- Siyasi müzakirə
- 19:48
- 1 937
“ABŞ-nin İranın şərtlərini qəbul etməsi real görünmür” – Həşim Səhrablı
"ABŞ-nin hazırda İranın şərtlərini qəbul edəcəyini gözləmək real deyil. Əgər belə bir niyyəti olsaydı, niyə əvvəlcədən zərbələr endirərdi və beynəlxalq arenadakı onsuz da mürəkkəb vəziyyətini daha da çətinləşdirərdi. Bundan əlavə, ABŞ iqtisadiyyatı və hərbi texniki bazası ciddi itkilər yaşamışdır, yaxın Şərqdəki müttəfiqləri isə enerji və digər infrastruktur obyektlərinə dəymiş zərərlə qarşılaşıb. Bu, ABŞ-a olan etimadı müəyyən qədər sarsıdır və gələcək dominantlığına təsir göstərə bilər. Buna baxmayaraq, ABŞ bu qədər riskləri gözdən keçirmişkən, öz əsas hədəflərindən geri çəkilməyəcək və onları həyata keçirməyə çalışacaq. Buna baxmayaraq, ABŞ-nin gördüyü zərbələrin miqyası İranın qarşılaşdığı itkilərlə müqayisədə daha azdır. İran daha çox zərbə alıb, itkilər verib və Ali dini liderini itirib; eyni zamanda iqtisadi çətinliklər onsuz da ölkədə geniş vüsət almışdı. Müharibə şəraiti davam etdiyi üçün bu təsirlər indi tam görünməsə də, zamanla İranın iqtisadiyyatına daha bariz şəkildə təsir edəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, İran atəşkəsin bağlanması üçün ABŞ-dən xüsusi zəmanətlər istəyir. Rəsmi Tehran isə digər ölkələrin təqdim etdiyi atəşkəs təkliflərini qəbul etməyib. Tehran Vaşinqtondan həm gələcəkdə İran ərazisinə hərbi müdaxilə etməyəcəyinə dair öhdəlik götürməsini, həm də təzminat ödəməyi, həmçinin ölkənin nüvə enerjisi obyektlərində yanacaq dövriyyəsinin tam təmin olunmasına dair razılıq verməsini tələb edir.
Siyasi şərhçi bildirib ki, bu reallıqlar nəzərə alındıqda, ABŞ İranın üstün şərtlərini qəbul etməyəcək.
"Lakin gələcəkdə İran ABŞ-nin qoyduğu şərtləri qəbul edərək müəyyən güzəştlər istəyə bilər. Diplomatik kompromis vasitəsilə ABŞ da İranı razı salmaq üçün bəzi güzəştlərə getmək məcburiyyətində qala bilər. Amma bu, İranın “biz sona qədər mübarizə aparacağıq, istədiyimiz olacaq və ABŞ bizim şərtlərimizi qəbul etməlidir” mövqeyi ilə eyni deyil. ABŞ yalnız qarşılıqlı güzəştlər əsasında razılığa gedəcək. Hazırda isə İran da onsuz da belə bir yanaşma ilə hərəkət edir və buna görə zərbələr endirilməyə başlanmışdı. Diplomatik həll yoluna qayıtmaq üçün hər iki tərəf artıq gecikib. Əgər zərbələrdən əvvəl tərəflər ağlı başında davranıb ortaq maraqlar əsasında razılığa gəlmiş olsaydı, real sivil razılaşma əldə etmək mümkün olardı. İndi isə iş artıq irəliləyib: İsrail İrana zərbələr endirir, İran isə yalnız hərbi obyektləri deyil, regiondakı sivil və qeyri-sivil hədəfləri də vura bilir. Bu vəziyyət diplomatik həllin çətinləşdiyini göstərir. Gələcəkdə diplomatik həllin mümkünlüyü yalnız bir tərəfin hərbi imkanları məhdudlaşdıqda ortaya çıxa bilər. Hərbi qüvvələrinin tükənməsi tərəfi diplomatik danışıqlara yönəldəcək, müəyyən güzəştlərlə tam məğlubiyyətdən qaçmaq imkanı yaradacaq. Bu, həm ABŞ, həm də İran üçün eyni dərəcədə keçərlidir. Hazırda hər iki tərəf uzunmüddətli hazırlıq üzərində dayanır. Zərbələrin nəticələri bir gün və ya iki günə dəyişməyəcək. İlk tükənən tərəf diplomatik danışıqları təklif edəcək, üstün tərəf isə bu təklifə müsbət yanaşa bilər. Üstün tərəfin də qüvvələri uzun müddət ərzində risk altında olacaq, eyni zamanda təklif qarşı tərəfin şərtlərini qəbul etməsinə imkan yaradacaq. Beləliklə, diplomatik həll yalnız hər iki tərəfin müəyyən dərəcədə mövqeyini dəyişdirdiyi vəziyyətdə mümkündür".
Rəfiqə Namazəliyeva,
AzNews.az