Çinin Cənubi Qafqaz regionundakı birbaşa xarici investisiya (BXİ) portfeli son on ildə 2,5 dəfə artaraq 2025-ci ilin ilk yarısında 690 mln. ABŞ dollarına çatıb. Bu investisiyaların təxminən 60%-i Azərbaycana, 40%-i isə Gürcüstana yönəlib.
Aznews.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankından (EDB) bildirilib.
Hesabata əsasən, Cənubi Qafqazda Çin investisiyalarının əsas hissəsi Azərbaycan və Gürcüstan arasında bölüşdürülüb. Portfeldə Azərbaycanın üstün mövqeyi qorunur və ölkə regionda Çin kapitalı üçün əsas istiqamət kimi qalır.
EDB-nin qiymətləndirməsinə görə, Çin investisiyalarının sektor bölgüsündə emal sənayesi və energetika prioritet sahələr olaraq önə çıxır. Bu struktur Çinin Cənubi Qafqazda hasilat yönümlü investisiya modelindən mərhələli şəkildə uzaqlaşdığını göstərir.
EDB-nin məlumatına görə, 2024-cü ildə qlobal birbaşa xarici investisiya axınları 11% azaldığı halda, Çin investisiyaları Avrasiya regionunda artmaqda davam edib. Son 18 ay ərzində Çin kapitalı region üzrə 7,4 mlrd. ABŞ dolları artaraq 66 mlrd. ABŞ dollarını ötüb.
Bu fonda Cənubi Qafqaz həcminə görə Mərkəzi Asiya və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə daha kiçik paya malik olsa da, sabit və struktur baxımından keyfiyyətli investisiya portfeli ilə seçilir.
Xatırladaq ki, Çinin Avrasiya regionundakı ümumi BXİ portfeli 2025-ci ilin ortalarına 66,1 mlrd. ABŞ dollarına çatıb ki, bu da son on ildə 80% artım deməkdir. Əvvəllər Çin əsasən hasilat sənayesi layihələrinə sərmayə yatırırdısa, hazırda emal sənayesi və energetika yeni artım drayverlərinə çevrilir.