Azərbaycan və İran arasında preferensial ticarət sazişinin mətni üzrə razılığa gəlinib

İlkin müzakirələrdə müsbət irəliləyişlər əldə olunub

Azərbaycan və İran arasında preferensial ticarət sazişinin imzalanması üzrə iki ölkə arasında 3-cü tur müzakirələr təşkil olunub.

AzNews.az-ın məlumatına görə, virtual formada keçirilən iclasda Azərbaycanın İqtisad Nazirliyinin müxtəlif sahələrinin nümayəndələri və İranın Ticarət İnkişafı Təşkilatının nümayəndələri, Xarici İşlər Nazirliklərinin nümayəndələri sazişin mətnini və Azərbaycan tərəfinin təklif etdiyi qaydaları araşdırıblar.

İlkin müzakirələrdə müsbət irəliləyişlər əldə olunub və tərəflər təklif olunan sazişin mətni üzərində razılığa gəliblər.

Müzakirələrin növbəti turunun daha yüksək səviyyədə keçirilməsi və yaxın gələcəkdə iki ölkənin əlaqədar nazirlərinin sazişi imzalayacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan və İran arasında preferensial ticarət sazişinin imzalanması ilə əlaqədar ilkin razılaşma İran prezidenti Həsən Ruhaninin ötən il Azərbaycana səfəri çərçivəsində əldə olunub.

Əlavə edək ki, may ayında İran hökuməti Azərbaycanla İran arasında preferensial ticarət sazişinin müvəqqəti şəkildə imzalanmasına icazə verib.