- Siyasi müzakirə
- 30 May 19:29
- 3 291
“Putinin ‘sülh təklifi’ əslində kapitulyasiya sənədidir” – Elçin Xalidbəyli

“Rusiyanın Ukraynaya təqdim etdiyi sülh şərtləri əslində tamamilə absurd və məntiqsiz xarakter daşıyır. Moskvanın məqsədi sülh müqaviləsi adı altında Ukraynaya faktiki kapitulyasiya aktı imzalatmaqdır. İrəli sürülən şərtlər elə mahiyyət daşıyır ki, onların qəbul edilməsi Ukrayna dövlətçiliyi üçün ciddi təhdidlər yaradır. Bu şərtlərə əsasən, Ukrayna öz gələcəyi və təhlükəsizliyi ilə bağlı sərbəst qərar vermək imkanından məhrum edilir. Ən diqqətçəkən məqam odur ki, Rusiya Ukraynanın gələcək xarici siyasi kursuna, xüsusilə də NATO və Avropa İttifaqına inteqrasiya cəhdlərinə veto hüququ tələb edir. Bu isə müstəqil dövlətin suveren hüquqları baxımından qətiyyən qəbulolunmazdır. Belə bir tələbin reallaşması Ukraynanın beynəlxalq hüquqa əsaslanan suverenlik prinsipinə ziddir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, “Reuters” yazır ki, Putin sülhə hazırdır, lakin NATO-nun genişlənməməsi və Ukraynanın neytral statusu kimi şərtlərlə. Kreml həmçinin Donetsk, Luqansk, Zaporojye və Xersonun tam nəzarətini, bəzi sanksiyaların ləğvini və rusdilli əhalinin müdafiəsini tələb edir. Rusiya iyunun 2-də İstanbulda danışıqlar raundu təklif edib.
Siyasi şərhçinin fikrincə, əgər bu çərçivədə hər hansı sənəd imzalanarsa və bu sənəd Ukraynanın ərazi bütövlüyünün pozulması şəraitində gerçəkləşərsə, həmin sənəd faktiki olaraq Ukraynanın kapitulyasiyası kimi dəyərləndirilə bilər.
“Lakin Kreml bununla kifayətlənmir. Eyni zamanda Qərb dövlətlərinə də faktiki şəkildə kapitulyasiya şərtləri irəli sürür. Rusiya tələb edir ki, NATO şərqə doğru genişlənməsin, Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr alyansa qəbul olunmasın, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv edilsin. Bu yanaşma Qərbin strateji maraqlarına və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir. Üstəlik, Qərbdən yazılı təminatlar tələb etmək Moskvanın təkcə siyasi ambisiyalarını deyil, həm də Qərbi nüfuzdan salmaq məqsədini ortaya qoyur. Böyük ehtimalla, bu cür tələblər Qərb paytaxtlarında ciddi qəbul edilməyəcək və Rusiya ilə “sülh danışıqları” adı altında aparılan bu proses manipulyativ diplomatik manevr kimi dəyərləndiriləcək. Kreml hələ də ümid edir ki, Qərb Rusiyanın nüvə silahı potensialından və aqressiv ritorikasından çəkinərək Ukrayna böhranının Moskvanın şərtləri çərçivəsində həllinə razılıq verəcək. Halbuki, ədalətli sülhün yeganə yolu Rusiyanın işğal etdiyi bütün Ukrayna ərazilərindən dərhal və qeyd-şərtsiz şəkildə çıxmasıdır”.
Siyasi şərhçi əlavə edib ki, Rusiya hərbi münaqişənin ‘ilkin səbəblərinin aradan qaldırılması’ tələbini irəli sürsə də, əslində həmin səbəblər məhz Kremlin Ukraynaya qarşı başladığı işğalçılıq siyasəti ilə birbaşa əlaqəlidir:
“Bu səbəblərin aradan qaldırılması yalnız işğalçı qüvvələrin Ukraynadan çıxarılması ilə mümkündür. Beləliklə, Rusiyanın həm Ukraynaya, həm də Qərbə təqdim etdiyi birtərəfli tələblər heç bir real öhdəlik götürmədən yalnız öz maraqlarının təmininə yönəlib. Bu isə sülh prosesi adı altında aparılan təkliflərin qeyri-real və müasir beynəlxalq nizamla uzlaşmayan bir yanaşma olduğunu göstərir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az