Argentinada deputatın burnunu sındırdılar

Argentinanın Tukuman əyalətində sel bölgəsinə yardım aparan deputat Federiko Pelli hücuma məruz qalıb.

Məlumata görə, La Libertad Avanza Partiyasından deputat Federiko Pelli sel fəlakətindən zərər çəkənlərə yardım çatdırmaq üçün La Madrid qəsəbəsinə gedərkən insident baş verib.

“Infobae”nin xəbərinə əsasən, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisənin qısa sözlü mübahisədən sonra başladığı görünür.

Baş zərbəsi ilə burnu qırıldı

Bölgəyə gələn Pelli hücum edən şəxslə qarşılaşmadan əvvəl “Sən kimsən ki, məni burdan keçməyə qoymayasan?” deyə etiraz edib.

Bundan sonra hücum edən şəxs deputatın qəsəbəyə girişini əngəlləməyə çalışıb və ona güclü baş zərbəsi endirib. Zərbə nəticəsində Federiko Pellinin burnunun sındığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövsüm,

AzNews.az