İran “Şahdəniz” yatağına zərbə endirərsə...


Elxan Şahinoğlu

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun ötən həftə "Qərb İrana qarşı müharibəyə başlasa, qonşu dövlət Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağını vura bilər" açıqlaması böyük səs-küyə səbəb oldu. "İran "Şahdəniz" və ya digər yatağımızı hədəf ala bilərmi" sualına biz də cavab tapmağa çalışaq.
Birincisi, Elşad Nəsirovun bu açıqlamasının hansı auditoriyaya və hansı zamanda verdiyinə diqqət yetirmək lazımdır. Ötən həftə Avronest-in (Avropa Birliyi ilə Şərq Tərəfdaşlıq Proqramında iştirak edən dövlətlərin ortaq Parlament Assambleyası) Bakıda növbəti toplantısıydı və ARDNŞ rəsmisi də məhz onlarla görüşdə İran təhlükəsi haqqında söz açdı. Böyük ehtimalla Rəşad Nəsirov bu açıqlamasıyla avropalı deputatlara izah etməyə çalışıb ki, İran kimi qonşusundan müdafiə məsələsində Azərbaycanın Qərbin dəstəyinə ehtiyacı var. Digər tərəfdən bu il Azərbaycanda prezident seçkisidir və qonşu dövlətlərin Azərbaycandakı daxili duruma təsir etmək imkanları təhlükəsi var. Odur ki, rəsmi Bakı indidən mesaj yollayır ki, Qərb Azərbaycanın daxili sabitliyinin pozulmasında maraqlı olmasın, əks halda Tehran və ya Moskvanın "planları" işə düşə bilər.
Buna baxmayaraq, konkret olaraq məhz "Şahdəniz" yatağının hədəf alınmasının məntiqi azdır. Çünki, elə həmin Elşad Nəsirovun sözlərinə görə, İranın dövlət şirkətinin "Şahdəniz" yatağında payı var. Odur ki, sual olunur: İran özünün də payı olduğu yatağa hansı məntiqlə zərbə endirə bilər?
Buna baxmayaraq, Tehranın "Şahdəniz" yatağına zərbə vuracağını ehtimal etsək belə, bunun Azərbaycandan çox İranın özünə ciddi problemlər yarada bilər. Belə bir zərbə və ümumiyyətlə Azərbaycanın hədəf götürülməsi İranın dövlət olaraq sonunu bir az daha yaxınlaşdırar.
Birincisi, ehtimal edilən zərbədən sonra Qərb bölgədə enerji maraqlarını qorumaq məqsədilə Bakıya hərtərəfli dəstək verəcək, Azərbaycana qoşun hissələrini yeridəcək ki, NATO qüvvələri və həbri bazaları İranın qonşuluğunda yerləşdiriləcək. Bunun İran üçün nə demək olduğunu anlamaq elə də çətin deyil. İranın Azərbaycana qarşı həmləsindən sonra müdafiə məqsədilə ölkəmizdə yerləşdiriləcək silahlı qüvvələr hələ xeyli müddət İrana qonşu olacaqlar. Əgər bu gün NATO Türkiyəni Suriyanın mümkün zərbələrindən qorumaq üçün üzv dövlətinə Patriot raketlərini yerləşdirirsə, oxşar addımı Azərbaycan üçün də atar. Doğrudur, Azərbaycan NATO-nun üzvü deyil və Şimali Atlantika Blokunun qeyri-üzv ölkəyə hərbi yardımla bağlı məsuliyyəti yoxdur. Ona qalsa, Əfqanıstanın da NATO-ya aidiyyatı yoxdur, ancaq bu gün bu ölkədə Şimali Blokunun qoşunları yerləşib. Azərbaycan NATO-nun tərəfdaşı və enerji resurslarının dünya bazarlarına çatdırılmasında bölgənin açar dövlətidir. Odur ki, NATO Azərbaycanın İran qarşısında hədələrində seyrçi qalmayacaq. NATO-nu Azərbaycanı fəal surətdə müdafiəyə məcbur edən səbəblərdən biri də "Şahdəniz" və digər yataqlarda Qərbin böyük şirkətlərinin payı olmasıdır.
İkincisi, İran azərbaycanlıları soydaşlarına qarşı raket zərbələrinə seyrçi qalmayacaqlar və Tehran bu addımı ilə ölkədaxili gərginliyi artıracaq. İranda yaşayan fəal azərbaycanlılar onsuz da qaynayır və milli özünüdərk uğrunda mübarizələrini genişləndirirlər. Belə bir ərəfədə də Tehranın anti-Azərbaycan "hərbi kampaniyası" onun özünə qarşı çevrilə bilər.
Əksinə, Azərbaycan torpaqlarını işğal edən Ermənistanla sıx əlaqələr quran Tehran "Şahdəniz"dən öncə xarici siyasətinə göz gəzdirmək məcburiyyətində qala bilər. Ermənistanın Azərbaycan torpaqları üzərindən İranla rahat əlaqələr qurmasına, dəmir yolu və qaz boru xətlərinin çəkilişinə, o cümlədən İrəvanın Təbrizdə konsulluq açması istəyinə qarşı bir gün güneyli soydaşlarımızın fəaliyyətini genişləndiricəyi ehtimalını da Tehran nəzərdən qaçırmamalıdır...