ABŞ Konqresində 44 rəqəminin simvolikası

ABŞ və Azərbaycan arasında əlaqələr heç vaxt birxəttli olmayıb. Çox zaman Vaşinqtonun ritorikasında ikili standartı, qərəzi, hadisələrə siyasi don geyindirməsi müşahidə edilir. ABŞ-da Bakıya qarşı gündəmə gələn sanksiya siyahısı da bu siyasətin tərkib hissəsidir və heç də təəccüb doğurmur. Budəfəki hesbaatda insan haqqları əsas gətirilir. Bir müddət öncə isə əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşan, dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı vicdan azadlığı “dərsi” keçməyə cəhd etmişdi. Bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan bir ölkə gülünc şəkildə Azərbaycanda qanun pozuntusu axtarışındadı. Məsələnin bir maraqlı tərəfi də var. 44 rəqəmi təsadüfi seçilməyib. Rəqəmlərin simvolikası bu qərəzli sanksiyada da özünü göstərib. Demək ki, hədəf 44 günlük müharibə və Qarabağda erməni separatizminin ləğvinə görə cəza tədbirlərinin tətbiq edilməsidir. Üstəlik sənədin müəllifi Dina Titusun erməni lobbisinin fəal üzvü olması deyilənləri təsdiq edir. Siyahıya general Hikmət Mirzəyev də daxil olmaqla, 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin aid edilməsi lobbi izini daha da qabartmış olur.
Sanksiya təşəbbüsünün qəbul edilib edilməməsindən, kimlərin təsirinin olub olmamasından aslı olmayaraq, bu kimi addımlar qərəz və qeyri-obyektivlik göstəricisidir. Azərbaycan bütün ölkələrdə normal münasibətlərini qoruyub saxlayır, konstruktiv əməkdaşlıq sferası yaratmağa çalışır. Lakin qeyri-adekvat reaksiyanın göstərilməsi Bakının haqlı siyasətindən və regionda günü-gündən güclənməsindən narahatçılığın göstəricisidir. Unutmaq olmaz ki, örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçir. Supergüclərin belə bir çox məsələdə Bakı ilə hesablaşmalı olduğu çox situasiyaların şahidi olmuşuq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.