XALQ CÜMHURİYYƏTİ PARLAMENT TİPLİ DEYİLDİ!- Taleh Şahsuvarlının əzbərləri pozan araşdırması

(I MƏQALƏ)

Elmi ictimaiyyətimiz və ictimai rəy bir məsələdə yekdildir: Azərbaycan Xalq Cümhuriyyəti parlament tipli respublika olub. Açıq ensiklopediya olan Wikipediada Cümhuriyyət barədə yazılır: “Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi”. Wikipedia, əlbəttə, ciddi mənbə deyil və hər kəsin öz rəyinə asanlıqla “gerçəklik donu” geyindirə biləcəyi bir platformadır. Zira, Azərbaycanın həm ayrı-ayrı dövlət qurumlarının saytlarında, həm rəsmi nəşrlərdə, həm də müstəqil kütləvi informasiya vasitələrində Xalq Cümhuriyyətinin parlament tipli respublika olması birmənalı şəkildə qeyd olunur. “Azərbaycan” və “Xalq” qəzeti kimi dövlətə məxsus mətbuatda da, çoxaylı müstəqil qəzet və saytlarda da hər il bu barədə yüzlərlə publisistik məqalə yayımlanır.

Tarix elmləri doktoru, professor Həvva Məmmədovanın 27.05.2017-ci ildə “Xalq” qəzetində yayımladığı “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik respublikası” başlıqlı məqalədə yer alan “Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu” cümləsini bu yöndə müstəqil ölkəmizdə dərc edilmiş bütün publisistik məqalələrin ana tezisi adlandırmaq olar. Tarix üzrə elmlər doktoru, professor Anar İskəndərov da eyni fikirdədir: “AXC-nin dövlət quruluşu parlamentli respublika idi”. Azərbaycan Dövlət Pedoqoji Universitetindən hüquq üzrə fəlsəfə doktoru Mirafərim Seyidov “Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaradılması və onun milli qanunvericiliyin inkişafında rolu” adlı elmi məqaləsində ilk respublikamız barədə belə deyir: “Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruluşunun parlamentli respublika forması hakimiyyətin bölünməsi prinsipində öz əksini tapırdı”. Ölkəmizdə hüquq tarixi üzrə ən görkəmli tədqiqatçılarından olan Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru Rahib Əkbərovun rəyi də fərqli deyil. O da hesab edir ki, “Azərbaycan Хalq Cümhuriyyəti, bütün Şərqdə parlamеntli rеspubliкa quruluşunu təsbit еtmiş ilk dövlət idi”.

Məqaləmiz geniş oxucu auditoriyası üçün hazırlandığından mən yalnız akademik ağırlığı olan, anti-cümhuriyyət və pro-müsavat “tarix cizgi”si ilə gərəkən elmi məsafəsini qorumağa çalışan neytral müəlliflərin fikirlərini təqdim etdim, hərçənd bu siyahını uzatmaq da olar. Lakin buna ehtiyac duymadan qeyd edim ki, ilk respublikamızı müxtəlif elm sahələri üzrə araşdıran tədqiqatçıların ümumi rəyi sonda akademik Yaqub Mahmudovun rəhbərliyi ilə AMEA-nın çap etdirdiyi “Azərbaycan Xalq Cümhuriytəti ensiklopediyası”nda əks olunur. Ensiklopediyada əvvəlcə “dövlət hakimiyyəti üç qoldan ibarət idi: parlament, hökumət, məhkəmə hakimiyyəti” deyilir və daha sonra bildirilir: “... Azərbaycanın şimal torpaqlarında xalqın qədim dövlətçilik ənənələri yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi”.

Çox təəssüflər olsun ki, bu günə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı nəzərdən keçirdiyim ən azı 500-dən çox nəşrin heç birində ilk respublikanın nədən parlament tipli respublika sayılması barədə elmi nöqteyi-nəzərdən heç bir ciddi əsaslandırmaya rast gəlməmişəm. Elmi psevdo-elmdən ayıran ən başlıca göstərici, hər kəsin çox yaxşı bildiyi kimi, sorğulamaqdır. Sorğulamadan qəbul edilən heç bir müddəa elmi sayıla bilməz. Elm “informasiya kolleksiyası” deyil, analiz prosesidir. Şübhə etmək və tənqidi yanaşmaq bu prosesdə başlıca mexanizmdir. Elmin cazibəsi onun seçici, ayırdedici olmasındadır. Elm heç nəyi gəlişigözəl və “zövqləri nəzərə alaraq” araşdırmır. Bir məfhumun elmi data keyfiyyəti qazana bilməsi üçün hər hansı problemə bağlılıqla yanaşı, təcrübi və nəzəri testdən keçib sübut dəyərinə malik olması da gərəkdir. Odur ki, gəlin, AXC-nin parlamentli respublika olub-olmamasını birlikdə sorğulayaq.

28 may 1918-ci ildə Tiflisdə qəbul olunan İstiqlal Bəyannaməsində deyilir:
“Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor”.

Bəndlərdən görürük ki, “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan xalqının suverenlik haqqı təsbit edilir, Cənub-Şərqi Zaqafqaziyada tam müstəqil dövlət qurulduğu və qurulan dövlətin idarə şəklinin “xalq cümhuriyyəti”, yəni respublika olduğu elan olunur.

Latınca mənası “ümumi iş” olan “res publica” “Əqdnamə”də də vurğulandığı kimi, dövlət idarəçilik formasıdır. Bir dövlətin respublika forması alması üçün məşhur fransız hüquqçusu Mişel Henri Fabrenin altını çizdiyi 3 əsas element lazımdır. Respublikalarda hakimiyyət bir şəxsə məxsus deyil, ilahi hüquqa dayanmır və mənbəyi xalqdır. Bu elementlərdən hər biri mövcud olduğundan 28 may 1918-ci ildə elan olunmuş “Azərbaycan” adlı dövlətin “respublika” olması mübahisə yaratmır.

Birinci respublikamızın “parlament tipli” olması barədə iddialar, ilk növbədə Konstitusiya Aktına bərabər tutulan həmin sənədin 6-cı bəndində yer alan “hökumətin Milli Şuraya qarşı məsul olması” vurğusuna dayanır. Fəqət bu nüansdan yola çıxaraq Azərbaycan Xalq Cümhuriyyətinin “parlament tipli respublika” OLMASI və ya OLMAMASI qənaətini hasil etmək səthi və tələsik nəticə olar. Öncə bu suala aydınlıq gətirilməlidir ki, AXC-də ali hakimiyyət vahid idi, yoxsa nəzəri və praktik baxımdan parçalanmış, “Milli Şura” və “Hökumət” ayrı-ayrı institutlar halına gəlmişdi? Birinci halda, biz vahid bir institutdan “Milli Şura hökumətindən” danışmalı olduğumuz halda, ikincidə “Milli Şura” və “Hökumət” anlayışlarını fərqli və müstəqil qurumlar kimi nəzərdən keçirməliyik.

AXC-ni elan edən Milli Şura “Müəssislər Məclisi” deyildi. Bu barədə uzun-uzadı izahat verməyə dəymir ona görə ki, elə həmin bənddə Müəssislər Məclisinin toplanılacağından bəhs edilir. Bəli, Milli Şuranın AXC-ni elan etməsi ona “müəssisanlıq” xarakteri vermirdi. Hüquqi vakuum şəraitində yaranmadığından və tam legitim qurum olduğundan- o dövrdə “İlhaqçılar” buna şübhə ilə yanaşsalar belə- Milli Şura “qurucu iqtidar” sayıla bilməz. Milli Şura “təsisçi qurultay”, yaxud “qurucu iqtidar” olmadığından onun Konstitusiya qəbul etmək yetkisi də yox idi. Bu səbəbdən də Milli Şuranın bir çox nəşrlərdə, çox təəssüf ki, həm də Azərbaycanın hüquq tarixi ilə bağlı müəlliflərinin gərgin zəhmətləri hesabına ərsəyə gəlmiş ədəbiyyatda “təsisçilər məclisi” adlandırılması kobud səhvdir. “Misaqi-Milli”ni qəbul edən qurum öz hüquqi statusuna görə, nəinki Müəssislər Məclisi, ümumiyyətlə, “parlament” deyildi. Prof. R. Əkbərov bu özəlliyin fərqinə çox yaxşı vararaq yazır:

“İlk növbədə qeyd etmək lazımdır ki, Milli Şura parlament deyil. Milli Şura, Azərbaycan dövlətçiliyi tarixində çox böyük xidmətlər göstərmiş, tam legitim əsaslarla yaradılan və fəaliyyət göstərən ən ali hakimiyyət orqanı olmuşdur. Eyni zamanda, Azərbaycan İslam Şurası (Milli Şura), təyinatına görə, Azərbaycanın müsəlman əhalisini təmsil edən Milli Assambleya idi”.

Bu qənaətin doğru olduğunu Milli Şuranın 16 noyabr 1918-ci ildə keçirilmiş iclasında sədr Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı sözləri təsdiq edir:

“Milli Şuramız Məclisi Müəssisan əsası ilə tamam xəlq tərəfındən seçilmiş bir şura deyildir. Lakin tarix böylə şeylərə çox təsadüf edib, bu kimi müəssisat fövqəladəyə bir çox şahid olmuşdur. Bugünkü Milli Şuramız parlaman surəti almaq üçün (!!!- T.Ş) genişlənəcək və oraya əhalinin hər qismindən müqəddəratını Azərbaycanm müqəddəratı ilə bağlamış, Azərbaycanın şadlığı ilə şadlanan və qəmginliyi ilə qəmgin olan bütün millətlərin nümayəndələri cəlb olunacaqdır. О zaman tam bir parlamana malik olacağız”.

Beləliklə, yuxarıda deyilənlərdən iki məntiqi nəticə çıxır.

Əvvəla, Milli İslam Şurası (MİŞ) Təsisçilər Məclisi olmadığından və Konstitusiya qəbul etməyə səlahiyyəti çatmadığından ali hakimiyyəti bölməyə (bunun mənasını az sonra açıqlayacağıq) də ixtiyarı yoxdur.

İkincisi, MİŞ özü-özlüyündə parlament də olmadığından onu hakimiyyət bölgüsünün bir institutu saymaq mümkün deyil.

Milli Şuranın ali hakimiyyətin bölünmüş bir parçası yox, özü və bütünü olması təkcə nəzəri və məntiqi hökm deyil, eyni zamanda tarixi faktdır. Bu faktın nədən ibarət olduğunu aydınlaşdırmaq üçün İstiqlal Bəyannaməsinə göz gəzdirək və 28 maydan bir az qabaqkı xronologiyaya baxaq.

“Əqdnamə”nin preambluasında yazılır:

“Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü”.

Bu cümlələrdən bir daha yəqin edirik ki, Zaqafqaziyanın üç əsas xalqından biri və ən böyüyü olan azərbaycanlılar öz milli müqəddəratlarını təyin etmə haqqından daha öncə “Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti”nin yaranmasında istifadə ediblər. Zaqafqaziya Federativ Respublikası, adından da göründüyü kimi, unitarlıq prinsipinə əsaslanmırdı və üç federativ subyektdən ibarət idi. Federal subyektlər dövrün ağır, amansız və sürətlə dəyişən şərtlərində inkişaf etməyə macal tapmamış, hətta ərazi bölgüsünü rəsmiləşdirməyə də imkanı olmamış, bu üzdən də dövlət kimlikləri önə çıxmamışdı. Sonradan Milli Şura parlamentin çağırılması barədə çıxardığı qanunda bu subyektləri “birər müəssisə” adlandıracaqdı.

26 may 1918-ci ildə gürcülərin tərk etməsi ilə ZFR dağıldı. Azərbaycan xadimləri bu ehtimala hazır idilər. Hələ may ayının 16-da Zaqafqaziya Xüsusi Müsəlman Şurasının iclasında Nəsib bəy Yusifbəyli gürcülərin Seymi tərk ehtimalının yüksək olduğunu ifadə edərək vəziyyətdən çıxış yolu aramış və həmin yolu konkretləşdirmişdi: “Müstəqil Azərbaycan Respublikası”!

Toplantıda Xəlil bəy Xasməmmədovun da hərarətlə dəstəklədiyi bu ideyanın reallaşması üçün müəyyən hazırlıqlar görmək, istiqlaliyyətlə bağlı əhalini məlumatlandırmaq qərara alınmışdı. Sonrakı günlərdə cərəyan edən hadisələr Seymin dağılması ehtimalını gücləndirdiyindən Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının mayın 25-də iki iclası gerçəkləşdi. Səhər iclası X.b. Məlik Aslanov sədrlik etdi və toplantıda bütün fraksiyalar belə bir ümumi fikrə gəldilər ki, gürcülər Seymdən çıxacağı və öz müstəqilliklərini elan edəcəyi təqdirdə, Azərbaycan istiqlaliyyət yolunu tutmalıdır. Fətəli Xan Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasında da qərara alındı ki, yuxarıda qeyd olunan ehtimallar reallaşarsa, Azərbaycan dövlət müstəqilliyini elan etsin. Odur ki, gürcülərin Seym hökumətini dağıtması Tiflisdəki Azərbaycan heyəti üçün xüsusi sürpriz olmadı. Mayın 27-də Məmməd Yusif Cəfərovun sədrliyi ilə bir araya gələn dağılmış Seymin sabiq müsəlman üzvləri kooptasiya üsulu ilə Milli Şuranı yaratdılar. Milli Şuranın prezidiumu və İcraiyyə Komitəsi formalaşdırıldı. Bu məqama xüsusi diqqət edək: Milli Şura Azərbaycanın tarixi torpaqlarını əhatə edən Şərqi Zaqafqaziyada hakimiyyəti yaradıldığı iclasda öz üzərinə götürmüşdü!!! Bu andan etibarən Azərbaycan xalqının suverenlik haqqına istinadən yaranmış Milli Şura həm qanunverici, həm icra, həm də məhkəmə səlahiyyətlərinin cəmləndiyi yeganə ali hakimiyyət institutu idi.

Ertəsi gün yayılan İstiqlal Bəyannaməsində “Hökumətin Milli Şuraya qarşı məsul olması” qətiyyən hakimiyyət bölgüsü anlamına gəlmədən icra işlərinin qurum içində bir heyətə həvalə edilməsi idi. İcrai işlər aparmağa vəkalət almış heyətin başçısı- Rəisi Vükəla (Baş nazir) ali hakimiyyəti təmsil edən əsas şəxs idi, bununla belə, onun səlahiyyətləri müvəqqəti Milli Şuranın institutsional vəzifələrinin tərkib hissəsi idi.

Bu sistemin mahiyyətini və iş mexanizmini təsbit və təsvir etmək üçün öncə suverenliklə bağlı bəzi məsələləri diqqətdən keçirməyimiz vacibdir.

Aristoteldən Nikola Makiavelliyə, Platondan Jan Bodenə qədər suverenlik anlayışı üzərində dünyanın gəlmiş-keçmiş ən böyük mütəfəkkirləri baş sındırıb. Ancaq müasir çağda əsas istinad Tomas Hobbsa və Con Lokkun da haqqını vermək şərti ilə Şarl Lui Mönteskyönün nəzəriyyələrinə olunur.

T. Hobbs hesab edirdi ki, istər monarx olsun, istərsə də məclis, ali hakimiyyətin gücü onun verilmə səbəbində, yəni xalqın təhlükəsizliyinin (geniş mənada həm də rifahının) təmin olunması vəzifəsini yaradan məqsəddədir. Bu üzdən də ingilis filosofu suverenliyi tərk edilməz, toxunulmaz və bölünməz hesab edirdi.

1748-ci ildə yazdığı “Qanunların ruhu barədə” əsərində isə, Monteskyö qüvvələr ayrılığı konsepsiyasını irəli sürərək suverenlyi ifadə edən ali dövlət hakimiyyətini üç qola böldü. O, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin bir-birindən ayrı olmasının zəruriliyinə inanırdı. Fransız mütəffəkkirinin çalışması dövlət və hüquq nəzəriyyəsində hakimiyyət bölgüsü prinsipini yaratdı. Respublikaların idarəçilik sisteminin modelini məhz bu prinsip- qüvvələr ayrılığının gerçəkləşib-gerçəkləşməməsi, gerçəkləşdiyi təqdirdə, hansı dərəcədə gerçəkləşməsi faktı yaradır.

AXC-ni elan edən Milli Şura 17 iyun 1918-ci idə Gəncədə keçirilən iclasında buraxıldı. Gəncədəki iclasların protokolundan görünür ki, Milli Şura Müəssislər Məclisinin 6 aydan gec olmayaraq çağırılmasını və o günə qədər Azərbaycan hakimiyyətini kimsəyə güzəştə getməməyi tapşırmaqla, bütün səlahiyyət və hüquqlarını Fətəli Xan Xoyskinin başçılıq etdiyi kabinetə verib.

Milli Şuranın “Müvəqqəti hökumətin hüquq və vəzaifi haqqında” qərarında deyilir:

“Əsas istiqlal və siyasi hürriyyətlər xüsusinda mövcud olan əsaslarda Azərbaycan Hökuməti müvəqqətisi dəxi və tərəf edəməz. Torpaq və sair bu kimi böyük məsələlər həqqində mövcud olan inqilab qanunlarını fəsx edəməz. Altı aydan gec olmamaq şərti ilə Məclisi Müəssisan dəvət edər. Başqa idarə xüsuslarında isə səlahiyyət tamamayə malik bulunur”.

Göründüyü kimi, hətta Milli Şura öz hüquq və səlahiyyətlərini Nazirlər Kabinetinə həvalə etdiyi halda belə, müvəqqəti hökumət suverenliyin aqibəti, o cümlədən ali hakimiyyətin bölünməsi ilə bağlı hər hansı qərar verə bilməzdi. Belə bir səlahiyyət hətta Milli Şuranın özündə də yox idi. Bu, ancaq Təsisçilər Məclisinin səlahiyyətinə aid məsələ sayılırdı və hüquq açısından doğru olan da bu idi.

Milli Şuranın fəaliyyəti bir də Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra- noyabrın 16-da bərpa olundu. Əgər Milli Şuranı “qanunverici hakimiyyət”, AXC-ni də elan olunduğu andan “parlament tipli cümhuriyyət” hesab etsək, onda belə çıxır ki, bu "parlamentar respublika"da təxminən beş ay hakimiyyətin “qanunverici qolu” yerli-dibli olmayıb. Zira, məsələni bu qədər bəsitləşdirməyə ehtiyac yoxdur ona görə ki, Fətəli xan Xoyskinin İkinci Kabineti həm hökumət, həm də qanunverici orqan olduğu kimi, 40 gündən bir qədər artıq olan fəaliyyət dövründə də (27 may-17 iyun; 16 noyabr- 7 dekabr) Milli Şura hakimiyyət səlahiyyətlərinin tamamına malik idi və onun “qüvveyi icariyyə”ni Nazirlər Şurasına həvalə etməsi hakimiyyət bölgüsü anlamına gəlmirdi.

Əgər bir respublikada ali hakimiyyət bölünməyibsə, parlament mövcud deyilsə, kooptasiya üsulu ilə formalaşdırılmış məclis ali hakimiyyətin tam vahididirsə, o respublikanı “parlament tipli” adlandırmaq, sadəcə olaraq, yolverilməzdir.

(Ardı var. Növbəti məqalədə Məclisi-Məbusanın açılmasından sonra AXC-nin parlament tipli respublika olub-olmaması araşdırılacaq)

Taleh ŞAHSUV ARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru