- İşin içi
- 17:54
- 817
“Neftin bahalaşması böhrana yox, şərtlərə bağlı risk yaradır” – Akif Nəsirli
"100-120 dollarlıq neft qiyməti özü-özlüyündə avtomatik böhran demək deyil. Neftin bahalaşması qlobal iqtisadiyyata təzyiq yaradır, amma böhrana çevrilib-çevrilməməsi bir neçə amildən asılıdır. 2011–2014-cü illərdə Brent nefti 3 il dalbadal 100 dollardan yuxarı idi, hətta 120-ni də keçirdi. Amma qlobal böhran olmadı. Səbəb o idi ki, o vaxt dünya iqtisadiyyatı böyümə fazasında idi. ABŞ və Avropa 2008 böhranından çıxmışdı, Çin ildə 7–8 faiz böyüyürdü, inkişaf edən ölkələrə kapital axını var idi. Bahalı neft inflyasiyanı bir qədər artırdı, amma mərkəzi bankların faizləri sıfıra yaxın idi, pul bol idi. Ona görə iqtisadiyyat bu şoku daha asan “uddu”. İndi vəziyyət fərqlidir. 2024–2026-cı illərdə qlobal borc rekord həddədir, ABŞ-da və Avropada faizlər 4–5 faizdir, pul artıq ucuz deyil. Çin yavaşıyır, Avropa durğunluq içindədir. Belə şəraitdə 100–120 dollarlıq neft daha təhlükəlidir. Çünki enerji bahalaşanda hər şey bahalaşır: nəqliyyat, ərzaq, istehsal xərcləri. İnflyasiya düşmək əvəzinə yenidən yüksələ bilər. O zaman mərkəzi banklar ya faizləri yüksək saxlamaq, ya da daha da artırmaq məcburiyyətində qalır. Yüksək faiz isə kreditləri, investisiyaları və ev alqısını məhdudlaşdırır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, beynəlxalq enerji bazarlarında neft qiymətlərinin artması və 100–120 ABŞ dolları səviyyəsinə yaxınlaşması qlobal iqtisadiyyat üçün mümkün risklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə ki, dünyada neft qiymətlərinin təhlükəli həddə çatdığı bildirilir. Bu qiymət artımının qlobal inflyasiyanı yüksəldəcəyi, hətta iqtisadi böhrana yol aça biləcəyi iddia olunur. Xatırladaq ki, 2011–2014-cü illərdə də neft qiymətləri bu səviyyələrdə olsa da, qlobal iqtisadi böhran yaşanmayıb.
A. Nəsirli qeyd edib ki, nəticədə iqtisadi artım dayanır, amma qiymətlər yüksək olaraq qalır.
"Buna staqflyasiya deyilir. 1970-ci illərdə məhz neft şoku belə bir böhran yaratmışdı. Digər tərəfdən neftin niyə bahalaşması da önəmlidir. Əgər qiymət tələb artdığına görə qalxırsa, yəni dünya iqtisadiyyatı güclüdür, zavodlar işləyir, insanlar daha çox maşın sürür, bu o qədər də qorxulu deyil. Amma indi qiymət daha çox təklif azlığına görə artır: OPEC+ hasilatı azaldır, Yaxın Şərqdə müharibə riski var, sanksiyalar mövcuddur, Hörmüz boğazı təhlükə altındadır. Təklif şoku olanda iqtisadiyyat eyni anda həm bahalaşır, həm də yavaşıyır. Bu isə böhran riskini artırır. Digər tərəfdən dünya 2014-cü ildən bəri dəyişib. Avropa və ABŞ enerjiyə qənaət etməyi öyrənib, bərpa olunan enerji payı artıb, elektrik avtomobillər çoxalıb. ÜDM-də enerjinin payı 1970-ci illərdəki kimi deyil. Yəni iqtisadiyyat neft şokuna daha dözümlüdür. 120 dollarlıq neft indi 2008-dəki 147 dollar qədər dağıdıcı təsir etməz. Qısası, 100–120 dollar neftin özü mütləq böhran yaratmır. Əgər bu qiymət uzun müddət qalarsa, faizlər yüksək olsa, Çin və Avropa durğunluqda qalsa, müharibələr genişlənərsə, onda qlobal resessiya ehtimalı ciddi artır. Amma şərtlər 2011–2014-dəki kimi olsa, yəni faizlər aşağı düşsə, geosiyasi gərginlik azalsa, hasilat artsa, dünya iqtisadiyyatı bunu da keçə bilər. Azərbaycan üçün isə 100–120 dollarlıq neft büdcəyə əlavə gəlir deməkdir, amma eyni zamanda idxal inflyasiyası da gətirir. Çünki biz ərzağın, dərmanın, texnikanın çoxunu xaricdən alırıq. Neft bahalaşanda onlar da bahalaşır. Ona görə sevindirici tərəfi ilə yanaşı, qiymət artımına da hazır olmaq lazımdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az