AMB "Bloomberg" platformasından istifadəni genişləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta və depozit hərraclarını Bloomberg hərrac platforması vasitəsilə həyata keçirir.

AzNews.az AMB-yə istinadən xəbər verir ki, özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən "Bloomberg" hərrac platforması hazırda tənzimləyici tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.

Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilib. Belə ki, "Bloomberg" hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və REPO əməliyyatların aparılmasını dəstəkləyirdisə, AMB-nin təşəbbüsü ilə platformaya valyuta ("spot" və "forvard") və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilib.

Qeyd edək ki, "Bloomberg"in çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına AMB-nin hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, REPO və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə "Bloomberg"in FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. "Blomberg" Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem "Bloomberg"in statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funkionallıqlarına tam inteqrasiya olunub.

AzNews.az