Asif Əsgərov "Nəsimi"nin dərisini belə soyur- Tikinti şirkəti və icra başçısı vətəndaşlara zülm edir

"Bu şirkətlərə icra başçısı, deputat nəzarət edir"

Bakıda tikinti şirkəti vətəndaşlara zülm edir, amma rəsmi qurumlar məsələyə biganə yanaşır. Səbəb isə həmin tikinti şirkətini icra hakimiyyətinin himayə etməsidir.

Musavat.com xəbər verir ki, uzun zamandır haqqında danışılan özbaşınalıq Nəsimi rayonunda baş verir. Tikinti şirkəti vətəndaşların razılığı olmadan evləri sökür, insanların özəl mülkiyyətini dağıdır.

Əvvəlcə vətəndaş Mansur Ələkbərovun haqsızlığa məruz qalması haqda ətraflı videoreportaj təqdim etmişdik. M.Ələkbərov söyləyir ki, evinin qanunsuz sökülməsinin səbəbkarlarından biri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.

Tikintini aparan şirkət kimi "Marin Grup" və "Gloria Palace" göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.

"Mənzillər sökülən zaman sakinləri "Olympus Park" şirkətinin ofisinə çağırırdılar. Əvvəl elə bilinirdi ki, tikinti bu şirkətindir. Sonra deyildi ki, "Marin Grup" və ya "Gloria Palace" tikintiyə nəzarət edir və sadəcə "Olympus Park"ın ofisində otururlar. Bu şirkətlərə icra başçısı, deputat nəzarət edir", - deyə, vətəndaş şikayətində qeyd edir.

Aylardır evi sökülən vətəndaş rəsmi qurumların hamısına müraciət edib. Nəsimi rayon İcra Hakimiyyəti isə heç bir halda məsələyə müdaxilə etmir. Rəsmi qurumlar da şirkətin xeyrinə qərarlar çıxarırlar.

“Tikinti şirkətinin özbaşınalığı” ifadəsi bəlkə də yumşaq səslənir. Amma bu, belə deyil. Təsəvvür edin ki, Azərbaycan Respublikasının vətəndaşı öz evində yaşayır. Tikinti şirkəti həmin ərazini sökmək istəyir, amma vətəndaş razı deyil. Tikinti şirkətinin qoçuları vətəndaşı evindən çıxarır və mənzilini uçururlar.

Şirkətin özbaşınalığının qurbanı olanlardan biri də vətəndaş Şahin Qasımzadədir. Eyni ünvanda- Nəsib bəy Yusifbəyli 74 saylı ünvanda yerləşən bağçanın hasarını da söküblər. Üç mərtəbəli bağça Şahin Qasımzadəyə məxsusdur. Yanvarın 20-si gecə saat 3-də tikinti şirkəti ağır texnika ilə bağçanın hasarını uçurub. Şirkətin bu özbaşınalığı nəzarət kameralarına düşüb.

Bu qədər şikayətlərə, narazılıqlara baxmayaraq “Gloria Palace” şirkəti cinayət əməllərinə davam edir.

Musavat.com-a verilən məlumata görə, dünən də şirkət tərəfindən qeyd edilən ünvanda iki mənzil dağıdılıb. Həmin vətəndaşların da razılığı olmayıb və evləri qanunsuz olaraq dağıdılıb.