Dünya ticarətinin qaydaları dəyişə bilər – Tramp istəyinə nail olacaq

O, “ÜTT olmadan dünyada ABŞ üçün daha əlverişli şərtlər əldə etməyə” ümid edir

Yaxın zamanlarda dünya ticarətinin qaydaları “de-fakto təsirini itirəcək”.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.

Nəşrin məlumatına görə, buna səbəb ABŞ-ın müdaxiləsi nəticəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Apellyasiya orqanının işinin dayandırılması olacaq.

Bu qurumun işi üçün ən azı üç üzvünün olması lazımdır. Hazırda üç üzvünün olmağına baxmayaraq, onların ikisinin dekabrın 10-da ikinci və sonuncu səlahiyyət müddəti başa çatacaq. Bununla yanaşı, son iki ildə ABŞ hakimiyyəti yeni üzvlərin seçilməsi prosesini əngəlləyir.

Beləliklə, bu çərşənbə günü Apellyasiya orqanı işini dayandıra bilər ki, bu da “Der Spiegel”in fikrincə, “dünya ticarətinin əsas nəzarət orqanı”nın dağılmasına gətirib çıxaracaq. ÜTT sistemi “çökəcək”, bundan sonra isə hazırkı ticarət qaydaları öz fəaliyyətini dayandıracaq.

Məqalənin müəllifinin fikrincə, ABŞ prezidenti Donald Tramp məhz bu nəticəyə nail olmağa çalışır. Çünki o, “ÜTT olmadan dünyada ABŞ üçün daha əlverişli şərtlər əldə etməyə” ümid edir.

Xatırladaq ki, oktyabrın əvvəlində ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem ÜTT Apellyasiya orqanının dekabrın ortalarında işini dayandıra biləcəyini bildirmişdi.

AzNews.az