- Hadisə
- 9 Yanvar 12:07
- 1 930
Direktor müavinini döyən riyaziyyat müəllimi cərimələndi
28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib.
Bu barədə Trend-ə 180 nömrəli məktəbdən məlumat verilib.
Bildirilib ki, məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.
"Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", məlumatda bildirilib.
Qeyd edək ki, Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verdiyi barədə mediada xəbərlər yayılmışdı.
Məlumata görə, hadisə tədris prosesi zamanı baş verib. Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Aznews.az