- Siyasi müzakirə
- 8 Yanvar 20:35
- 5 420
"ABŞ birqütblü dünya strategiyasını davam etdirir" - Azad Məsiyev
"ABŞ-nin uzunmüddətli və dəyişməz bir strategiyası mövcuddur: dünyada birqütblü sistem yaratmaq və bu sistemə nəzarət etmək. ABŞ-də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, istər respublikaçılar, istərsə də demokratlar, bu strateji xətt dəyişmir. Bu strategiyanın həyata keçirilməsi üçün müxtəlif siyasi alətlərdən istifadə olunur. Bəzi hallarda taktiki yanaşmalar dəyişə, müəyyən mərhələlərdə fərqli addımlar atıla bilər, lakin strateji məqsəd toxunulmaz olaraq qalır. Bu baxımdan, Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-nin ümumi xəttində ciddi dəyişiklik müşahidə olunmur. Tramp hələ andiçmə mərasimindən dərhal sonra verdiyi açıqlamalarda bunu açıq şəkildə nümayiş etdirdi. Hətta Kanadanı ABŞ-nin bir ştatı kimi təqdim edən bəyanatlar səsləndirdi. Son dövrlərdə həyata keçirilən siyasət də bir daha göstərir ki, ABŞ qlobal miqyasda aqressiv xəttindən geri çəkilmir və dünyanı birqütblü sistemə sürükləmək üçün strateji bölgələri nəzarət altına almağa çalışır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, "The Washington Post” qəzetində dərc olunan xəbərə görə, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada uğrunda potensial münaqişə NATO-nun dağılmasına səbəb ola bilər.
Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə Venesuelada aparılan son əməliyyatlar da diqqət çəkir.
"ABŞ-nin məqsədi enerji yataqlarına nəzarət etməklə dünya iqtisadiyyatında üstün mövqeyini qorumaqdır. Eyni zamanda, Qrenlandiya üzərində nəzarət planları da bu strategiyanın tərkib hissəsidir. ABŞ rəhbərliyi bunu əvvəlcədən açıq şəkildə bəyan etmişdi. Məlum olduğu kimi, Qrenlandiyada buz qatının altında zəngin təbii sərvətlər mövcuddur. Bu bölgəyə nəzarət etməklə ABŞ bir daha dünyaya mesaj vermək istəyir ki, öz maraqlarını təmin etmək üçün həm hərbi gücdən, həm də digər siyasi-iqtisadi vasitələrdən istifadə etməkdən çəkinməyəcək. Təbii ki, bu cür addımlar NATO daxilində ciddi narazılıqlar yaradır. Çünki ABŞ artıq NATO blokunun qorunub saxlanılmasında əvvəlki qədər maraqlı görünmür. ABŞ ilə Avropa arasında dərin fikir ayrılıqları formalaşmaqdadır və bu vəziyyət Ukrayna münaqişəsində də açıq şəkildə özünü göstərir. Avropa Birliyinin pul vahidi olan avro ABŞ-nin strateji maraqları üçün təhlükə hesab olunur. Avronun güclənməsi dolların dünya bazarındakı mövqeyini zəiflədir. Alternativ valyutanın mövcudluğu isə dolların hegemonluğuna ciddi zərbə deməkdir. Dolların zəifləməsi ABŞ-nin zəifləməsi anlamına gəlir. Çünki Amerikanın əsas gücü hərbi texnikada deyil, onun maliyyə sistemində və valyutasındadır. Məhz bu səbəbdən ABŞ avronu zəiflətmək məqsədilə Avropa iqtisadiyyatının çöküşündə maraqlıdır. Ukrayna münaqişəsi də bu kontekstdə qiymətləndirilir, münaqişə Avropa iqtisadiyyatını sarsıdır və avronun qlobal mövqeyini zəiflədir. Ümumilikdə, ABŞ-nin apardığı bu aqressiv siyasət dünya miqyasında xaos yaradır. Xaos fonunda isə Vaşinqton öz maraqlarını daha rahat şəkildə həyata keçirməyə çalışır. Tramp administrasiyası bu siyasəti həyata keçirərkən nə beynəlxalq hüquq normalarını, nə də müttəfiqlik prinsiplərini nəzərə alır. Avropa dövlətləri NATO çərçivəsində ABŞ-nin müttəfiqləri olsa da, atılan addımlar açıq şəkildə Avropanın maraqlarına ziddir. Bu isə Amerikanın qlobal strateji planının tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ ümumilikdə vahid qütb yaratmaq, vahid dünya sistemi formalaşdırmaq və bu sistemə nəzarət etmək məqsədi güdür. Bu strategiyaya təhlükə yaradan bütün amillərə qarşı ABŞ müxtəlif addımlar atır. mövcuddur: Rusiya hərbi gücünə, Çin iqtisadi potensialına, Avropa isə avro vasitəsilə maliyyə gücünə görə. Bu baxımdan ABŞ Ukrayna–Rusiya münaqişəsindən istifadə edərək həm Rusiyanın hərbi potensialını zəiflətməyə, həm də Avropanın pul vahidi olan avroya ciddi zərbə vurmağa çalışır. Eyni zamanda, dünya enerji ehtiyatlarına nəzarət etməklə Çini iqtisadi baxımdan zəiflətmək strategiyası həyata keçirilir. Son vaxtlar Qrenlandiya ilə bağlı verilən bəyanatlar da bu geniş strateji planın tərkib hissəsi kimi qiymətləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az