Azərbaycan Avropaya qurbağa ayağı və ilbiz ixrac edəcək

Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib

Avropa İttifaqı (Aİ) ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.

“Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”, - Agentlik rəsmisi qeyd edib.

E.Mikayılov onu da vurğulayıb ki, AQTA sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb: “Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”. (report)

AzNews.az