- İşin içi
- 18:56
- 1 013
MDB fond bazarında qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirəcək
MDB ölkələri fond bazarında qanunsuz fəaliyyətlə mübarizə sahəsində vahid məlumat mübadiləsi sisteminin hazırlanması barədə razılığa gəlib.
Aznews.az xəbər verir ki, qərar müvafiq Şuranın iclasında qəbul edilib. İclasda həmçinin işçi qrupun yaradılması təsdiqlənib.
İşçi qrupun vəzifələrinə qanunsuz fəaliyyətə qarşı mübarizə aparmaq üçün vahid məlumat mübadiləsi sisteminin, eləcə də qiymətli kağızlar, sukuk və dayanıqlı maliyyələşdirmə daxil olmaqla investisiya alətlərinin genişləndirilməsi üzrə ümumi təhlilin hazırlanması daxildir.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan təmsilçiləri, eləcə də MDB İcraiyyə Komitəsi, Bakı Fond Birjası və Moskva Birjasının nümayəndələri iştirak ediblər.
İclas zamanı iştirakçılar MDB ölkələrinin qiymətli kağızlar bazarındakı ən müasir tendensiyaları müzakirə ediblər, maliyyə və iqtisadi fəaliyyətin əlaqələndirilməsi, qiymətli kağızların emissiyası və tədavülü mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyəti diqqətə çatdırıblar.
Şuranın növbəti iclası gələn ilin birinci yarısına planlaşdırılır.