- İşin içi
- 15:36
- 2 089
"Fitch" geosiyasi riskləri nəzərə alaraq neftin qiyməti ilə bağlı proqnozlarına yenidən baxacaq
"Fitch" beynəlxalq reytinq agentliyi bu il dünya bazarında neftin bir barelinin qiymətinin orta hesabla təxminən 70 ABŞ dolları olacağını proqnozlaşdırır.
Aznews.az xəbər verir ki, bunu "Fitch"in EMEA regionu üzrə təbii sərvətlər bölməsinin rəhbəri, idarəedici direktor Angelina Valavina bildirib.
O vurğulayıb ki, yüksək volatillik neft-qaz bazarlarının xarakterik xüsusiyyətləridir və yeni deyil.
"Bununla belə, hazırda bazar neft kotirovkalarında kifayət qədər əhəmiyyətli geosiyasi risk mükafatını nəzərə alır. Bu ilin əvvəlində "Brent" markalı neftin bir barelinin qiyməti təxminən 60 ABŞ dolları idi. Dünən o, qısamüddətli olaraq təxminən 120 ABŞ dollarına qədər yüksəlib, bundan sonra isə 100 ABŞ dollarından aşağı düşüb. Hazırda "Brent"in qiyməti bir barel üçün təxminən 90 ABŞ dollarıdır. Beləliklə, qiymət dəyişkənlikləri son dərəcə yüksək olaraq qalır - bu, şübhə yaratmır", - A.Valavina qeyd edib.
O diqqətə çatdırıb ki, agentliK Hörmüz boğazının bağlanmasının müvəqqəti xarakter daşıdığını ehtimal edir və hesab edir ki, boğaz fəaliyyətini bərpa edən kimi və neft axınları yenidən oradan keçən kimi kotirovkalar ucuzlaşacaq və tələb-təklif balansı ilə müəyyən edilən səviyyəyə qayıdacaq.
"Bununla yanaşı, hazırda qlobal neft bazarı təklifin izafi olması ilə xarakterizə olunur. Bununla əlaqədar, bizim dekabr proqnozumuz 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin bir barel üçün 63 ABŞ dolları səviyyəsində olmasını nəzərdə tuturdu. Aydındır ki, bu qiymətləndirmə üçün yüksəlməyə yenidən baxılma riski mövcuddur. Yenilənmiş qiymət proqnozu hələ dərc olunmayıb, lakin biz 2026-cı il üçün orta qiymətin təxminən 70 ABŞ dolları təşkil edə biləcəyini ehtimal edirik. Bu göstərici kotirovkaların hazırkı sıçrayışını və gözləntilərimizə görə, sözügedən ticarət marşrutunun fəaliyyəti bərpa olunduqdan sonra baş verəcək sonrakı enişini nəzərə alır", - o deyib.
A.Valavina həmçinin qeyd edib ki, "Fitch"in qiymətləndirmələrinə görə, cari ildə təklifin artımı tələbin artımını əhəmiyyətli dərəcədə üstələyəcək: qlobal təklif gündəlik təxminən 2,5 milyon barel artacaq, tələb artımı isə gündəlik bir milyon bareldən az təşkil edəcək. Müvafiq olaraq, bazar profisit vəziyyətini qoruyub saxlayır.