- İşin içi
- 21:56
- 1 031
Azərbaycan soğan ixracında dəyər artımı mərhələsi - ŞƏRH
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın soğan ixracı dəyər baxımından artım, həcm baxımından isə nisbi azalma ilə müşayiət olunub. Rəsmi statistikaya görə, ölkə bu dövrdə 5,68 milyon ABŞ dolları dəyərində 20 min 417 ton soğan ixrac edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərinin 24 faiz artdığını, fiziki həcmin isə 3 faiz azaldığını göstərir. Rəqəmlər ixrac strukturunda qiymət amilinin ön plana çıxdığını aydın şəkildə ortaya qoyur.
Soğan ixracında müşahidə edilən bu dinamika qlobal kənd təsərrüfatı bazarlarında son illərdə formalaşan ümumi tendensiyalarla uzlaşır. FAO və digər beynəlxalq təşkilatların məlumatlarına əsasən, 2024 və 2025-ci illərdə tərəvəz məhsulları üzrə qiymət artımları əsasən iqlim dəyişiklikləri, bəzi iri istehsalçı ölkələrdə məhsuldarlığın azalması və logistik xərclərin yüksəlməsi ilə əlaqələndirilir. Bu şəraitdə Azərbaycan kimi regional bazarlara yaxın olan istehsalçı ölkələr üçün ixrac qiymətlərini artırmaq imkanı yaranıb. Fiziki həcmin azalmasına baxmayaraq, ixrac dəyərinin artması da məhz vahid məhsul üzrə orta ixrac qiymətlərinin yüksəlməsi ilə izah olunur.
Statistikaya əsasən, ixracın əsas istiqaməti yenə də Gürcüstan olub. Ümumi ixrac olunan soğanın 74 faizi bu ölkənin payına düşür. Gürcüstana göndərilən məhsulun həcmi azalsa da, dəyər ifadəsində artım qeydə alınıb ki, bu da regional bazarda qiymətlərin yüksəlməsi və Azərbaycanın tədarükçü kimi mövqeyinin qorunması ilə bağlıdır. Digər diqqətçəkən məqam Rusiyaya ixracın kəskin artımıdır. Həm dəyər, həm də həcm baxımından bir neçə dəfə artım göstərən bu istiqamət, Rusiya bazarında alternativ tədarükçülərə ehtiyacın artması və mövsümi tələbatın yüksəlməsi ilə əlaqələndirilə bilər. Belarus bazarına ixracda da yüksək artım müşahidə olunması Azərbaycan məhsullarının yeni və ya əvvəllər zəif təmsil olunan bazarlarda mövqeyini gücləndirdiyini göstərir.
Ukraynaya ixracın kəskin azalması isə regional risklər və logistika imkanlarının məhdudlaşması ilə izah olunur. Qlobal ticarətdə qeyri sabitlik, nəqliyyat marşrutlarının dəyişməsi və bazar prioritetlərinin yenilənməsi Azərbaycan ixracatçılarının da satış coğrafiyasını daha çevik şəkildə tənzimləməsinə səbəb olur. Bu baxımdan ixracın əsasən yaxın və daha sabit bazarlara yönəlməsi rasional iqtisadi davranış kimi qiymətləndirilir.
Mövcud göstəricilər göstərir ki, Azərbaycan soğan ixracında artıq yalnız həcm deyil, gəlirlilik meyarını ön plana çıxarır. Aqrar sektorda məhsuldarlığın artırılması, saxlama və çeşidləmə imkanlarının genişləndirilməsi fonunda ixrac olunan məhsulun keyfiyyətinin yüksəlməsi daha yüksək qiymətlərlə satışa imkan yaradır. Qlobal bazarlarda ərzaq məhsulları üzrə qeyri sabitliyin davam etdiyi bir şəraitdə bu yanaşma ölkənin kənd təsərrüfatı ixracında dayanıqlılığı gücləndirən amil kimi çıxış edir.
Orta müddətli perspektivdə regional bazarlarda ərzaq təhlükəsizliyi məsələlərinin aktuallığını qoruyacağı nəzərə alınarsa, Azərbaycanın tərəvəz ixracında, xüsusilə də soğan kimi strateji məhsullarda mövqeyini saxlaması və mərhələli şəkildə genişləndirməsi üçün iqtisadi zəmin mövcuddur. Mövcud statistika göstərir ki, ixrac siyasətində bazar şaxələndirilməsi və dəyər yönümlü yanaşma artıq praktik nəticələr verməyə başlayıb.
Aznews.az