Xarici valyuta ilə olan əmanətlər üzrə illik faiz dərəcəsi müəyyən edildi

Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 1 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12 faiz müəyyən edilib.


Fonddan AzNews.az-a verilən məlumata görə, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.

1 mart 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Qorunan əmanətçilərin 1 mart 2016-cı il tarixə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.