Ekspert: "Ölkədaxili köçürmələrdə bankların bir-birindən faiz tutması məntiqli deyil"

Milli Məclisin deputatı Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışında, banklarda tranzaksiya faizinin yüksək olması ilə bağlı iradlarını bildirib. Deputat faizin 1,5-2%-dən çox olduğu üçün insanları incitdiyini vurğulayıb.

Məsələ ilə bağlı AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda nəinki bank köçürmələri, həmçinin müxtəlif bankların bankomatlarından istifadəsi zamanı faiz tutulur.

“Dünyada bir çox ölkələrdə bu məsələ çoxdan həllini tapıb. Məsələn, Türkiyədə banklar öz aralarında razılığa gəlib. Ölkə ərazisində ümumi ATM-lər quraşdırılıb. Hər hansı bankomatdan digər bankın kartı ilə pul çıxararkən heç bir məbləğ tələb olunmur. Eyni şey həmçinin pul köçürmə proseslərinə də aiddir. Azərbaycanda pul köçürmələri zamanı bankların bir-birindən sözügedən məsələyə görə əlavə vəsait tutması da ən asan və tez həll oluna biləcək bir məsələdir”.

Deputatların bu məsələni qaldırmasının vacib olduğunu vurğulayan ekspert bildirib ki, məsələnin həll yolu həm də millət vəkillərinin özlərindən asılıdır.

“Belə bir qanun layihəsi təklif edə bilərlər ki, banklar arası pul köçürmələri zamanı faizlərin tutulması sıfırlansın. Bu qarşılıqlı güzəşt şəklində baş versin. Bu çox asan həll oluna biləcək məsələdir. Məncə, həll olunması artıq vacibdir. Çünki ölkə daxilində bankların bir-birindən pul köçürmə və ya nəğdləşdirmə zamanı faiz tutması məntiqli deyil”.

Ayan Rzayeva