- İşin içi
- 12:27
- 887
Taxıl biçinində uğurlu dinamika - ŞƏRH

İyulun 7-nə olan operativ məlumata görə, ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin artıq başa çatıb. Mövsüm ərzində 691 928 hektar sahədən 2 336 704 ton taxıl məhsulu toplanıb. Hazırda orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,9 sent/ha çoxdur. Buğda üzrə 299 401 hektarda biçin aparılaraq 1 092 309 ton məhsul götürülüb, arpa sahələrində isə 392 527 hektarda 1 244 394 ton məhsul yığılıb. Buğda sahələrinin 60,5 faizi, arpa sahələrinin isə 90,4 faizi artıq biçilib. Biçin prosesi 1153 kombayn vasitəsilə həyata keçirilir, onların 439-u “Aqroservis” ASC-yə, 714-ü isə özəl fiziki və hüquqi şəxslərə məxsusdur. Proses ən intensiv şəkildə Şəki, İsmayıllı, Qusar, Tovuz, Qəbələ, Oğuz, Xaçmaz, Şamaxı və Füzuli rayonlarında gedir. Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlaxda biçin başa çatıb. Ümumilikdə 22 rayonda biçin 95 faizi ötüb.
Görünən odur ki, Azərbaycan bu il taxıl biçinində təkcə kəmiyyət baxımından deyil, keyfiyyət və məhsuldarlıq baxımından da irəliləyiş nümayiş etdirir. Bu uğurun arxasında kənd təsərrüfatında aparılan struktur islahatlar, subsidiyaların məqsədyönlü şəkildə yönəldilməsi, əkin sahələrinin əmtəə yönümlü optimallaşdırılması və aqrotexniki xidmətlərin keyfiyyətcə yaxşılaşdırılması dayanır. Məhsuldarlığın yüksəlməsi birbaşa daxili bazarın sabitliyi ilə əlaqəlidir. Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası yalnız məhsul toplamağa deyil, həmin məhsulu ehtiyatda saxlamaq, emal etmək, keyfiyyətli toxumluq və yem bazası yaratmaq kimi ardıcıl hədəflər ətrafında formalaşıb.
İndi biçin kampaniyasına təkcə təsərrüfat tədbiri kimi yox, həm də geosiyasi kontekstdə baxmaq lazımdır. Qlobal ərzaq bazarlarında qiymət dalğalanmaları və regional risklər fonunda daxili istehsalın artması Azərbaycan üçün strateji üstünlükdür. Yüksək məhsuldarlıq ölkənin buğda idxalına olan asılılığını mərhələli şəkildə azalda, strateji ehtiyatların həcmini artıraraq ərzaq suverenliyini gücləndirə bilər. Bu il buğda məhsuldarlığının 36,5 sent/ha səviyyəsinə qalxması, dünya üzrə bu sahədə təzyiqlərin artdığı bir dövrdə xüsusilə diqqətəlayiq nəticədir. Arpa məhsuldarlığının isə 31,7 sent/ha olması heyvandarlıq sektorunun dayanıqlı yem təchizatı ilə təmin olunmasına xidmət edir.
Dövlət və özəl sektorun kombayn potensialının səfərbər olunması, eyni zamanda regional aktivliyin dəstəklənməsi taxıl biçininin optimal müddətdə başa çatmasını təmin edir. Bu isə onu göstərir ki, kənd təsərrüfatı idarəetməsi artıq mövsümi reaksiyalardan strateji planlaşdırma mərhələsinə keçib. Əkin-biçin zənciri tədricən rəqəmsallaşır, mexanizasiya dərəcəsi artır və kənd təsərrüfatı məhsullarının logistikasında yeni intizam formalaşır.
Bir sözlə, bu yay biçin mənzərəsi Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. İstehsalın artımı, məhsuldarlığın yüksəlməsi, prosesin təşkilati baxımdan səmərəli aparılması - bütün bunlar qida təminatında dayanıqlılıq hədəfinə doğru mühüm addımlardır. Beləliklə, Azərbaycan təkcə torpaqdan məhsul deyil, gələcəyindən güvən biçir.
Nuray,
AzNews.az