Əflatub Amaşov: “ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər”

"Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub"

“Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vergi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır. Biz bu mərhələni məsuliyyət mərhələsi kimi də dəyərləndirə bilərik”.

Bunu Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin plenar iclasında Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər barədə çıxışı zamanı deyib.

“İlk diqqətimi cəlb edən Məcəllədən iri vergi ödəyicisi anlayışının çıxarılması və məsələnin digər maddələrə əlavələrlə daha da konkretləşdirilməsidir”, - deyən deputat əlavə edib ki, Məcəlləyə “yalan əqd” anlayışının daxil edilməsini xüsusilə vacib sayır:

“Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdır. Bunları müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən qeydlərim də var. Bu baxımdan Məcəllənin 2.4-1-ci maddəsinə əlavəyə münasibətimi ifadə etmək istərdim. Göstərilir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Bunun vurğulanmasına ehtiyac görmürəm. Əvvəla ölkəmiz sahibkarlıq və investisiyası fəaliyyətini təşviq edir. Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub. Belə olan halda bu maddənin məcəlləyə əlavə edilməsi belə desəm, mənəvi uyğunsuzluq yaradır. İkincisi, əgər azadolma və güzəşt, eyni zamanda onun şamil edildiyi qrup müəyyənləşdirilirsə, bunu nə vaxtsa məcəlləyə dəyişikliklə də həyata keçirmək mümkündür. Məncə, sənədin ümumən mütərəqqi təbiətini bu cür ifadələrlə ağırlaşdırmağa ehtiyac yoxdur.

Millət vəkili qeyd edib ki, məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim: “Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır. Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var”. (Azadinform)

AzNews.az