"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Zeynalova küçəsi, 196 ünvanında yerləşən "Zabrat maşınqayırma zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar 14 noyabr 2025-ci il tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Ötən ilin 16 dekabr tarixində müsabiqə komissiyası tərəfindən təkliflər qiymətləndirilib.

Aznews.az xəbər verir ki, Təkliflərin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif etmiş "ZMZ Metal" MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Müqavilə layihəsi üzərində aparılmış danışıqlardan sonra müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanmışdır.

Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat məbləğində vəsaitin köçürülməsi, habelə 2 il ərzində müəssisəyə 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkili, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "ZMZ Metal" MMC tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

AzNews.az