Bakıda biznes obyektləri də sürətlə bahalaşır: Qiymətlər bir ildə 13% artıb - ŞƏRH

Bu ilin sentyabrında Bakıda qeyri-yaşayış obyektləri üzrə orta illik qiymət artımı ötən ilin eyni ayı ilə müqayisədə 13 % təşkil edib.

Aznews.az bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.
Məlumata görə, ən yüksək artım Səbail rayonunda qeydə alınıb – 27 %. Nəsimi və Nərimanov rayonlarında qeyri-yaşayış obyektlərinin qiyməti 24,3 %, Xətaidə 17 %, Yasamalda 12,6 %, Nizamidə isə 12,4 % artıb.

Ötən ay Xəzər rayonunda artım 10,9 %, Binəqədidə 10,7 %, Suraxanıda 9,0 %, Sabunçuda 7,3 % olub.
Qaradağ rayonunda sentyabrda qiymətlər 5,6 %, Pirallahıda isə 3 % yüksəlib.
AQC-yə görə, bu seqmentdə qiymətlərin formalaşmasında obyektin yerləşdiyi ərazi, piyada və avtomobil axını, kommersiya potensialı, ətraf ərazinin inkişaf səviyyəsi və biznes fəaliyyəti üçün əlverişli şərait əsas rol oynayır.
Avqusta nisbətən isə Bakıda qeyri-yaşayış obyektləri 1,5 % bahalaşıb. Ən yüksək qiymət artımı yenə Səbaildə qeydə alınıb – 2,93 %.
Ötən ay paytaxtın Nəsimi və Nərimanov rayonlarında qiymətlər 2,64 % yüksəlib.
Sentyabrda Xətaidə qiymətlər 1,84 %, Yasamalda 1,37 %, Nizamidə 1,35 % artıb.
Bu müddət ərzində Bakının Xəzər rayonunda artım 1,18 %, Binəqədi isə 1,16 % təşkil edib.
Nisbətən aşağı artım Suraxanıda (0,98 %), Sabunçuda (0,79 %), Qaradağda (0,61 %) və Pirallahıda (0,33 %) müşahidə olunub.
Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.

Bu rəqəmlər Bakıda daşınmaz əmlak bazarında başqa bir mühüm tendensiyanı göstərir: təkcə yaşayış evləri deyil, biznes üçün istifadə olunan obyektlər də sürətlə bahalaşır.
Qeyri-yaşayış obyektlərinin illik orta qiymət artımının 13% olması kifayət qədər ciddi göstəricidir. Daha diqqətçəkən isə Səbaildə 27%, Nəsimi və Nərimanovda 24,3% artımın qeydə alınmasıdır. Bu rayonlarda obyektlərin kommersiya dəyərinin yüksəlməsi ilk növbədə yüksək piyada və avtomobil axını, biznes aktivliyi və məhdud təkliflə bağlıdır.
Aylıq göstəricilər də bazarda təzyiqin davam etdiyini göstərir. Sentyabrda qeyri-yaşayış obyektləri Bakıda daha 1,5% bahalaşıb. Deməli, qiymət artımı yalnız ötən ilin aşağı baza effekti ilə izah edilə bilməz; bazarda cari tələb də kifayət qədər güclüdür.
Burada sahibkar üçün ayrıca problem yaranır. Obyektin qiyməti artdıqca biznesə giriş xərci də artır. Bu isə yeni sahibkarların bazara daxil olmasını çətinləşdirə, mövcud bizneslərin isə icarə və ya əmlak xərclərini məhsul və xidmət qiymətlərinə ötürməsinə səbəb ola bilər.
Əslində, Bakıda daşınmaz əmlak bazarında baş verənləri yalnız “evlər və obyektlər bahalaşır” kimi qiymətləndirmək kifayət deyil. Bu, şəhər iqtisadiyyatının və yaşayış xərclərinin strukturunda baş verən dəyişiklikdir.
Əgər yaşayış evləri bir ildə 13,5%, qeyri-yaşayış obyektləri isə 13% bahalaşırsa, əsas sual artıq “qiymətlər niyə artır?” yox, “Bakı şəhərində daşınmaz əmlak qiymətlərinin artım tempi ilə əhalinin və biznesin gəlirlərinin artım tempi arasında fərq nə qədərdir?” sualıdır.

Nuray

Aznews.az