- Köhnə - İqtisadiyyat
- 29 Aprel 2016 14:48
- 17 880
Soyuq anbarların iqtisadi istiliyi - SKMF-un layihəsi əhaliyə nə vəd edir?

Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına regionlarda ümumi tutumu 260 min tona yaxın 50-dən çox logistik mərkəz – soyuducu anbar tikilib istifadəyə verilib
Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə, daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə də şərait yaradır. Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün logistika mərkəzləri - soyuducu anbar komplekslərini də qeyd etmək mümkündür.

Qeyd edək ki, soyuducu anbar normal temperaturda pozulmağa meylli olan qidaların aşağı temperaturda mühafizə edilməsinə imkan verən infrastrukturdur. Soyuducu anbarın "skeleti" polad konstruksiya ilə qurulur, xarici səthi üzlənir. Daxili səthinə isə divar və tavan panelləri vurulur, soyuqluğu təmin etmək üçün güclü kondisionerlər quraşdırılır. Məhz Azərbaycan Prezidentinin sahibkarlığa dəstəyi, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına bu gün ölkəmizin bütün regionlarında 50-dən çox belə komplekslər tikilib istifadəyə verilib. Həmin komplekslərinin ümumi həcmi 260 min tona yaxındır. Bu komplekslərin hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda ölkə əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli soyuducu anbar kompleksinin yaradılmasını kənd təsərrüfatı məhsullarının saxlanması və bu sahədə olan itkilərin azaldılması, eyni zamanda kənd təsərrüfatı məhsullarının saxlanılması əsasında xaricə daha çox məhsul çıxarılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Deyib ki, bu məqsədlə regionlarda tikilən anbarlar, logistik mərkəzlər kifayət qədər güclü komplekslərdir:

"Demək olar ki, regionların əksəriyyətində belə komplekslər inşa olunub. Ona görə də bu istiqamətdə atılan addımları müsbət qiymətləndirmək olar. Lakin o soyuducu anbarlardan sahibkarlar, fermerlər, kəndlilər necə yararlanırlar, bu, ayrıca bir təhlil obyektidir. Bununla bilmək olar ki, nə üçün həmin soyuducu anbarlardan zəif istifadə olunur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Ən birinci səbəb qiymətin münasib olmamasıdır. Başqa stereotipləri də axtarıb tapmaq lazımdır ki, bunları aradan qaldırıb soyuducu anbarlardan daha səmərəli istifadəni təmin etmək olsun. Təkcə sahibkarlar üçün deyil, öz tələbatından artıq məhsul istehsal edən, onu daxili və xarici bazarlara ixrac etmək istəyən kəndli üçün də bu soyuducu anbarlar cəlbedici, əlçatan olmalıdır. Bunun üçün isə qiymətlərin münasib olması başlıca şərtdir".

İqtisadçı ekspert Arzu Qafarlı son illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisinin regionlarda geniş yayıldığını bildirib. Qeyd edib ki, əksəriyyət hissəsi SKMF-nin güzəştli kreditlər hesabına inşa olunan bu anbarlar həm sahibkarlar, həmçinin də kənd təsərrüfatı məhsulları istehsal edən fermerlər, kəndlilər üçün mühüm əhəmiyyət daşıyır:

"Bu anbarların fermerlərə xeyri budur ki, onlar istehsal etdikləri məhsulu xarab olmasın deyə, həmin anbarlarda yerləşdirir və gəlirini birə iki artırırlar. Bu gəlir kəndliyə digər illərdə də təsərrüfat işiylə məşğul olmağa maraq oyadır. Məsələn, yay fəslində meyvələr yetişməyə başlayır və fəslin sonu isə mövsüm sona çatır. Mövsüm vaxtı hansısa meyvənin qiyməti, 50 qəpik olursa, bir neçə aydan sonra onun qiyməti iki dəfə artır. Əlbəttə ki, bu, fermerlərə sərf edir. Bir meyvənin ömrü ağacdan dərildikdən sonra maksimum 5-15 gündür. Bu müddət ərzində kəndli bazarda öz məhsulunu sata bilmirsə, bu o deməkdir ki, məhsul öz keyfiyyətini dəyişir və satılmır. Anbarların yaradılmasın bir səbəbi də budur ki, kəndlinin əziyyəti hədər getməsin. Əsas məsələ burasıdır ki, anbarlarda məhsulların saxlanılması qiyməti həm kəndliyə, həm də anbar sahibinə sərf edir. Bu baxımdan əvvəllər anbarlarda boşluq olurdusa , indi anbarlarda yer tapmaq bəzi rayonlarda qəliz məsələ olub. Bir də çox yaxşı olardı ki, ümumiyyətlə bütün regionlarda soyuducu anbarlarında qiymətlər standart olsun. Hər məhsulun öz standart qiyməti olsun. Belə olarsa, bu gün anbarlarla bağlı yaranan bəzi problemlər də aradan qalxmış olar. Amma bununla belə, sevindirici haldır ki, bu gün bütün iqtisadi rayonların hər birində ən azı 2-3 ədəd soyuducu anbar var. Bu düşünülmüş iqtisadi-siyasi addımın müsbət tərəfləri çoxdur. Əhali il boyu sərfəli qiymətlərlə təzə meyvə və tərəvəz əldə edir. Bu layihə fermerə çox dayaqdır. Artıq fermer özünə, məhsuluna inanır və o rayonunda qalaraq öz təsərrüfatıyla məşğul olur".

Araşdırmaçı jurnalist Seymur Yunusov da soyuducu anbarların sayının artmasını müsbət məqam kimi qiymətləndirib. Bildirib ki, bu komplekslər fermerlərin əsl dayağına çevrildiyi şəkildə Azərbaycan əhalisi il boyu sərfəli qiymətlərlə təzə meyvə və tərəvəz əldə biləcək:

"Vaxtilə regionlarda istifadəyə verilmiş soyuducu anbar komplekslərinin çoxunun boş qalması barədə xəbərlər gəlməyə başlayırdı. Buna səbəb soyuducu anbarlarda icarə qiymətlərinin sərfəli olmaması göstərilirdi. Soyuducu anbarlara daha çox iri istehsalçıların məhsullarının qəbul edilməsinə üstünlük verilirdi və qiymət güzəştləri yalnız belə mal sahiblərinə olunurdu. Adətən kəndlilərin məhsullarının kiçik həcmdə -100-200 kiloqram arası olması onların məhsullarının qəbul olunmamasına gətirib çıxardırdı. Həmin vaxt mən araşdırma da aparmışdım bu mövzuda. Məlum olmuşdu ki, soyuducu anbar komplekslərdə məhsulların saxlanması üçün icarə haqqı rayonlar üzrə müxtəlifdir.
Misal üçün, o vaxt Salyandakı anbarda 1 ton məhsulun 1 aylıq saxlanması üçün icarə haqqı 50 manat olduğu halda, Qubada 4 aylıq saxlama xərci cəmi 30 manat idi. Rayonların bir çoxunda məhsulun 1 kiloqramının aylıq saxlama xərci 5-20 qəpik arasında dəyişirdi.
Məsələn, Tovuzda 1 kiloqram üzümü 1 ay ərzində soyuducu anbarda saxlamaq üçün istehsalçı müəssisəyə 20 qəpik ödəyirdi ki, bu da tona görə 200 manat təşkil edirdi. Saxlama müddəti bir aydan artıq olduğu təqdirdə icarə haqqı 10 qəpiyədək azaldıla bilərdi. Bundan başqa, fermerlər soyuducu anbarlarda məhsullarını saxlamaq üçün təkcə icarə haqqı ödəmirdilər. Bundan əvvəl onlar məhsullarını anbara daşımaq üçün xeyli vəsait də xərcləyirdilər ki, bu da onların xərclərini çoxaldırdı. Bir sıra bölgələrdə isə problem fərqli idi. Belə bölgələrdə soyuducu anbarlar olsa da onlar fermerlərin üzünə bağlı olurdu. Çünki iş adamları soyuducu anbarlarında özlərinin digər təsərrüfatlarından yığılan meyvə, tərəvəzləri və digər qida məhsullarını saxlayırdılar. Digər bir problem, fermerlərin çoxunun rayonlarında soyuducu anbarların mövcudluğundan xəbərsiz olmaları idi".

S.Yunusov əlavə edib ki, soyuducu anbarların olması təkcə fermerlər üçün deyil, həm də orta və xırda meyvə-tərəvəz alverçiləri üçün də vacibdir. Araşdırmaçının sözlərinə görə, orta və xırda meyvə-tərəvəz alverçiləri satmaq üçün davamlı olaraq yerli malın gəlməsini gözləyirlər, xaricdən gətirilən mallar baha başa gəldiyindən ondan əldə edilən gəlir də az olur. İqtisadçı jurnalist anbar komplekslərinə güzəştli elektrik enerjisinin verilməsini, həmçinin vergi yükünün azaldılmasını vacib sayıb: "Soyuducu anbar kompleksləri enerji tutumludurlar, onlar böyük həcmdə elektrik enerjisi istehlak edirlər. Elektrik enerjisi qiymətlərinin kommersiya qurumları üçün xeyli baha olması nəticədə icarə qiymətlərinin yüksək olmasına gətirib çıxardır. Soyuducu anbarlar kənd təsərrüfatına xidmət göstərmələrinə baxmayaraq belə sahələri işlədənlər aqrar sahə kimi bir sıra vergilərdən azad deyillər. Tez-tez belə bir fikir səsləndirilir ki, əgər soyuducu anbarlara elektrik enerjisi güzəştli qiymətlərlə satılarsa və onlar üçün vergi yükü azaldılarsa icarə qiymətləri də aşağı düşər. Bu isə iri sahibkarlarla yanaşı, fermerləri, kəndliləri də maraqlı edəcək ki, öz məhsullarını gətirib anbarlarda saxlasınlar".
Nigar ETİBAR
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir