Güneydə milli hərəkata bir baxış

21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə şəhid oldu. Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda UNESCO məhz ana dili şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq məhz həmin günü Beynəlxalq Ana dili günü elan etdi. Bu gün də bir çox xalqlar öz milli mənəvi, mədəni sərvətləri olan ana dillərinə qarşı müxtəlif təzyiqlərlə üzləşir, doğma dillərinin qorunması və inkişafı üçün yorulmadan mübarizə aparırlar. Hətta UNESCO-nun yayımladığı statistikaya görə, dünyada mövcud olan 6 mindən çox dilin yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir.

Bu problem siyasi, mədəni, insan hüquqları baxımından aktualdır. Ana dili uğrunda mübarizə beynəlxalq hüququn tərkib hissəsidir. Beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi xalqların öz müqəddəratını təyin etmə hüququnu Cənubi Azərbaycan türklərinə də birmənalı şəkildə şamil etmək olar. Bu prinsip onlara öz ana dilindən istifadə etmək imkanı verir. Həmin prinsip, eyni zamanda hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququ BMT Nizamnaməsində, İnsan Hüquqları haqqında ümumi Bəyannamədə, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1953-cü ildə qüvvəyə minmişdir), Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Deməli, qeyd olunan məsələnin qaldırılması digər dövlətin daxili işinə qarışmaq deyil, beynəlxalq qanunlar da bu hüquqları tələb etməyə əsas verir.

Məlum olduğu kimi, cənubi azərbaycanlılar türk sülalələri olan Səfəvilər və daha sonra Qacarların timsalında təxminən 5 əsrlik bir dövrdə – XX əsrin əvvəllərinə kimi İranda siyasi hakimiyyətə malik olmuş, ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mütərəqqi ideyaların yayılmasında aparıcı rol oynamışlar. Lakin yeni tarixi dövrə keçid mərhələsində azərbaycanlılar milli həyatın etnik komponentlərinin hərtərəfli inkişafı üçün lazımi siyasi, mədəni mühitin yaradılmasına müvəffəq ola bilmədilər.

Polietnik tərkibə malik olan İran cəmiyyətində XlX əsrin əvvəllərində milli münasibətlər və etnik dillərin statusu da tarixən formalaşmış qaydalarla tənzimlənirdi. Belə ki, ərəb dili dini sferada və ali təhsil sistemində, fars dili kargüzarlıq və təhsil sistemində, Azərbaycan dili şifahi formada sarayda və hərbi sahədə işlənirdi. Həmin vəziyyət bəzi istisnalarla XX əsrin əvvələrinə kimi davam etmişdir. Yeganə istisna 1888-ci ildə Təbrizdə Azərbaycan dilində yeni tipli ibtidai məktəbin təsis edilməsi və ya Azərbaycan dilinin tədris sisteminə daxil olması idi. XX əsrin əvvələrində konstitusiya (Məşrutə) inqilabı illərində (1905-1911) Azərbaycan dili mətbuata da daxil oldu. Lakin bu yeni meyl möhkəmlənmədi və inqilabdan sonra sıradan çıxdı. Əsas səbəbi azərbaycanlıların idarəetmə strukturlarında aparıcı rol oynaması, ümummilli, ümumdövlət maraqları ilə daha sıx bağlı olması və nəticədə siyasi şüurun milli (etnik) şüurdan üstün olması göstərilə bilər. Azərbaycanlıların ümumiran (dövlətçilik) şüurunun formalaşmasında aparıcı rol oynaması özünü 1921-ci ildən başlayaraq İranda yeni dövlət quruculuğunda da göstərmişdir. Azərbaycanlılar silahlı qüvvələrin tərkibində ölkənin mərkəzləşdirilməsində və dövlət quruculuğunun mühüm tərkib hissəsi olan milli birlik və milli vəhdət ideologiyasının yaradılmasında aparıcı rol oynamışlar. Milli vəhdət ideologiyası İranda mövcud olan etnik birliklərin fars milləti tərəfindən dil və mədəniyyət baxımından assimilyasiya olunmasının zəruriliyinı əsaslandırırdı. 1925-ci ildə Rza xan şahlıq taxt-tacına sahib olub, Pəhləvi xanədanının əsasını qoyandan sonra İranda geniş miqyasda həyata keçirilən mərkəzləşdirmə siyasəti və onun əsasında yeni keyfiyyət kəsb edən milli münasibətlər azərbaycanlıların idarəçilik sistemində əvvəlki mövqelərini itirməsilə nəticələndi. XX əsrin 30-cu illərindən başlayaraq İranda “vahid İran”, “vahid millət” və “vahid dil” məsələsi, başqa sözlə deyilsə, “paniranizm” rəsmi dövlət siyasətinə çevrildi. Paniranizm İranı fars məmləkəti, İranda yaşayan xalqları İran milləti adlandırır, fars dilini isə İranın vahid dili elan edirdi. Paniranistlər ölkədə başqa dillərin istifadə edilməsini qadağan edir, mədrəsə və idarələrdə fars dilində danışmayanları cəzalandırmaq siyasəti yeridirdilər. Həmin siyasət etnik dilləri ənənəvi fəaliyyət sferalarından sıxışdırılmağa yönəlmişdi. Hakim rejim etnik birliklərin assimilyasiyası siyasətini fars məmurlarının əli ilə və zorakılıq üsulları ilə həyata keçirməyə çalışırdı. Azərbaycan dilinə qarşı hərtərəfli təzyiq və qadağa siyasəti həyata keçirilirdi. Bununla da fars olmayan xalqların, xüsusilə azərbaycanlıların milli varlığı inkar edilirdi. Həmin vaxtdan etibarən 200 min kvadrat kilometrə qədər ərazisi, 5 milyona qədər kompakt yaşayan əhalisi olan Cənubi Azərbaycan və bütün ölkə əhalisinin yarıdan çoxunu təşkil edən azərbaycanlılar milli hüquqlardan məhrum edilmiş, sosial-iqtisadi cəhətdən getdikcə geriləməyə məcbur edilən bir əyalətə və xalqa çevrilmişdir.

Hakim rejimin və fars məmurlarının etnik birlikləri qısa zamanda assimilyasiya etmək imkanı və potensialı olmadığından etnik dillərin, xüsusən Azərbaycan dilinin daşıyıcılarına qarşı tətbiq etdikləri heç bir əsası və izahı olmayan zorakılıq üsulları mərkəzi hakimiyyətə qarşı narazılığın güclənməsinə və etnik birliklərin milli şüurunun oyanması və inkişafına səbəb olurdu. Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasında milli dil səviyyəsində fəaliyyət göstərdiyindən sol, radikal, bolşevik ideyaların ötürücüsü hesab olunurdu. İranda bu dil hakim dairələrdə bolşevik ideyaların ötürücüsü kimi qəbul edilirdi. Azərbaycan əhalisinin yuxarı dairələrinin, ruhani təbəqəsinin himayəsindən məhrum Azərbaycan dilinin hüquqlarını siyasi müstəvidə prinsipial olaraq sol təşkilatlar, mədəni müstəvidə məhdud miqyasda isə şəhər orta təbəqələrinin nümayəndələri müdafiə edirdilər. Buna görə də Azərbaycan dilinə qarşı siyasət Cənubi Azərbaycanda mütəşəkkil və geniş müqavimətlə qarşılanmırdı. Şəhər orta təbəqələri, xüsusən ziyalılar ana dili uğrunda geniş miqyasda demokratik cəmiyyətdə mübarizə aparmağa qadir idilər. Belə bir şərait ikinci dünya müharibəsinin başlanması, Sovet və İngiltərə qoşunlarının İrana daxil olması, diktator Rza şahın hakimiyyətdən kənar edilməsi və ölkədə nisbi demokratiyanın bərqərar olması ilə meydana gəldi. Həmin şərait sol yönümlü qüvvələrin fəallaşmasına, 1945-ci ilin ikinci yarısında Azərbaycan Demokrat partiyasının təsis edilməsinə və onun rəhbərliyi ilə Milli hökumətin (1945) təşkil olunmasına imkan yaratdı. Milli hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini tam miqyasda həll etdi.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur