Azərbaycan bazarına daxil olmaq istəyən xarici İKT şirkətlərinə dəstək veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Azərbaycan bazarına daxil olmaq istəyən xarici İKT şirkətlərinə dəstək verəcək.

Bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında İRİA-nın sədr əvəzi İnarə Vəliyeva bildirib.

O həmçinin deyib ki, Azərbaycanda hər bir vətəndaşın rəqəmsal xidmətlərdən bərabər istifadə etməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir: “İnfrastruktura investisiya yatırmaqla bərabər digər məsələlərə də diqqət ayırmalıyıq. Bu gün elektron xidmətlərdən istifadə edilməsində Bakı və regionlar arasında uçurum var. Məhz bu uçurumun aradan qaldırılması üçün rəqəmsal savadlılığın artırılmasına ehtiyac var. Biz düşünürük ki, rəqəmsal ekosistemi inkişaf etdirməklə bu uçurumun qarşısını ala bilərik. Əgər bu məqsədə nail olmaqda bizə dəstək verən olarsa, biz onlarla əməkdaşlığa hazırıq. Azərbaycanda göstərilən elektron xidmətlər daha çox xidmət mərkəzləri səviyyəsindədir. Biz vətəndaşyönümlü elektron xidmətlərin göstərilməsini genişləndirmək üçün Dünya Bankı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq edirik”, - deyə o qeyd edib. (Report)