Bəşər tarixinin bəlkə də ən böyük bəlasına çevrilən koronavirusun yoluxduğu insanların sayı 1 milyona yaxınlaşır Bəşər tarixinin bəlkə də ən böyük bəlasına çevrilən koronavirusun yoluxduğu insanların sayı 1 milyona yaxınlaşır

Koronavirusla mübarizənin hələlik yeganə dərmanı: Dövlətə etimad

Bəşər tarixinin bəlkə də ən böyük bəlasına çevrilən koronavirusun yoluxduğu insanların sayı 1 milyona yaxınlaşır

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək 940 min 733 nəfər bu virusa yaxalanıb, onlardan 47 min 518 nəfəri dünyasını dəyişib.

Sağalanların sayı isə 196 min 217 nəfərdir. Koronavirusdan bu zamana qədər ölənlərlə sağalanlar arasındakı nisbətə baxanda onun öldürücü gücünün 19-20% olduğu ortaya çıxır.

Sözsüz ki, bu dəhşətli pandemiyaya qarşı dünyanın varlı-kasıblığından asılı olmayaraq bütün dövlətləri hələ ki acizdirlər. Dünyanın super dövləti sayılan ABŞ-ın prezidenti artıq iki dəfə Ağ evdə mətbuat konfransı keçirirək “əsrin vəfası” adlandırdığı koronavirus qarşısında aciz qaldıqlarını etiraf edib və bəladan 2.2 milyon amerikalının ölə biləcəyini söyləyib. Buna bənzər fikirləri Qərbin digər güclü və inkişaf etmiş ölkələrinin rəhbərləri də dilə gətirib.

Koronavirusun dünənə aid statistikasına nəzər salanda dünya liderlərinin haqsız olmadığını görə bilərik. ÜST-ün dünənki statistikasına görə, ABŞ ilk dəfə bir gün ərzində ölüm sayında indiyə qədər qeydə alınmış ən çoxsaylı insan itkisini verib – 1049 nəfər. Son 24 saatda ölüm sayında ABŞ-ı 923 nəfərlə İspaniya izləyib. Ölkələr arasında indiyədək ən çox insanını itirən İtaliyanın da dünənki itkisi az olmayıb – 727 nəfər. İngiltərə və Fransa da təkcə dünən hər biri 500 nəfərdən çox insanını itirib.

Bütün bu statistik rəqəmləri sadalamağımızın bir məqsədi var - Azərbaycanın ən inkişaf etmiş dünya dövlətlərinin də aciz qaldığı bir bəla ilə çarpışdığını göstərmək. Bununla belə, ölkəmizin koronavirus statistikası o qədər də böyük deyil. ÜST-ün məlumatına görə, bu vaxta qədər Azərbaycanda 359 nəfər bu virusa yoluxub. Onlardan 26-sı tam sağalıb, 5 nəfəri isə itirmişik. 7 xəstəmizin vəziyyəti isə ağır olaraq qalır.

Dünyanın digər dövlətləri ilə müqayisə edəndə bu, o qədər də pis nəticə kimi görünmür. Baxmayaraq ki, Azərbaycan koronavirusun ən çox can aldığı ölkələrdən olan İranla qonşudur və son zamanlaradək onunla yaxın təmas halında olub. Buna rəğmən statistik rəqəmlərin gözləniləndən daha aşağı olması bir neçə səbəblə izah edilə bilər. Əsas səbəb isə Azərbaycan hakimiyyətinin koronavirusla mübarizədə vaxtında və gərəkli tədbirləri almasıdır. Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Qebreyesusun dünən ölkə başçımız cənab İlham Əliyevə göndərdiyi məktubda da bu məqam xüsusilə vurğulanır və Azərbaycanın həyata keçirdiyi tədbirlər təqdir olunur.

Cənab Qebreyesusun da qeyd etdiyi kimi, ölkəmiz ÜST-ün təlimatlarını olduğu kimi yerinə yetirən ölkələr sırasındadır və tövsiyə edilən bu tədbirlər sözügedən məktubda belə sıralanır: “Dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və s.”

Azərbaycanda ilk koronavirus daşıyıcısının ortaya çıxdığı 27 fevral tarixindən sonra dövlət qurumlarımızın dərhal hərəkətə keçməsi, Nazirlər Kabinetinin yayında koronavirusla mübarizə aparmaq üçün Operativ Qərargahın yaradılması, bu Qərargaha Baş nazirdən tutmuş bir sıra nazirlik və komitə sədrlərinə qədər ən nüfuzlu məmurların cəlb olunması ölkəmizin məsələyə nə dərəcədə ciddi önəm verdiyinin göstəricisidir. Prezidentin Sərəncamı ilə koronavirusla mübarizəyə 1 milyard manatdan çox vəsaitin ayrılması və bununla əlaqədar müvafiq fondun yaradılması da Azərbaycan dövlətinin vətəndaşların sağlamlığı üçün xəsislik etməyəcəyindən xəbər verir. Xatırladaq ki, fonda ilk ianəni Prezident və I vitse prezident yatıraraq ölkəmizin bütün iş adamlarını bu alicənablığa və humanizmə səslədilər. Onların sözügedən nümunəvi addımından sonra ölkədəki bir çox iş adamları bu nəcib təşəbbüsə qoşuldu və koronavirusa qarşı mübarizənin təkcə dövlət qurumlarının deyil, həm də hər birimizin məsələsi olduğunu ortaya qoydu, ümummilli hərəkata çevirdi.

I vitse-prezident Mehriban xanımın dünən yaydığı bəyanatda da xalqın koronavirusa qarşı mübarizəyə səfərbər edilməsi təşəbbüsünün konturları açıq görünür. Həmin bəyanatda ölkəmizi də ciddi təhdid edən koronavirus bəlasının fövqəladə vəziyyət yaratdığı və və bu vəziyyətin ümummilli səfərbərlik tələb etdiyi açıq şəkildə qeyd olunur və dövlətimizin bütün mümkün maddi imkanlarının epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirildiyi bildirilir. Mehriban xanım bəyanatında ölkəmizin ən yaxşı elm adamlarının, tibb işçilərinin, bütün dövlət mexanizminin insanların xilası naminə çalışdığını vurğulayaraq yazır: “Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər”.

Sözsüz ki, koronavirusla mübarizə təkcə dövlət orqanlarının işi deyil, ola da bilməz. Hər birimiz dövlətimizin başlatdığı bu mübarizəyə qoşulmalı və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik. Çünki koronavirusun ölkələrə vuracağı zərbə bir müharibənin fəsadlarından daha böyük ola bilər. Üstəlik, bu fəsadlar yalnız insani itkiləri deyil, həm də bir çox dövlətlərin dayaqlarını sarsıdacaq iqtisadi, təhlükəsizlik, hərbi, və s. kimi ciddi böhranları da bərabərində gətirəcək. Azərbaycanın bu böyük təhlükədən sığortalanması hər birimizdən asılıdır. Koronavirusun gözlənilən ağır nəticələrini minimuma endirmək üçün hər birimizin karantin tədbirlərinə əməl etməli və mümkün olduğu qədər təbii sığınacaqlarımıza – evlərimizə çəkilməliyik.
Nə yazıq ki, cəmiyyətimizin nə qədər ciddi təhlükə ilə qarşı-qarşıya qaldığının fərqində olmadığı anlaşılır. Hələ də hökumətin müəyyənləşdirdiyi bir sıra qaydalara barmaqarası baxanların sayının çox olduğu müşahidə edilir. Bu isə bütün məmləkəti ölümə sürükləyəcək qədər ağır cinayətdir.

Beynəlxalq ictimaiyyətin koronavirusla mübarizə təcrübəsinin ortaya qoyduğu bir sıra həqiqətlər var. Hansı ölkədə ki dövlətin təlimatlarına ciddi əməl olunur, vətəndaşlar təşkilatlanmış şəkildə hərəkət edir, orda koronavirusun da fəsadları daha az özünü büruzə verir. Dövlət orqanlarının çıxardığı qərarlara barmaqarası baxanlar isə bu imtahandan arzuolunan şəkildə çıxa bilmirlər. Bu da səbəbsiz deyil. Koronavirus yeni bəla olduğundan onu zərərsizləşdirəcək dərmanlar da yoxdur. Yeganə “dərman” ondan qorunmaqdır. Dövlət orqanlarının gətirdiyi yeni qaydalar və yasaqlar da məhz cəmiyyətimizə bu dərmanı - nizam-intizamlı hərəkəti təqdim edir.

Koronavirusun insanlığa qarşı bir müharibə olduğunu unutmamalıyıq. NATO-nun bəlkə yaranış tarixində ilk dəfə bu gün hansısa tibbi məsələ üçün toplanması da bu virusun hərbi mahiyyət ehtiva etdiyini göstərir. Hərbi vəziyyətlərdə isə qələbənin açarı nizam-intizamdır. Xüsusilə müharibə şəraitində ən pis təşkilati iş belə təşkilatsızlıqdan yaxşıdır. Odur ki, hər birimiz dövlətimizə güvənməli, onun təlimatı və nizamlayıcı tədbirləri üzrə hərəkət etməliyik.

Bir çoxlarınız haqlı olaraq deyə bilərsiniz ki, Azərbaycanda işləyənlərin bir çoxu günəmuzd çalışır. Gündəlik çörək pulunu çıxara bilməyən vətəndaşlardan karantin tədbirlərinə əməl etməsini gözləmək yanlışdır. Hökumət qurumları insanları evdən çıxmamağa çağırmamışdan əvvəl gərək onların necə dolanacaqlarını düşünəydilər.

Fikrimcə, dövlət qurumlarının bu barədə düşünmədiyini iddia edən mülahizələr əsaslı deyil. Koronavirusa qarşı mübarizə fondunun yaradılması və imkanı olan hər kəsin fonda yardımı edilməsinin təşviq olunması da məhz bu məqsədə xidmət edir. Bütün dövlətlər öz vətəndaşlarının vəziyyətini ən az vətəndaşın özü qədər yaxşı bilirlər. Çünki dövriyyəyə buraxılan pulun hesabı da, onun nə qədər insan arasında bölünməsi də dövlət qurumlarının tam bilgisi daxilindədir. Bu baxımdan koronavirus karantininin tətbiq olunacağı sırada insanlarımızın minimum xərclərinin nəzərə alınacağını və bu istiqamətdə lazımi addımların atılacağını düşünürəm.

Əlbəttə ki, karantin tədbirlərinin tətbiq edilməsi mümkün olmayan dövlət orqanları da var. Tibb müəssisələri, asayiş və təhlükəsizlik xidmətləri, informasiya-kommunikasiya sahələri və s. kimi orqanlar normal iş rejimindən belə daha çox işləməli, koronavirusa qarşı mübarizənin ön cəbhəsində dayanmalıdırlar. Bir də bütün müharibələrdə olduğu kimi koronavirusla mübarizənin də arxa cəbhəsi var. Arxa cəbhə insanlarımızın ərzaq təminatıdır. Ərzaq təminatını gücləndirmək üçün isə aqrar sektorun nümayəndələrindən də hər zamankından daha əzmli fəaliyyət tələb olunur.

O da unudulmamalıdır ki, koronavirusdan qorunmaq üçün bir çox dünya dövlətlərinin aldığı izolyativ tədbirlər istər-istəməz idxalata ağır zərbə vuracaq. Biz xaricdən aldığımız bir çox ərzaq məhsullarını, yəqin ki, bu il idxal edə bilməyəcəyik. Onların yerini doldurmaq üçün Azərbaycan özünün milli ərzaq proqramını daha da genişləndirməli və bu sahəyə diqqəti artırmalıdır. Əks halda koronavirus dəhşətinin ən kritik zmanında bir də ərzaq qıtlığı yaşaya və daha dərin böhran içərisində çabalaya bilərik. Bu baxımdan bütün ağır müharibə şəraitlərində olduğu kimi indi də arxa cəbhə hardasa ön cəbhə qədər böyük əhəmiyyət daşıyır. Vaxtilə II Dünya müharibəsi dövründə Səməd Vurğun bu əhəmiyyəti belə təsvir edirdi: “Çörək bol olarsa basılmaz vətən”.
Sevindirici haldır ki, Azərbaycanda bu sektor işini layiqincə yerinə yetirən bir komandanın nəzarətindədir. Cənab nazirimiz İnam Kərimovun aqrar sektora gətirdiyi innovativ yeniliklər həm məhsuldarlığı, həm də keyfiyyəti artırır. Biz iş adamları qarşılaşdığımız bütün problemlərin həllində onun diqqətini görür və problemlərimizi rahatlıqla həll edə bilirik.

Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarovun da fermerlərə verdiyi dəstəyi zikr etməmək insafsızlıq olardı. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin 18 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirusun Azərbaycan iqtisadiyyatına vuracağı zərəri müəyyənləşdirmək üçün yaradılan İşçi qrupuna cənab nazir Mikayıl Cabbarov rəhbərlik edir. Prezidentin məlum Sərəncamı ilə o, koronavirusdan ən çox əziyyət çəkən fiziki və hüququ şəxsləri müəyyənləşdirməli və onların sosial təminatını artırmaq üçün proqramlar hazırlanmalıdır. Sənəddə o da göstərilir ki, . yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsinin qayğısına da qalınmalıdır. Cənab Mikayıl Cabbarov da bu istiqamətdə əlindən gələni əsirgəmir, xüsusilə fermer təsərrüfatlarının işini genişləndirmələri üçün hər cür dəstəyi verir.

Bir sözlə, dövlət qurumlarımız koronavirusa qarşı mübarizədə üzləşə biləcəyimiz bütün neqativ amilləri nəzərə alıb və həm arxa cəbhəni, həm ön cəbhəni möhkəmləndirib. Mən də bu həqiqətlərə söykənərək bir daha hər kəsi dövlətə güvənməyə, onun təlimatlarına əməl etməyə çağırıram. Prinsip etibarilə bizim ata biləcəyimiz başqa addım da yoxdur.

Mürvət Həsənli,
İş adamı