Səhiyyə sahəsində dövlət proqramları və tədbirlər icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək

İcbari tibbi sığorta fondunun vəsaitləri siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə də sərf olunacaq.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla əlaqədar “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlara da müvafiq dəyişiklik edilir.

Qeyd edilən dövlət proqramları və tədbirlər artıq dövlət büdcəsinin vəsaiti deyil, icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, icbari tibbi sığorta fondunda icbari tibbi sığortanın maliyyə mənbələri cəmləşdirilir.