Azərbaycan orbitə daha iki peyk buraxacaq

"Azərkosmos" Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azərspace-1" peykini orbitə buraxmağa hazırlaşdığı bir vaxtda artıq ikinci peyk layihəsi üzərində işləyir. Bu barədə məlumatı AzNews.az-a "Azərkosmos" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli verib.

Qurum rəsmisinin sözlərinə görə, 2015-ci ildə aşağıorbitli peykin orbitə buraxılması nəzərdə tutulur. Bu peyk üzrə keçirilmiş tender üzrə dəyərləndirmələr və hökümətdaxili prosedurlar üzrə razılaşdırmalar hazırda davam edir.

Ancaq bu da son deyil. Sonrakı illərdə "Azərkosmos" ikinci telekommunikasiya peykinin orbitə buraxılmasını planlaşdırır: "İndiki mərhələdə orbital mövqelərin koordinasiyası və peykin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üzərində iş aparılır. Hazırda yeni orbital mövqelərin əldə edilməsi istiqamətində müzakirələr aparılır və ən optimal orbital mövqenin əldə edilməsi üçün səylər davam etdirilir. Yalnız optimal orbital mövqe barədə yekun nəticəyə gəlindikdə peyk üzrə satınalma prosedurlarına və digər işlərə başlanıla bilər".

Bununla yanaşı, "Azərkosmos" ASC Azərbaycanda yerüstü universal peyk stansiyasının yaradılması ilə bağlı işlərə başlayıb: "Ölkəmizdə universal yerüstü stansiyanın qurulması digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərindən təsvirlərin online rejimdə qəbulunu əhatə edir. Bununla əlaqədar, "Azərkosmos" ASC universal yerüstü stansiyanın və müxtəlif peyklərdən peyk təsvirlərinin əldə edilməsi xidmətlərinin satınalınması üzrə açıq tender elan edib".

Qeyd edək ki, ilk peykin orbitə 2013-cü ilin fevralında buraxılması nəzərdə tutulur.

Elnarə Əlosmanqızı
AzNews.az