Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına (QHT) müraciət edib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, "Mühasibat uçotu haqqında" qanunun 13.2-ci maddəsinə uyğun olaraq QHT-lər maliyyə hesabatlarını QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir.

"QHT-lər (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən, QHT-lər tərəfindən illik maliyyə hesabatının hər il aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Sözügedən qanunun icrasının təmin olunması məqsədi ilə Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "QHT-lərin illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda QHT-lər tərəfindən illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi üzrə prosedura qaydası müəyyən edilib.

Bundan başqa, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 2.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin ölkə ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur.

"Qeyd olunan qanunvericilik aktlarının tələblərinin təmin edilməsi məqsədi ilə illik maliyyə hesabatlarını təqdim etməli olan QHT-lərin, o cümlədən xarici QHT-lərin filial və nümayəndəliklərinin nəzərinə çatdırırıq ki, göstərilən müddət ərzində illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim olunmalıdır", - deyə Nazirlikdən bildirilib.

AzNews.az