmışdır. Təhrifçilərin dediyinə görə, səlcuqların XI əsrdə Azərbaycana köçməsi ilə Azərbaycanı türkləşdirmişlər. Onlar türk dilinin Azərbaycanda yayılmasını 70 illik Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti dövrü ilə bağlayır.

Bu cür uydurulmuş fıkirləri təbliğ edənlər az deyildir. Onlardan Əhməd Kəsrəvini, Cavad Şeyx əl İslamini göstərmək olar. Bu tip şovinistlər Güney Azərbaycanda 35 milyondan artıq Azərbaycan türkünü farslaşdırmaq məqsədi güdmüşlər. Beləliklə, 50 il müddətində Azərbaycanın farslaşdırılması nəzərdə tutulurdu. Quzey Azərbaycanın müstəqilliyi ilə Azərbaycan türklərinin başı üstündən qara buludlar çəkildi və həqiqət Günəşi özünü göstərməyə başladı.

Güney azərbaycanlı alim və tədqiqatçı, mərhum professor Məhəmməd Tağı Zehtabi müxtəlif mənbələri araşdıraraq çox qiymətli "İran türklərinin əski tarixi"ni yazmışdır. O, avropalı, bir çox başqa xalqların tədqiqatçı və arxeoloqlarının fikirlərinə əsaslanaraq belə bir versiya irəli sürür ki, Türküstan, Azərbaycan, Zaqros dağları, ikiçayarası və ətraf ərazilər vahid mədəniyyət təsiri altında olmuşdur. Bunu daha çox həmin ərazilərdə tapılmış vahid mədəniyyət qalıqları sübut edir.

Azərbaycanın qədim türklərin məskəni olmasını islam alim və tarixçiləri də qeyd etmişlər. Ərəb tarixçisi İbn-i- Heşam öz əsərində yazır: "Dövrün xəlifəsi Ubeydə sual verir ki, türk və Azərbaycan nədir. Ubeyd də cavabında deyir: Azərbaycan qədimdən türklərlə məskun bir ölkədir".

Azərbaycanda türklərin yaşamasını ərəb-fars tarixçisi Əbu Əli Məhəmməd Bələmi də göstərmişdir. O, "Tarixi Bələmi" adlı əsərinin 42-ci səhifəsində Azərbaycanın türklərin yaşadığı yer olmasına işarə edir.
Azərbaycanda çox qədimlərdən Azərbaycan türkcəsi mövcud olmuş və dilimiz bir çox sahələrdə işlədilmişdir. Güney Azərbaycan tarixi boyu Xətai, Saib Təbrizi, Şeyx Qasim Ənvər, Həqiqi, Vəhidi Təbrizi, Qövsi Təbrizi və bir çox məşhurların yetişdiyi ərazi olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Şah İsmayıl Səfəvi dövründə Təbriz Azərbaycanın paytaxtı olarkən Azərbaycan türkcəsi hələ o dövrdə rəsmi dövlət dili olmuşdur.
Güney Azərbaycanda zaman-zaman böyük şair və yazıçılar yetişmiş, mədəniyyətimizə çox qiymətli əsərlər töfhə etmişlər. Dilimiz və ədəbiyyatımızla birbaşa bağlı olan Füzulinin türkcə "Divan"ı birinci dəfə olaraq 1828-ci ildə Təbriz şəhərində çap edilmişdir.

Güney Azərbaycanda Azərbaycan türkcəsində hələ XIX əsrin birinci yarısından kitabların nəşr edilməsi dilimizin əhəmiyyəti və bu məmləkətin Təbriz başda olmaqla mədəniyyət mərkəzi olmasından irəli gəlir.
Azərbaycanda məşrutə inqilabı və inqilab ərəfəsində Azərbaycan türkcəsində qəzetlər nəşr edilir, ziyalılarımız və aydınlarımız tərəfindən xalqa müasir və mütərəqqi fikirlər aşılanırdı. Həmin dövrdə də "Azərbaycan" qəzeti Təbrizdə 1907-ci ildə "Ədalət" qəzetinin əlavəsi olaraq nəşr edilirdi".

"1893-cü ildə Təbrizdə Rüştiyyə tərəfindən yeni üsulla təsis edilmiş və savad təlimində müasir metodlardan istifadə olunan Müzəffəriyyə adlı ilk müasir ibtidai məktəb açılmışdır.

Şeyx Məhəmməd Xiyabani hərəkatı dövründə də Güney Azərbaycanda Azərbaycan türkcəsi geniş şəkildə istifadə edilirdi. Hərəkatın başçısı Şeyx Məhəmməd Xiyabani odlu çıxışlarını Azərbaycan türkcəsində aparırdı. Həmin dövrdə çoxlu qəzet və jurnallar buraxılırdı. Azərbaycan Demokrat Partiyasının orqanı olan "Təcəddüd" qəzeti həmin dövrdə buraxılmağa başladı. Bundan əlavə, "Azadistan" və "Ədəb" jurnalları da nəşr edilirdi.
Azərbaycan xalqı Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə parçalandıqdan sonra bir-birindən fərqli tale yaşamalı oldular. Azərbaycanın quzey hissəsi və rus müstəmləkəsi, güney hissəsi isə İran müstəmləkəsinə çevrildi. 1925-ci ildə İngiltərə dövlətinin əlaltısı olan Rza xan tədricən dövlət çevrilişi nəticəsində İranda şah oldu. Beləliklə, türk sülaləsi olan Qacar dövləti şovinist siyasəti yeridən Pəhləvi sülaləsi ilə əvəz edildi. Rza şah hakimiyyətə gəldikdən sonra mərkəzləşmiş dövlət yaratdı və Fars şovinizmi dövlətin ana siyasət xəttinə çevrildi. İran adlandırılan ölkənin hər tərəfində yaşayan Azərbaycan türklərinin dili yasaq edildi. Azərbaycanlılar türk olmalarına görə təhqir, təqib və təzyiqə məruz qalırdılar. Azərbaycan dili bütün məktəblərdən, rəsmi orqanlardan, teatr, incəsənət, elm və s. sahələrdən zorla uzaqlaşdırıldı.

Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı başladı və 1945-46-cı ildə 21 Azər hərəkatı ilə milli hökumət quruldu. Təxminən bir il müddətində davam gətirən həmin hökumət Güney Azərbaycanda milli zəmində çox işlər gördü, Güney Azərbaycanda qurulmuş Azərbaycan milli hökuməti Azərbaycan türkcəsi haqqında belə bir qərar qəbul etdi:

1. "Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili elan olunur...
2. Bütün idarələr (dövlət, milli, ticarət və ictimaiyyət) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar...".
1946-cı il aprelin 7-də bazar günü Təbriz radiosu hər gün günortadan sonra saat 4-də orta dalğa 310 metrdə ilk dəfə verilişə başladı.
Güney Azərbaycanda həmin dövrdə Azərbaycan türkcəsində dövlət himni yaradıldı. Azərbaycan milli himnini xalqımızın qocaman və mübariz şairi Seyid Mehdi Etimad Natiq yazmış, musiqisini isə Cahangir Cahangirzadə bəstələmişdir.

Həmin milli himn belədir:

Ey vətənim Azərbaycan,
Əbədi odlardan nişan
Adlı, şanlı keçmişim var
Sən böyütdün qəhrəmanlar
Qoca şərqin çırağısan
Azadlığın bayrağısan
Tarix boyunca yadigar,
İftixarlı asarın var.
Sənsən bizə Ana vətən
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azərbaycan!

Təəssüflər olsun ki, həmin ərəfədə qərblə-şərq blokunun dünyanı paylaşması ilə Güney Azərbaycanın müstəqilliyinə son qoyuldu. Pəhləvi ordusu yenidən 1946-cı ildə Güney Azərbaycanı işğal etdikdən sonra əvvəlkindən də daha sərt və şovinistcəsinə Azərbaycan xalqına və onun dil və mədəniyyətinin inkişafına mane oldu. Pəhləvi rejimi Azərbaycan türkcəsini bütün elm, mədəniyyət, incəsənət və rəsmi dövlət orqanlarında yasaq etdi. Azərbaycan türkcəsində yazılıb, yaradılmış böyük bir mədəniyyəti, həmin dildə olan kitabların kütləvi şəkildə yandırıb məhv etməyə çalışdılar.

50 illik Pəhləvi rejimi dövründə Azərbaycan xalqı öz doğma yurdu Güney Azərbaycanda dözülməz təzyiqlərə məruz qaldı. Heç kimin bir dənə də olsun Azərbaycan türkcəsində kitab çap etdirməyə haqqı yox idi.
Ağır şəraitdə Azərbaycan dili və mədəniyyətinə çox böyük zərbələr vuruldu. Amma belə ağır şəraitdə də Azərbaycanın qeyrətli oğul və qızları hər zaman xalqı maarifləndirməyə və dilimizə aid gizli şəkildə əsərlər yazıb-yaymağa başladılar. Hətta, Azərbaycan ədəbiyyatının XX əsrdə gözəl şah əsəri olan Şəhriyarın "Heydər babaya salam" əsəri də bu dövrdə yazıldı. Bulud Qaraçorlu (Səhənd) Azərbaycan mübarizə şeirinə misilsiz töfhələr verdi. "Sazımın sözü" kimi dəyərli əsərlər də məhz bu dövrdə yazılıb yayıldı.

1979-cu il İslam inqilabı baş verdikdən sonra İran İslam Respublikasının Ana qanununun 15-ci maddəsində qeyd edilirdi ki, İranda yaşayan başqa millətlər fars dili ilə yanaşı, öz dillərində təhsil ala bilərlər. Lakin bu maddə və eyni zamanda İranın Ana qanununun 19-cu maddəsində nəzərdə tutulan xalqların hüquqlarının bərabərliyi təmin olunmadı və indiyə kimi də həmin maddələr icra edilmir.

Tehran, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan şəhərlərində müxtəlif dərgilər, qəzetlər nəşr olunmağa başladı. "Varlıq", "Dədə Qorqud", "Ülkər", "Koroğlu", "Günəş", "İnqilab yolunda" və "Yoldaş" kimi dərgilər nəşr edilirdi. Bu dərgilərin bəzilərinin ömrü qısa oldu. Elə oldu ki, bir sayı işıq üzü gördü. Şahlıq rejiminin şovinist siyasəti yeni formada baş qaldırdı və müxtəlif vasitələrlə türkdilli mətbuatın geniş vüsət almasına imkan vermədi.
Dilimiz və mədəniyyətimizlə bağlı Güney Azərbaycanın gənc nəsli çox əzmlə və əsaslı şəkildə tədqiqatlar aparmağa can atır və dilimizin yasaq olması ilə yaranmış boşluğu doldurmağa çalışırlar.
Güney Azərbaycanın müxtəlif şəhərlərində ədəbi dərnəklər və ocaqlar da fəaliyyət göstərir. Əlbəttə, həmin ocaqların ədəbi iclasları evlərdə və həftənin bəzi günlərində izn alınaraq mədəniyyət mərkəzlərində keçirilir.
Güney Azərbaycanda son zamanlar dilimiz, ədəbiyyatımız və tariximizlə bağlı çox qiymətli əsərlər də yazılmışdır və nəşr edilmək üçün icazə gözləyir. Azərbaycan türkcəsinin işlənmə dairəsi get-gedə genişlənir. İctimai-siyasi, iqtisadi və mədəni zəmində bütün sahələri əhatə etməyə doğru inkişaf edir.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur