- İşin içi
- 8 Yanvar 14:18
- 2 169
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji əməkdaşlığı müzakirə edilib.
Aznews.az xəbər verir ki, bu müzakirələr "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında keçirilən görüşdə aparılıb.
İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. "ACWA Power" şirkəti ilə həyata keçirilən 240 MVt gücündə "Xızı-Abşeron" KES qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.
Söhbət zamanı Səudiyyə Ərəbistanı ilə "OPEC+" formatında, həmçinin karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyin artırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.